İnformasiya müharibəsi: Virtual cəbhədə necə qalib gəlinir? - ANALİZ
Dünya mediasında və sosial şəbəkələrdə erməni dezinformasiya və təxribat kampaniyalarına qarşı mübarizədə hansı vəziyyətdəyik?
İnformasiya texnologiyalarının sürətli inkişafı dünyadakı bütün ictimai-siyasi proseslərin axarını dəyişdi. Məlumat axını, təbliğat prosesi virtual müstəviyə keçdi. Bu vəziyyətdə dünya informasiya məkanında təsir imkanı uğrunda dövlətlərin, şirkətlərin, təşkilatların mübarizəsi qızışır. Bu məkan həm siyasi, həm iqtisadi, həm də digər maraqların qorunması üçün əsas platforma kimi qəbul olunur. Azərbaycanın da məlum səbəblərdən qlobal informasiya məkanına, dünya ictimaiyyətinə təsir və təbliğat vasitələrinə böyük ehtiyacı var. Bəs bu məkandan necə bəhrələnə bilirik, hansı nailiyyətlər, hansı problemlər var?
İnformasiya müharibəsində necə qalib gəldik?
Məlum olduğu kimi, Qafqaza gəldiklərindən bəri keçən bütün müddətdə ermənilər təbliğatın bütün formalarından maksimum bəhrələnməklə xalqımıza və dövlətimizə qarşı ləkələmə kampaniyası təşkil edib və beynəlxalq ictimaiyyətdə özlərinə qarşı müsbət fikir formalaşdırmağa çalışıblar. Hazırda isə bu işi vitual məkanda davam etdirirlər - Azərbaycanlı, rus, ingilis, türk... adları ilə açdıqları hesablarla dezinformasiya və əks-təbliğat kampaniyası aparırlar.
Uzun müddətdir ki, informasiya və təbliğat mübarizəsində ermənilərin üstünlüyü müşahidə olunur və biz bu sahədə uduzurduq. Lakin keçən ildən etibarən bu sahədə vəziyyət dəyişdi. Vətən müharibəsində təkcə ölkəmizdə yox, bütün dünyada yaşayan azərbaycanlılar milli liderimizin ətrafında dəmir yumruq kimi birləşdik- - əvvəlkindən daha mütəşəkkil, daha aktiv, daha “silahlanmış” formada döyüşdük və digər sahələrdə olduğu kimi bu sahədə də qələbəmizi təmin etdik- ilk dəfə informasiya-təbliğat müharibəsində zəfər çaldıq.
Bu mübarizədə ən böyük rolu Prezident İlham Əliyev oynadı. Xarici media verdiyi çoxsaylı müsahibələrində Azərbaycan lideri ermənilərin yüzilik təbliğatını darmadağın etdi və dünyaya həqiqətləri çatdırdı.
Cəbhədə gedən döyüşlərlə parar aparılan informasiya müharibəsində beynəlxalq dilləri bilən soydaşlarımız, eyni zamanda, ölkəmizdə hazırda yaşayan və vaxtilə yaşamış digər xalqların nümayəndələri- ruslar, ukraynalılar, yəhudilər və s. vacib rol oynadılar və böyük iş gördülər. Feysbuk, Kontakt, Tvitter, Yutub və s sosial şəbəkələrdə, Rusiya, Amerika və Avropa mediasında yayımlanan materialların forumlarında və sair resurslarda faktlar və çox sanballı arqumentlər əsasında erməni təbliğatının bütün təsirini puça çıxardılar və dünya ictimaiyyətində düzgün fikir formalaşdıra bildilər.
İnformasiya müharibəsində hansı səhvlərə yol veririk?
Bu mübarizədə savadlı, peşəkar işləyən şəxslərdən əlavə, ümumi işə töhfə verməyə çalışan, lakin siyasi savadsızlıqdan, qeyri-peşəkarlıqdan zərər vuranlar da var. Belə ki, bəzi materialların yayımlanması təbliğat işimizə heç də fayda vermir, əksinə zərər vurur. Bəs harda, nədə səhv edirik?
Məsələn, döyüşlərin qızğın çağında bəziləri yazırdılar ki, ordumuz Xankəndini dəhşətli bombardmana tutub, xeyli erməni qırılıb. Bu, əlbəttə, ermənilərin yaydığı saxta məlumatdır və məqsədi də məlumdur. Bizim sadəlövh şəbəkə istifadəçiləri isə bu məlumatı yayaraq bilməyərəkdən düşmənə xidmət edirdilər. Ermənilər də son çarə kimi bundan yapışıb bütün dünyaya dezinformasiya yayırdılar ki, Azərbaycan ordusu mülki əhalini, körpələri qırır. Halbuki, ordumuz sırf hərbi obyektlərə zərbə endirir və mülki əhaliyə toxunmurdu. Bunu döyüş zonasında işləyən xarici jurnalistlər də təsdiq etdi.
Azərbaycanlı adı ilə profil açmış ermənilər yazırdı ki, Türkiyə və Pakistan əsgərləri də bizim tərəfdən döyüşür, onların köməyi ilə erməni ordusunu məhv edəcəyik. Bizim sosial şəbəkə istifadəçiləri də bunun fərqinə varmayıb həmin məlumatı gen-bol paylaşırdılar. Erməni də xristian ölkələrinə bunu göstərib deyir ki, baxın, özləri etiraf edir, Azərbaycanın yanında müsəlman ölkələr döyüşür, siz də biz xristianlara kömək edin.
Ona görə də, mahiyyətini, mənbəyini bilmədiyimiz xəbərləri yaymamalıyıq. Ümumiyyətlə, xəbər yaymaq işi ilə jurnalistlər məşğul olur. İnformasiya müharibəsini də jurnalistlər, ictimai xadimlər, siyasətçilər, ziyalılar aparmalıdır. Qalanları öz sahələrində işləyib vətənə xeyir verə bilərlər.
Əgər proseslərin mahiyyətini, nəyi yazıb nəyi yazmamağı bilmiriksə, ən yaxşısı, bu işdən kənar durmalıyıq. Düşünülməmiş fəaliyyətimizlə ölkəyə, xalqa zərər vurmalı deyilik.
Bu işdə peşəkar olmayanlar üçün 10 qızıl qayda
1. Hərbi xarakterli materialları yalnız rəsmi mənbələrdən paylaşmaq olar. Naməlum məbələrdən yayılan foto və videomateriallarla ehtiyatlı olun- düşmən azərbaycanlı və sair xalqlara məxsus adlarla virtual dostluğunuzdadır.
2. Hansı məlumat daxili auditoriya üçündür, hansı xarici auditoriya üçün- bunu ayırd edə bilmiriksə, rəsmi məlumatlardan başqa heç nə yaymayın. Materiallarda real fotolardan, videolardan, xəritələrdən, infoqrafikalardan, sənədlərdən, nüfuzlu tarixçilərin, siyasətçilərin, alimlərin sitatlarından bəhrələnin.
3. Məqsədimiz dünyada Azərbaycana qarşı simpatiya formalaşdırmaqdır, “erməniləri qırırıq” deməklə antipatiya qazanmaq yox. Hədəfimiz erməni xalqını qırmaq deyil, Ermənistan ordusunu torpaqlarımızdan qovmaq, ərazi bütövlüyümüzü bərpa etmək idi.
4. Bu münaqişə dini zəmində deyil, xristian və ya müsəlman kontekstində nəsə yazmaq olmaz. Tam əksinə, göstərməliyik ki, biz multikultural ölkəyik, burada ermənilər də daxil xalqın və dinin nümayəndələri uzun əsrlərdir problemsiz yaşayır.
5. Ermənistan dünyada təkləndiyindən müxtəlif dezinformasiyalar yaymaqla qonşu ölkələri, xalqları bizimlə düşmən etməyə çalışır. Bu tələyə düşməməliyik. Bizim yeganə düşmənimiz Ermənistan dövləti və məqsədimiz onun ərazilərimizin işğalını, terrorunu və saxtakarlığını faktlarla ifşa etməkdir. Bunu söyüşlə yox, mədəni şəkildə və savadlı arqumentlərlə etdikdə nəticə verir.
6. Tarixi mövzularda ciddi və xarici mənbələrə istinad etmək lazımdır. “Filan Azərbaycan tarixçi alimi yazır” əvəzinə, “filan ingilis, rus, yunan... tarixçisi belə yazır” daha effektlidir. Deyiləni sübut edən tarixi sənədlərin və xəritələrin paylaşılması lazımdır.
7. Hər hansı bir material gördükdə mütləq onun ilk mənbəsini tələb edin. Başqa ölkədə çəkilmiş fotonu yayıb “ermənilər azərbaycanlıları belə öldürüblər” yazmaq zərər vurmaqdır. Videolar belə çox vaxt saxta olur, montaj texnologiyası da düşündüyümüzdən xeyli çox inkişaf edib.
8. Müqayisəli ifşaedici faktlar qoyun, məsələn, Azərbaycan əsgəri mülki erməniləri öldürmür, amma erməni ordusunun öldürdüyü xeyli mülki azərbaycanlı var, 50 milyonluq azərbaycanlıların bircə terror təşkilatı yoxdur, 10 milyonluq ermənilərin 10-dan artıq terror təşkilatı var, Azərbaycan multikultural, Ermənistan isə monoetnik ölkədir, Azərbaycanda bütün dinlərin məbədləri, hətta erməni kilsələri belə qorunur, Ermənistanda və onun işğal etdiyi ərazilərdə isə dini məbədlər dağıdılıb və s.
9. Siyasi müzakirələrdə BMT-nin, digər beynəlxalq təşkilatların qətnamələrinə istinad edin, sərhədlərin dəyişilməzliyi haqda beynəlxalq konvensiyanı və erməni xalqının öz müqəddaratını artıq təyin etdiyini xatırladın. Əks məntiqlə, Ermənistandan deportasiya edilmiş 220 min azərbaycanlının da orada öz müqəddəratını təyin etmək haqqının olduğunu qeyd edin.
10. Xüsusi vurğulamalıyıq- Biz sülh üçün, qan tökülməməsi üçün 30 il çalışdıq, ən böyük güzəştlərə hazır olduq, lakin Ermənistan hər dəfə sülh prosesini pozdu. Ona görə də, Azərbaycan BMT TŞ-nin qətnamələrini hərbi yolla praktiki icraya yönəltməyə məcbur oldu.
Medianın İnkişafı Agentliyi bu məsələyə də diqqət yetirməlidir
Azərbaycanın milli mənafeyini və dövlət maraqlarını ölkə Prezidenti öz çıxışlarında açıq deyir. Bundan kənara çıxmaq olmaz. Dövlət başçısının çıxışları, mövqeyi fəaliyyətimiz üçün əsas tezislərdir. Bu tezislərə zidd olan öz fikirlərimizi, öz yozumlarımızı həqiqət kimi qələmə verib mediada və sosial şəbəkələrdə yaymaq xalqa və dövlətə zərər verir. Əgər ölkəmiz, xalqımız üçün nəsə iş görmək istəyiriksə bütün məsələlərə yalnız dövlətimizin, xalqımızın maraqlarından yanaşmalıyıq. Ölkəmizdə olan “5-ci kolon”un əldə edilmiş böyük qələbəyə, tarixi nailiyyətə kölgə salmaq üçün ortaya atdığı cəfəngiyyatları yaymaq xalqa və dövlətə qarşı açıq düşmənçilikdir.
Ümumiyyətlə, problem təkcə sosial şəbəkələrdə deyil, bir sıra tanınmamış saytlarda da dezinformasiyalar, zərərli materiallar baş alıb gedirdi. Şübhə yoxdur ki, Prezidentin sərəncamı ilə yaradılmış Medianın İnkişafı Agentliyi mediamızdakı həlli vacib digər məsələlər kimi, bu məsələyə də ciddi diqqət yetirəcək. İnformasiya çirkliliyinin aradan qaldırılması hadisə və proseslər haqda cəmiyyətdə düzgün fikirlərin formalaşmasına kömək edəcək.
Müharibəni təkcə dövlət, ordu aparmır, bütün xalq aparır. Bu gün biz xalq və dövlət olaraq heç vaxt olmadığımız qədər birik, birgəyik- həm real cəbhədə, həm virtual cəbhədə. Xalqın birliyi dövlətin gücüdür. Zəfəri də Ali Baş Komandanın ətrafında vahid bir ordu kimi birləşən xalqımız qazandı. Nə qədər ki, bu birlik var, nə qədər ki, bu Dəmir Yumruq sıxılıb, Qələbə bizimlə olacaq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə " Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB