Amnesty International-ın hesabatı yayıldı

Amnesty International-ın hesabatı yayıldı

Amnesty International insan haqları təşkilatı Dağlıq Qarabağda sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsi barədə özünün ənənəvi hesabatını yayıb. SİA həmin hesabatı olduğu kimi, yəni üslubuna toxunmadan dərc edir. Düşünürük ki, siyasi ekspertlər bu barədə öz sözlərini deyəcəklər.

Amnesty International insan haqları təşkilatının Dağlıq Qarabağda gedən müharibə barədə hesabatı:

Cəbhənin hər iki tərəfində çalışan mütəxəssislərin rəyləri göstərir ki, "qanunlar və müharibə adətləri” həm Ermənistan, həm də Azərbaycan silahlı qüvvələri tərəfindən pozulub, baxmayaraq ki, özləri günahlarını boynuna almırlar, məsuliyyətin qarşı tərəfdə olduğunu deməyi üstün tuturlar.

Amnesty International-ın bu gün yayımladığı hesabat “Atəş xəttində: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ölən mülki şəxslər” adlanır. Hesabatda Ermənistan və Azərbaycan silahlı qüvvələri qüvvələri tərəfindən atəşə tutulan və mülki əhali arasında itkilərlə nəticələnən 17 artilleriya və raket hücumları təhlil edilib. Cəbhənin hər iki tərəfində çalışan mütəxəssislər qarşıdurmaların 44 günündə ən azı 146 mülki şəxsin, o cümlədən uşaq və qocaların öldürüldüyünü qeydə alıblar.

Sənədin birinci hissəsi Azərbaycan tərəfinin itkilərinə həsr edilib. Konkret olaraq - Gəncə və Bərdə şəhərlərində, eləcə də Qaşaltı kəndində baş verən raket hücumu. Amnesty International-ın əməkdaşları 11 və 17 oktyabr tarixlərində Gəncəyə edilən raket hücumları ilə əlaqədar şahidlərlə danışıblar. Elbrus raketlərinin partlayışı o qədər güclü olub ki, zərbə zonasından kifayət qədər uzaq məsafədə yaşayan insanlar belə ziyan çəkiblər. “Qızlarım 13 və 18 yaşındadır, qayınanam və mən hamımız raket zərbəsindən sonra qırılan pəncərə şüşələrindən zərər çəkmişik. Qızlarım hələ də müalicə alırlar və ən kiçiyi o qədər beyin zərbəsi alıb ki, yata bilmir və fikrini səlis ifadə edə bilmir", bunu partlayış mərkəzindən iki küçə uzaqda yaşayan Yeganə Seidzadə hüquq müdafiəçilərinə deyib.

Məruzə müəllifləri atəşdən altı həftə sonra zədələnmiş evləri ziyarət etdiklərini və əksəriyyətində heç kimin yaşamadığını qeyd ediblər.

Xatırladaq ki, Ermənistan hakimiyyəti Gəncəyə atılan hər iki raketin onlara məxsus olduğunu və bu partlayışlarda əli olduğunu rədd edir.

Hüquq müdafiəçiləri cəbhəyə daha yaxın olan Bərdəyə Ermənistan tərəfdən atılan Smerç tipli kasetli raket partlayışının nəticələri ilə tanış olmaq üçün ora gediblər. Azərbaycan səlahiyyətlilərinə görə, 28 oktyabrda şəhərin mərkəzindəki meydana düşən raket zərbəsinin qurbanları Gəncədən daha çox olub - 21 nəfər. “Ermənistanın 2008-ci il kasetli bombaların istifadəsini məhdudlaşdıran Konvensiyaya qoşulmayıb, buna baxmayaraq beynəlxalq humanitar hüququn əsas prinsiplərinə əməl etmək məcburiyyətindədir”, hesabatda deyilir.

Hesabatın ikinci hissəsində özünü "Dağlıq Qarabağ Respublikası" elan edən tanınmamış qurumun paytaxt Stepanakertdə (Xankəndi) ermənilərə qarşı çoxlu silahlardan da istifadə edildiyi barədə qeydlər var. “Hərbi kazarmalar və qanuni hədəf ola biləcək digər obyektlər Stepanakertin mərkəzində, yaşayış binaları və dükanların arasında yerləşir və bu da mülki insanları risk altına alır” deyən hesabatda deyilir: “Bununla belə, Azərbaycan hakimiyyəti mülki şəxslərin zərər görəcəyini tam anlamalı, 4 oktyabrda şəhərə Qrad raketləri və beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan istifadə edərək zərbələr endirilməsi nəticəsində insan itkisinin olacağını gözə almalı idi. Bu cür ayrı-seçkilik olmadan edilən hücumlar beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozur”.

“Müharibənin əvvəlindən valideynlərim digər sakinlərlə birlikdə evin zirzəmisindəki sığınacaqda qalırdılar. Hamamdan, tualetdən və mətbəxdən istifadə etmək üçün vaxtaşırı mənzilə qalxırdılar. O səhər həyətdə bir raket partladığında atam yenicə yuxarı qalxmışdı və eyvanda dayanmışdı. O, yerindəcə öldü və mənzilin böyük bir hissəsi dağıldı”, deyə Stepanakert sakini Nver Lalayan hüquq müdafiəçilərinə bildirib.

Atası ilə birlikdə o gün daha üç mülki şəxs ölüb, on nəfər yaralanıb.

"Hər iki tərəfin səlahiyyətliləri baş verənlərə dair açıq sübutlara baxmayaraq, əhalinin sıx olduğu bölgələrin atəşə tutulmasını və kasetli bombalardan istifadə edilməsini rədd etdilər", -deyə sənəddə deyilir.

Beynəlxalq Amnistiya Təşkilatının münaqişə tərəflərinə verdiyi tövsiyələrdə “beynəlxalq hüquq pozuntularının bütün qurbanlarına tam və təcili kompensasiyalar” və “gələcəkdə baş verəcək hərbi əməliyyatda qadağan olunmuş silahlardan istifadə etməmək” barədə maddələr var. Qeyd edən ki, keçmiş sovet respublikaları arasında Litva və Moldovadan başqa heç bir dövlət bu konvensiyaya qoşulmayıb.

Amnesty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Mari Strazers xüsusi olaraq qeyd edib ki, Ermənistan və Azərbaycan səlahiyyətliləri təcili olaraq ağır nəticələrə səbəb olmuş hadisələrin araşdırılması ilə ciddi məşğul olmalı və günahkarların qanun qarşısında cavab vermələrini təmin etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə