Azad Qarabağdan Zəngəzur gerçəkliyinə ANALİTİK

Azad Qarabağdan Zəngəzur gerçəkliyinə ANALİTİK

Məhz 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə, Qafan, Mehri və digər Zəngəzur mahallarının köklü sakinləri – azərbaycanlılar baş verəcək həyati təhlükələrə rəğmən bu ərazilərin muxtariyyətini tələb edən aksiyalar keçiriblər

Hələ 1920-ci ildə Fransanın L'Euvre qəzetində yazılmışdı: “Sovet İttifaqı Ermənistan respublikası ilə razılıq sənədi imzalayıb. Razılığa əsasən, tatarların məskunlaşdığı (oxu: Azərbaycanlıların) Azərbaycan regionu Zəngəzur Ermənistana verilir”.

Lakin buna baxmayaraq, yeganə fakt budur ki, istər həmin razılaşma sənədinə qədər, ya da ondan sonra Zəngəzurun köklü əhalisi – azərbaycanlılar davamlı olaraq erməni quldur-daşnak dəstələri tərəfindən soyqırımlara məruz qalır, iztirablarla yaşayır, yurd-yuvalarından zorla qovulurdular. Bu vasitə ilə qovulan azərbaycanlıların yerlərini müxtəlif yerlərdən köçürülmüş ermənilər doldururdu.

Ancaq baş verənlərə rəğmən, Zəngəzur azərbaycanlıları öz haqq səslərini ucaldır, hətta tarixi torpaqlarımızın sonradan ədalətsiz sənədlər vasitəsi ilə Ermənistana verilməsinə baxmayaraq, tələblərini irəli sürürdülər.

Məhz 1988-ci ilin bu vaxtlarında Qərbi Azərbaycanın (indiki Ermənistanın-R.R.) Göyçə, Qafan, Mehri və digər Zəngəzur mahallarının köklü sakinləri – azərbaycanlılar baş verəcək həyati təhlüklələrə rəğmən bu ərazilərin müxtariyyətini tələb edən aksiyalar keçiriblər. Bəlkə də bu haqda az yazılıb, deyilib, amma fakt öz faktlığında qalır və həmin faktlardan biri də həmin tələblərdən sonra erməni silahlılarının bu mahallara girərək, azərbaycanlılara qarşı qanlı əməllər, dəhşətli amansızlıqlar göstərmələridir.

“Əzabkeş” və “məzlum” ermənilərin yenidən Xankəndinə və Rusiya sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizə köçürülmələri onlara yaxşı nə isə vəd etmir

İndi az adam bilir və xatırlayır ki, həmin ərəfələrdə Qafanda və Quqark rayonu ərazisində azərbaycanlılara qarşı hansı qanlı əməllər törədilib. Halbuki bu hadisələr səhnələşdirilmiş və bilavasitə təxribat xarakterli Sumqayıt olaylarına qədər baş vermişdi. Nəticədə, 300 min azərbaycanlı öz doğma yurd-yuvalarından məhrum olaraq canlarını Azərbaycana köçməklə qurtara bilmişdilər.

Lakin Qarabağdakı vəziyyət başqa ssenari ilə inkişaf edirdi, hətta indi biz ikinci Qarabağ müharibəsində qalib olduqdan sonra, “əzabkeş” və “məzlum” ermənilərin yenidən Xankəndinə və Rusiya sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizə köçürülmələri onlara yaxşı nə isə vəd etmir.

Uğursuz cəhdlərinin ermənilərə heç vaxt xeyir verməyəcəyi faktdır

Onlar üçün “həyat mənbəyi” hesab edilən torpaqlar artıq onlara məxsus deyil. Azərbaycanlılarla yaşayıb-işləmək üçün isə ermənilər Azərbaycanın yaşıl pasportlarını almalı olacaqlar. Üstəlik, qarşıda Azərbaycanın xeyrinə olacaq nöbvəti qərarların veriləcəyi də gözlənilməkdədir. İndi revanşist xəyallarla alışıb-yanan erməni ultramillətçiləri hələ ki, sərsəm ideyaları ilə “artsax” ətrafında oyunbazlıqlar edir, hətta olmayan bir “respublikada” vəzifə təyinatları da keçirilir. Bütün bunlar isə, sadəcə, uğursuz cəhdlərdir və həmin cəhdlərin onlara heç vaxt xeyir verməyəcəyi faktdır. Əslində isə, hər şey öz axarı ilə gedir və bu axar içində Xankəndində Azərbaycanın dövlət bayrağının dalğalanması reallığı dayanır, üstəlik Zəngəzur gerçəkliyi də artıq öz sözünü deməyə başlayıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə