Rus qəzeti İlham Əliyevi danışıqların triumfatoru adlandırdı ANALİTİK+FOTOLAR
Kommersant: “Ermənilər inanırlar ki, danışıqlardakı uğursuzluğun günahkarı baş nazir Nikol Paşinyanın özüdür”
Rusiyanın Kommersant (Коммерсантъ) qəzeti “Ermənistan və Azərbaycan əlaqə sərhədlərini müəyyən etdi” sərlövhəli yazı ilə çıxış edib. Yazıda qeyd olunur ki, yanvarın 11-də Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli danışıqları diametral olaraq Bakı və İrəvanda əksinə qiymətləndirilib. Belə ki, görüşün nəticələrinə görə, regionda iqtisadi və nəqliyyat rabitəsinin blokadadan çıxarılması məsələsi Azərbaycanda səmərəli qəbul edilib. Ermənistanda isə müxalifət Nikol Paşinyanı iradəsizlikdə və növbəti dəfə mövqeləri təslim etməkdə günahlandırır. Belə ki, erməni ictimai rəyində birinci növbədə əsirlərin geri qaytarılması məsələsi dayanır. Lakin bunun yerinə danışıqlar masasında Azərbaycanın təkid etdiyi kimi iqtisadi gündəm müzakirə edilib.
“Hər iki marşrut sovetlər zamanında fəal şəkildə istifadə olunurdu, lakin Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra bu marşrutlar öz mövcudluqlarını dayandırdılar”
Kommersant yazır ki, danışıqlarda hər üç ölkənin baş nazirlərinin rəhbərliyi ilə işçi qrupunun yaradılması barədə razılığa gəlinib və bu qrup regiondakı bütün iqtisadi və nəqliyyat rabitələrini blokadadan çıxaracaq. SİTAT: “Söhbət iki mühüm istiqamətlərdən gedir. Birincisi, bu dəhliz Ermənistanın Sünik vilayətindən (Zəngəzur) Azərbaycanın əsas hissəsi olan anklav Naxçıvana doğru açılacaq dəhlizdir. İkincisi, İrəvandan yenə də Sünik vilayətinə Naxçıvandan keçən dəmir yoludur. Hər iki marşrut sovetlər zamanında fəal şəkildə istifadə olunurdu, lakin Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra bu marşrutlar öz mövcudluqlarını dayandırdılar”.
Məhz bu mənadan çıxış edən rus qəzeti sözügedən marşrutların əhəmiyyətini önə çəkir və Moskvadakı danışıqlar zamanı əldə edilən razılaşmanın hansı iqtisadi üstünlüklər verəcəyini göstərir.
“Gürcü-abxaz münaqişəsi nəticəsində Rusiyadan Gürcüstana hərəkət edən qatarlar hərəkətlərini dayandırdılar”
Nəşr həmin xüsusdan da maraqlı yanaşma edərək qeyd edir ki, göstərilən nəqliyyat yollarının bağlanması səbəbindən Rusiya da əziyyət çəkib və yalnız Qarabağ münaqişəsi deyil, regiondakı digər qarşıdurmalar da müxtəlif iqtisadi maneələrə səbəb olub. Belə ki, gürcü-abxaz münaqişəsi nəticəsində Rusiyadan Gürcüstana hərəkət edən qatarlar hərəkətlərini dayandırdı. Ermənistan isə özünün əsas müttəfiqi olan Rusiyaya ən etibarlı marşrutunu, Rusiya isə Türkiyə ilə əlaqələnən dəmir yollarını itirdi. SİTAT: “Nəticədə Ermənistanın dəmir yolları İrəvan-Tbilisi arasındakı kiçik məntəqəyə qədər de-fakto qısaldı, Rusiyadan gətirilən məhsullar isə yalnız Hərbi-Gürcüstan yolu ilə danışa bilər. Bu yol isə zaman-zaman hava şəraitinə görə bağlanır. Ermənistan üçün ciddi yardım onun iqtisadi əlaqələri üçün İranla idi, ancaq bu da geniş müstəvidə mümkün deyildi. Belə ki, ölkələri yalnız bir dağ yolu bağlayır”.
“Beləliklə, Moskvada imzalanmış sənəd teoretik olaraq hər üç tərəfi təmin etməlidir”, yazan Kommersant bunu belə izah edib: “Azərbaycana Naxçıvandan Türkiyəyə, Rusiyaya Türkiyəyə və Ermənistana, Ermənistana isə Rusiyaya və İrana yol lazımdır. Ancaq danışıqların triumfatoru kimi özünü yalnız İlham Əliyev hiss etdi. Lakin Nikol Paşinyan öz nitqində ilk növbədə Bakının Dağlıq Qarabağ statusunu müzakirə etmək istəməməsinin və hərbi əsirlərin taleləri yönündə əks mövqedə dayanmasının üzərinə konsentrə etdi. Nikol Paşinyanın pəjmürdə olmasını digər erməni siyasətçiləri də bölüşürlər. Onlar inanırlar ki, danışıqlardakı uğursuzluğun günahkarı baş nazirin özüdür.
Nəticə: Əks halda, Rusiyanın da qəzəbli təsiri erməni tərəfini, sözün əsl mənasında, çökdürə bilər
Lakin bütün bunlara rəğmən, fakt budur ki, əslində, nüfuzuna görə beynəlxalq media sahəsində kifayət qədər tanınan Rusiya nəşrinin Azərbaycan Prezidentini danışıqların triumfatoru kimi dəyərləndirməsi artıq qarşıda daha böyük iqtisadi proseslərin dayanmasından xəbər verir və bu proseslərin lokomotivi olaraq, məhz ölkəmizin perspektivlərini ortaya çıxarır. Daha dəqiq desək, hətta Ermənistan rəhbərliyi sonradan əldə edilən razılaşmalara əməl etməsə belə, bu, yalnız iqtisadi cəhətdən deyil, həmçinin siyasi cəhətdən onsuz da çıxılmaz durumda qalmış Ermənistanı ağır vəziyyətə doğru sürükləyə bilər. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün isə söz sahibinə çevrilmiş Azərbaycanın diktəsinə əməl etmək artıq Ermənistanın borcudur. Əks halda, Rusiyanın da təsiri erməni tərəfini, sözün əsl mənasında, çökdürə bilər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB