Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq Azərbaycan Prezidenti

Bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri önündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib.

Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi.

Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.

Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.

Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə