Rusiya ABŞ sanksiyalarına qarşı hansı addımları ata bilər? - AÇIQLAMA

Rusiya ABŞ sanksiyalarına qarşı hansı addımları ata bilər? - AÇIQLAMA

ABŞ-ın sanksiyalarına Rusiya da qarşılıq olaraq Birləşmiş Ştatların şirkətlərini hədəfə alacaq. ABŞ-ın Rusyaya tətbiq etdiyi sanksiyaların məqsədi heç də orada insan haqlarının pozulması və ya digər səsləndirilən səbəblər deyil. Əsas məqsəd Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq və “Şimal axını-2” layihəsinin işə düşməsinin qarşısını almaqdır. Hadisələrin inkişafı göstərdi ki, Donald Tramp nə qədər çalışdısa, Almaniyanın və digər Qərb ölkələrinin “Şimal axını- 2” layihəsi ilə bağlı mövqelərinə təsir göstərə bilmədi. Çünki Birləşmiş Ştatların Avropa dövlətlərinə saxtdığı sıxılmış qazın qiyməti Rusiyanın satdığı eyni məhsulun qiymətindən dəfələrlə bahadır. Nə qədər ki, Avropa rus qazından asılıdır, ABŞ-ın Rusiyaya qarşı olan bu təzyiqinin səmərəli nəticəsi olmayacaq. Rusiya israrla “Şimal axını- 2” layihəsinin işə düşməsinə çalışırlar və əminəm ki, buna nail olacaqlar". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, Putin özü də son çıxışlarının birində qeyd etdi ki, Qərbdə Rusiyanı yanacaqdoldurma məntəqəsi kimi qəbul edirlər: "Yəni Rusiyanın gəlirlərinin böyük hissəsini uzun müddət yanacaqdan əldə edilən vəsaitlər təşkil edib. Ancaq Putinin dediyindən çıxış etsək, bu gün Rusiyanın qeyri-neft sektoru büdcə gəlirlərinin təxminən 70 faizini təşkil edir. Bununla belə, yenə qeyd olundu ki, hələ bir müddət Rusiya neft-qaz gəlirindən asılı qalacaq. ABŞ açıq şəkildə Rusiyanı parçalamaq istəyir və onu Yaponiya kimi müttəfiqləri ilə bölüşdürmə layihələrinə malikdir. Heç şübhəsiz ki, Rusiya da qarşılıq olaraq Birləşmiş Ştatların şirkətlərini hədəfə alacaq. Rusiyanın ABŞ-a siyasi müstəvidə təsir imkanları daha çoxdur, nəyinki iqtisadi. Rusiyanın Birləşmiş Ştatlara ən çox siyasi sahədə təsiretmə imkanları var. Rusiyanın Amerika qitəsində geosiyasi müttəfiqləri var. Bu qəbildən Latın Amerikasından olan ölkələri, ilk növbədə də Venesuelanın adını çəkmək olar. Digər tərəfdən ABŞ-ın sanksiyalarına baxmayaraq Argentina hökuməti öz xüsusi təyyarəsini göndərdi ki, Rusiyadan koronavirusa qarşı “Sputnik V” adlı vaksinini alsın. Təxminən 300 min vaksinin alınması ilə bağlı iki ölkə arasında razılıq əldə edib. Braziliyanın da Rusiyaya doğru addım atacağı da istisna deyil. Təbii ki, Latın Amerikası ölkələrinin Rusiya ilə bu yaxınlığı ABŞ-ı məmnun etmir. Rusiyanın iqtisadi sahədə isə ABŞ-la mübarizə aparmaq imkanları o qədər də çeşidli deyil. Rusiya ÜDM-in göstəricilərinə görə, Yaponiyadan və heç şübhəsiz ki, Çindən geri qalır. Bu mənada ABŞ və Avropa Birliyi Rusiyanı iqtisadi sahədə güclü rəqib kimi qəbul etmir. Bu gün Rusiyanın Avropa bazarına çıxaracaq yüksək rəqabətli qeyri-neft sektoruna məxsus məhsulu yoxdur. Təbii ki, burada silahlar istisnadır".

E.Manafov qeyd edib ki, Rusiya hərbi məsrəfləri baxımından Fransadan və Səudiyyə Ərəbistanından da geri qalır: "Amma Rusiyanın hərbi gücü onun silahlarında və effektiv təsir göstərə biləcək digər sahələrindədir. Bunu da Birləşmiş Ştatlar və NATO gözəl anlayır. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ən çox da Avropanın transmilli şirkətləri əziyyət çəkə bilər. Rusiyanın bu gün çox ciddi uğurlara imza atan gəmiqayırma sənayesi Avropanın da diqqətini cəlb edir. Hindistan da bu sahədə Rusiya ilə əməkdaşlıq üçün müqavilə imzalayıb. ABŞ-ın sanksiyasına məruz qalan Rusiya şirkətləri ilə əməkdaşlıq edən ölkələr bu münasibətlərə yenidən baxmalı olacaqlar. ABŞ uzun müddət İranın neft-qaz sektorunu hədəfə almışdı. Görəndə ki, bu nəticə vermir, onun maliyyə - bank sistemini həfədə aldı. Lakin bütünlüklə bu sanksiyalardan 30 il keçməsinə baxmayaraq İran hələ də çökməyib. Çünki İranın geopolitik anlamda da müttəfiqləri var. Oxşar addım indi Rusiyaya qarşı da atılır və onun hərbi ilə əlaqəli olan şirkətlərinə sanksiyalar tətbiq edilir. Təbii ki, bu ABŞ-dan kredit alan ölkələri düşündürəcək. Nəzərə alsaq ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da ABŞ-ın ciddi nəzarəti altındadır, onda belə çıxır ki, mövcud sanksiyalara fikir verməyib həmin rus şirkətlərindən silah alan dövlətlər bu kreditlərdən məhrum ola bilərlər. Amma Hindistan artıq bu sahədə Rusiya ilə əməkdaşlıq etmək üçün müqavilə də imzalayıb. Hindistanın bu sahədə ABŞ-dan asılılığı yoxdur. Düşünürəm ki, ABŞ-ın 45 Rusiya şirkətinə sanksiya tətbiqi yaxın perspektivdə ciddi təsir göstərməyəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə