Prezidentin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir

Prezidentin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir

"Qarabağ Dirçəliş Fondu"nun yaradılması reallığını təsdiqidir

Məlum olduğu kimi, 2021-ci il yanvarın 4-də Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Fərmanda Azərbaycan xalqının ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq.

Sənəddə, həmçinin vurğulanır ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.

Qeyd edək ki, Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Tarixi Qarabağımızın tarixinə qayıdışı

Bəli, 30 il həsrətində qaldığımız tarixi dədə-baba torpağımız – Qarabağlımızın əvvəlkindən də daha gözəl bir diyara çevriləcəyi elə ilk qələbələrimizdən başlanıldı.

Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, ərazilər işğaldan azad olunduqca ermənilərin bizim torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olması bir daha sübut olunur. Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki dövlətimizin başçısı demişkən “Qarabağ Azərbaycandır!”

İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gəlit, Talış və Suqovuşan kəndlərinə yeni avtomobil yollarının çəkilməsi böyük qayıdışın artıq başladığının əlamətlərindən biridir.

Və bu gün «Qarabağ Dirçəliş Fondu» işğaldan azad olunmuş torpaqlarımızı əvvəlkindən də daha yüksək səviyyədə özünə qaytarılmasında mühüm rol oynayacaq. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza tarixi səfərləri zamanı erməni faşistləri tərəfindən dağıdılıb viranə qalmış yurdlarımızı ürəkağrısı ilə seyr edərkən bildirib ki, tezliklə bütün bu yurdlar abadlaşdırılacaq, Qarabağa yeni həyat bəxş ediləcək və məcburi köçkünlərin hər biri öz doğma yurduna dönəcək. Prezidentin işğaldan azad edilmiş rayonlara artıq ənənə halını almış səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, rayon və kəndlərin bərpası və yenidən qurulması ilə bağlı qərar qəbul etmək məqsədi daşıyır.

Bəli, illər sonra Azərbaycanın Müzəffər Ordusu düşmənin başına dəmir yumruq endirərək Qarabağı işğalçılardan təmizlədi. 30 illik münaqişə 44 gündə Azərbaycanın haqlı qələbəsi ilə bitdi. Bu şanlı və tarixi Qələbənin müəllifi, 44 günlük savaşın qalib sərkərdəsi isə Prezident, müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevdir.

Proezident, Ali Baş Komandan İlham Əliyev dediyini etdi, Qarabağı Azərbaycana qaytardı. Azad olunmuş ərazilər yenidən qurulduqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına möhtəşəm qayıdışı baş verəcək, həmin bölgəyə həyat qayıdacaq. Və Azərbaycan Prezidenti növbəti səfərləri zamanı bu torpaqlarda yeni şəhər və qəsəbələrin, infrastrukturların, sosial obyektlərin və müxtəlif müəssisələrin açılışlarını edəcək.

Bu baxımdan da Prezident İlham Əliyev cənablarının işğaldan azad olunan torpaqlarımızın inkişafı ilə bağlı imzaladığı Fərman və Sərəncamları, o cümlədən “Qarabağ Dirçəliş Fondu” 30 il həsrətində olduğumuz torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsində, Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq və tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq.

Dövlət başçımızın dediyi kimi, biz qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq: «Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik».

Bəli, Ermənistanı diz çökdürən müharibənin qalibi Azərbaycan işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hiss edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə