Prezidentin Şuşaya səfəri Zəfər səfəridir - MÖVQE ÖZƏL

"Cənab Prezidentin bu gün Şuşaya səfəri xüsusi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqı üçün çox əziz, müqəddəs bir şəhərdir və cənab Prezidentimizin Şuşaya səfəri qalibin öz azad etdiyi şəhərə olan səfəridir. Bunu zəfər səfəri adlandırmaq olar". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu gün işğaldan azad olunan torpaqlarda bərpa-quruculuq işləri davam edir: "İlk növbədə qeyd etməliyəm ki, bu məsələdə əsas yük Azərbaycanın özündə olacaq. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda abadlıq işləri aparması üçün kifayət qədər imkanları var. Bununla belə bu işdə Azərbaycana dəstək olmaq istəyən, həmin ərazilərə investisiya qoymaq istəyən ölkələr üçün Azərbaycanın qapıları açıqdır. İlk növbədə Vətən müharibəsində Azərbaycanın yanında olan ölkələrin dostluq və qardaşlığını Azərbaycan xalqı heç zaman unutmayacaq. Türkiyə həmişə Azərbaycanın haqq işini dəstəkləyib. Bu məsələdə dünya birliyində böyük nüfuzu olan İtaliya da özünün sivil və ədalətsevər mövqeyini ortaya qoyub".

A.Mirzəzadə vurğulayıb ki, İtaliya senatorlarının müharibə dövründə Azərbaycana səfər etməsi də heç vaxt unudulmayacaq: "Bu baxımdan İtaliya şirkətləri üçün də Azərbaycan iqtisadiyyatının qapıları açıqdır. Eyni zamanda digər ölkələrdən də təkliflər var və bu təkliflər öyrənilir. Vaxtaşırı bu məsələlər barəsində məlumat veriləcək. Bütün bunlar bir daha göstərir ki, dünya siyasətində məsələlərə ikili standartlarla yanaşmaq olmaz. Gündəlik proseslərdə beynəlxalq hüququ, ədaləti, həqiqəti əsas tutmaq lazımdır və bu məsələdə dünyanın bir çox dövlətləri Azərbaycanla həmrəy oldular. Həmin dövlətlərdən işğaldan azad olunmuş torpaqlarda investiya qoymaq istəyənlər olacaqsa, Azərbaycan onlar üçün böyük şərait yaradacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə