"Qarabağda uzunmüddətli sülhə nail olmaq üçün..." ÖZƏL-MÜNASİBƏT

"Qarabağda uzunmüddətli sülhə nail olmaq üçün..." ÖZƏL-MÜNASİBƏT

"Uzun illər Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən münaqişələrin həlli və sülh quruculuğu ilə bağlı beynəlxalq təlimlər və seminarlar keçirilib. Azərbaycan və Ermənistandan iştirakçılar bu tədbirlərə qatılıb. Bu layihələrin məqsədi münaqişə vəziyyətində olan icmalar arasında etimad mühiti və sülh yaratmağa xidmət edib". Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, iştirakçılar arasında münaqişə ölkələrindən tək iki ölkə deyil, həm də Ukrayna-Rusiya və Rusiya-Gürcüstan nümayəndələri və digər nümayəndələr iştirak edib: "Amma etiraf etmək lazımdır ki, bu tədbirlərin məqsədi tərəflər arasında dialoq yaratmaq və vəziyyəti yumşaltmaq olmasına baxmayaraq, ən gərgin anlar da iki ölkə arasında, yəni Azərbaycanla Ermənistan iştirakçıları arasında yaşanıb. Bunu da anlamaq bir o qədər çətin deyil, uzun illərin ən dəhşətli insanı faciələri bu 30 ildə Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilib, bu post-sovet məkanının bəlkə də ən ağır munaqişəsidir və bu yaralar 3-5 ilə sağalan yaralar deyil. Görüşlərdə ermənilər hər dəfə qondarma "Dağlıq Qarabağ Respublikasından" danışmağa başlayıblar, biz də buna etiraz edirdik və beləcə bu qarşıdurma davam edirdi. İndi təbii ki, durum fərqlidir, torpaqlarımız işğaldan azad edilib, lakin biz yenə də ermənilər ilə bu torpaqlarda bir yerdə yaşamalı olacağıq. Bu da yeni bir reallıqdır və məncə məsələnin ən önəmli tərəfidir. Azad edilmiş Qarabağımızda bundan sonra hər şeyi yenidən qurmaq olar, yeni infrastruktur da yaratmaq olar, bir sözlə cənnət də yaratmaq olar, ancaq birgə yaşayış və sülh etiraf etmək lazımdır ki, qısa zamanda yaranmır. Bu uzunmüddətli bir münaqişə olduğundan və burada böyük faciələr yaşadığından Rusiya sülhməramlıları Qarabağa bir gecədə gəldiyi kimi, xalqları aparıb bir gündə, yaxud bir ildə yerləşdirməklə real sülhə nail olmaq elə də asan olmayacaq. Hər birimiz yaxşı bilirik ki, Qarabağda yerləşən Rusiyalı hərbiçilərin adı sülhməramlı olsa da, əslində onların orada əsas missiyası Qarabağda atəşkəsə nəzarət etməkdir. Sülhü isə hərbiçilər deyil, xalqlar, icmalar və vətəndaş cəmiyyəti yaradır. Avropa təcrübəsi də göstərmişdir ki, istər etnik, istərsə də dini zəmində münaqişədən sonra xalqları sülhə və mehriban qonşuluq şəraitində yaşaması üçün uzunmüddətli proqramlar hazırlanır və icra olunur. Hər iki tərəfin xalqları bu işə hazırlanır, etimad mühiti və dialoq üçün geniş proqramlar həyata keçirilir. Öz təcrübəmdən bunu Şimali İrlandiyada katolik və protestantlar arasında sülhün yaradılması işi ilə əyani tanış olduğumdan bunun nə qədər mürəkkəb bir proses olduğunu bilirəm. Hesab edirəm ki, bununla bağlı bizim QHT-lər və müvafiq dövlət qurumları beynəlxalq təşkilatlarla birgə bu cür proqramların hazırlanması və hayata keçirilməsində yaxından iştirak etməlidir. Təbii ki, qarşı tərəfdən erməni icması və Ermənistan dövləti də bu prosesin tərkib hissəsi kimi qarşılıqlı sülh və etimad mühitinin yaradılmasında yaxından iştirak etməlidir. Təbii ki, bu gələcəyin işidir, lakin Qarabağda uzunmüddətli sülhə nail olmaq üçün bu işlərə biz bugündən başlamalıyıq. Ümid edirəm torpaqlarımızı işğaldan azad etməyə nail olduğumuz kimi, bu işin də öhdəsindən birlikdə gələ biləcik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə