"Bu, Ermənistanın növbəti biabırçı məğlubiyyəti oldu" Vazgen Manukyan

"Moskvada baş tutan danışıqlar, əslində Ermənistan üçün növbəti biabırçı məğlubiyyət oldu". SİA Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri müxalif “Vətənin Xilası Hərəkatı”ndan baş nazirliyə vahid namizəd Vazgen Manukyan 11 yanvarda Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Moskvada keçirdiyi görüş barədə açıqlama verərkən söyləyib.

Xatırladaq ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan, yanvarın 11-də Moskvada dörd saatlıq danışıqların ardından bölgəni inkişaf etdirmək və kommunikasiyaların blokdan çıxarmaq məqsədi ilə ortaq bir bəyanat imzalayıblar. Eyni zamanda, Paşinyanın dediyi kimi, əsir məsələsi həll edilə bilməyib.

"Vətənin Xilası Hərəkatı"-nın Facebook səhifəsində Vazgen Manukyanın bəyanatının tam mətni yerləşdirilib. SİA bu mətni oxucularına təqdim edir.

“Moskvadakı üçtərəfli görüş başa çatdı, bu da ictimai və siyasi dairələrdə ciddi narahatlıq və narazılıq yaratdı. Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi, məhbus məsələsində də hərəkətsiz qaldı. Azərbaycan bir daha nə üçün gəldiyini təsdiqlədi. Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyət idi. 9 noyabr tarixli sənəd ilə Azərbaycan çox şey əldə etdi. Bütün bunlar Nikol Paşinyanın hərəkətsizliyi və köməyi sayəsində oldu. 11 yanvar tarixində Moskvada İlham Əliyev Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik olan 9-cu bəndi təsdiqlədi. İqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarıldı. Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verməli oldu. Şübhə yoxdur ki, Paşinyanın baş nazirliyi altında bu bəndin icrası ilə bağlı əlavə danışıqların nəticələri yalnız Azərbaycan üçün tamamilə qənaətbəxş olacaqdır. Ermənistan 11 yanvar görüşündən nə əldə edə bilər? Münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şey qeydə alınmadı, bu da böyük məğlubiyyət idi. Əlbətdə ki, məhkumlarla bağlı məsələ açıq şəkildə qaldırılmalı və həll edilməli idi. 11 yanvar tarixli üçtərəfli görüş və ortaq bəyanat, Nikol Paşinyanın Ermənistanın və erməni xalqının maraqlarını təmin edə bilmədiyi yanaşmamızı bir daha təsdiqlədi. Məğlubiyyət simvolu getməlidir, əks halda itkilərimiz və alçalmağımız davam edəcək".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə