Moskva bəyanatı münasibətlərin sağlam formalaşması üçün qiymətlidir - ŞƏRH ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Moskvada imzalanmış üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, mənafelərinə uyğundur və münaqişədən sonrakı dövrün strateji hədəflərini müəyyən etməklə bilavasitə sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, bu bəyanat 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın davamı olmaqla, əsasən yol-nəqliyyat infrastrukturunun bərpa edilməsini nəzərdə tutur ki, bu da nəinki bəyanatı imzalamış 3 dövlət üçün, eləcə də qonşu dövlətlər üçün də çox böyük əhəmiyyətə malik olduğunu göstərir: "Bu bəyanat həmçinin regionda iqtisadiyyatın inkişafı ilə bərabər, həm də qarşılıqlı etimadın, əməkdaşlığın və dostluğun yaradılması üçün çox vacibdir. Yol-nəqliyyat infrastrukturunun bərpa edilməsi ilə əlaqədar işçi qrupunun yaradılması deməyə əsas verir ki, hər üç dövlət bu məsələnin həllində yekdildir və problemlərin aradan qaldırılması sahəsində əsaslı tədbir görüləcəkdir".

T.Rzayev vurğulayıb ki, Azərbaycanla Naxçıvanı birləşdirən dəmiryol və avtomobil yolunun təmir edilməsi Respublikamızın gələcək inkişafı üçün xüsusilə önəmlidir: "Dövlətimizin başçısı cənab İlham Əliyevin "Münaqişə tarixdə qaldı" fikirlərinə əsaslanaraq deyə bilərik ki, 3 dövlət başçılarının imzaladıqları bu bəyanat həqiqətən də regionda sülhün və təhülkəsizliyin təmin olunması və xalqlararası münasibətlərin sağlam ruhda formalaşması üçün qiymətlidir. Çünki bu sənəddə söhbət münaqişənin aradan qaldırılmasından, müharibənin dayandırılmasından deyil, region dövlətlərinin iqtisadi-mədəni inkişafı üçün çox vacib olan yol-nəqliyyat infrastrukturunun bərpa edilməsindən və insanların xoşbəxt gələcəyindən gedir. Əlbəttə ki, bu bəyanat hər 3 dövlətin mənafelərinə uyğundur və sözsüz ki, bu məsələlərin həlli Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...