Armen Sarkisyan korona deyil, Livana Elton Conla kefə gedibmiş... ANALİTİK
Erməni mediası anti-Paşinyançı prezidenti də belə vurdu
Ermənistan prezidenti Armen Sarkisyanın “koronavirusa yoluxaraq özünütəcrid vəziyyətinə keçməsi” informasiyası ictimailəşdirildikdən sonra məlum oldu ki, demə o, Livana gedərək, orada İsa Məsihin mövlud bayramını keçirmək niyyətindədir. Özü də Britaniyanın erməni mənşəli milyarderi Vaşe Manukyanın şəxsi təyyarəsi onun xidmətində dayanıb. Üstəlik, Sarkisyanın iştirak edəcəyi bayrama cinsi azlıq nümayəndəsi kimi tanınan britaniyalı müğənni Elton Con da qatılacaq. Artıq erməni mediası bu haqda yazır, sosial şəbəkələrdə hiddətli rəylər qeyd edilir və s.
SİA xəbər verir ki, bu haqda Armenianreport da yazıb. Sözügedən məqalədə bildirilir ki, artıq Azərbaycan Prezidenti Qarabağda beynəlxalq aeroport tikmək üçün qərar verib ermənilərin prezidenti isə koronavirusa yoluxduğunu elan edir, ancaq sonradan məlum olur ki, o, Elton Conla təmtəraqlı istirahətdədir.
“Ermənistan prezidenti Armen Sarkisyan koronavirusa yoluxub və özünütəcrid vəziyyətdədir, “Armenpress” agentliyi xəbər verir. İnformasiyaya görə, Armen Sarkisyan yeni ili yanvarın 3-də ayağının əməliyyat olunduğu Londonda keçirib. Lakin prezidentdə koronavirus simptomları əmələ gəlib. Onun keçdiyi test isə müsbət nəticə göstərib”, deyə yazan Armenianreport “Dejavyu” telegram kanalına da istinad edib və oradakı məlumatı da xatırladıb. “Prezident varlı britaniyalı iş adamı Vaşe Manukyanın şəxsi təyyarəsində ölkəni tərk edib. Sarkisyan bayramı Vaçe Manukyanın Livanın məşhur Fakra turistik bölgəsində yerləşən villasında keçirəcək”, deyə qeyd edilən xəbərdə bildirilir ki, mövlud bayramını onlarla bir yerdə Elton Con da keçirmək niyyətindədir: “Məşhur müğənni Elton Con da onlarla öz istirahətini keçirəcək. Ermənistan prezidentinin Elton Conun əhatə dairəsində mövlud bayramı ilə bağlı Livana getməsi xəbəri ictimaiyyətdən ciddi şəkildə qorunur və sirr saxlanılır”, “Dejavyu” yazıb.
“Bizim prezidentin siyasi orientasiyasında yeni spekulyasiyalar arzuolunan deyil”
Beləliklə, adıçəkilən sayt yazır ki, bu informasiya sirr olaraq saxlanılır. SİTAT: “Bəllidir nəyə görə. Bizim prezidentin siyasi orientasiyasında yeni spekulyasiyalar arzuolunan deyil. Həm də ümumiyyətlə, belə olanda onun koronavirusa yoluxmasını xəbər vermək daha asandır. Bu, ona hesablanıb ki, prezidenti heç kim yoxlamayacaq, eyni zamanda, yayındırmaq məsələsi də kifayət qədər işgüzar alınıb. Burada yalanın kimin tərəfindən işlədilməsi də əhəmiyyətli deyil. Ona görə ki, dünyanın müxtəlif ölkələrinin prezidentlərinin təcrübəsindən bəllidir ki, hətta özünütəcrid şəraitində işləmək olur. Heç olmasa videomüraciət formatında bəyanatların verilməsi və ya həmkarları ilə teefon danışıqlarının aparılması fonunda. Lakin məhz bu məsələdə sübut olunur ki, biz başqa cürünə adət etmişik. Biz ona adət etmişik ki, bizə yalan danışırlar”.
“Hər kəs yalan danışır. Fərq yalnız yalanın miqyasının sayındadır”
Hakimiyyətin yalan danışdığını, xüsusilə prezident Armen Sarkisyanın timsalındakı məsələnin təhlilinin davamını aparan armenianreport daha sonra qeyd edir. SİTAT: “Hər kəs yalan danışır. Fərq yalnız yalanın miqyasının sayındadır. Üstəgəl, indi Nikol Paşinyanı birmənalı olaraq ittiham etmək dəbə minib. Bəli, o baş nazir postunu tutur, cəmiyyətdə dəhşətli, kədərli, apatiya fonunun yaranması baxımından əsas və şəxsi cavabdehlik daşıyır. Ancaq bizdə, Ermənistanda başqa heç kim yoxdurmu?
Həmin prezident Sarkisyan – o nə üçündür? O müharibə vaxtı özünü necə apardı? Heç cürə. Nə qədər kinayəli səslənsə də, bütün bu situasiyalar, bütün ümummilli fiasko onu qane edirdi. Bulanıq suda balıq tutmaq hər zaman rahat olur. Armen Sarkisyan isə, hətta baş nazir kreslosunu tutmaq planını gizlətmədi də. O, Paşinyanı tənqid edənlərin sırasına sevinclə qatılaraq “doğru nitqlər” səsləndirdi. Sanki Sarkisyan ilk gündür siyasətdədir. Sanki o iqtisadiyyatdakı, ordudakı, Qarabağ məsələsindəki real vəziyyətdən bixəbər idi. O hər şeydən xəbərdar idi. Ancaq bunu büruzə etmirdi”.
“Əliyev isə açıq şəkildə Şuşanın və digər torpaqların bərpası planlarını bəyan edir. Hanı Sarkisyanın reaksiyası?”
Armenianreport bütün bunların fonunda Azərbaycanın təsirlərini artırdığını yazır və ərazilərin təhvil verilməsini qeyd edir. “Əliyev isə açıq şəkildə Şuşanın və digər torpaqların bərpası planlarını bəyan edir”, yazan adıçəkilən erməni saytı Azərbaycan Prezidentinin Fizulidə beynəlxalq hava limanının tikilməsi barədə qərar verdiyini xatırladır və eyni zamanda bildirir ki, yanvar ayında Azərbaycana İSESKO missiyası gələcək və ərazilərə baş çəkəcək, ermənilərin müsəlman qəbirlərini, məscidlərini dağıtmaları barədə danışacaqlar.
“Hanı Armen Sarkisyanın reaksiyası? Axı o belə bir zamanda, ölkə qarşısındakı problemlər və çağırışların olduğu bir vaxtda, ümumiyyətlə, özünə istirahət etməyi necə qıyır? Suallar bir qalaqdır. Cavablar yoxdur...”, erməni saytı yazır.
Bütün bunlardan isə yalnız bir nəticə hasil etmək olar. Bu gün Ermənistanda kimin-kim olması reallığı tamamilə yox olub və o cümlədən, hakimiyyətlə yanaşı, hətta Paşinyanı və komandasını süpürərək siyasi səhnədən silməyə çalışan müxalifət liderləri də, əslində keçmiş iqtidarın təmsilçiləri olaraq hazırkı baş nazirdən revanş almaq məqsədi güdürlər. Onları da Ermənistanın düşdüyü bu vəziyyət, ümumiyyətlə maraqlandırmır. Əgər nəzərə alarsaq ki, qarşıda bu ölkəni daha ağır fəsadlar, böyük aclıq və qıtlıqlar gözləyir, bu zaman Ermənistanın siyasi idarəçiliyinin tamamilə öz oxu ətrafından çıxıb, dövlətçilik təməllərinin birdəfəlik məhv olacağını proqnozlaşdırmaq elə də çətinlik yaratmır. Təkcə, Armen Sarkisyanın anti-Paşinyançı dairələrinin yanında dayanmasına rəğmən, ölkənin ağır və çıxılmaz halda olmasına baxmayaraq Livanda “koronavirus təcridi” adı altında bayramlara qatılması da, əslində bu cür qənaətlərə gəlməyə kifayət qədər məzin yaratmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB