"Bayden Rusiyanı güc sahibi kimi tanımır" ÖZƏL-MÖVQE

"Bayden Rusiyanı güc sahibi kimi tanımır" ÖZƏL-MÖVQE

"ABŞ və Rusiya arasında münasibətlər kəskin olaraq qalıb. Bunu Rusiya dövlət başçısı Putin də vurğulayıb. Qeyd edək ki, Kreml ABŞ-ın Şərqi Asiyada, Cənubi Qafqazdakı maraqlarını heçə sayıb. Həmçinin Dağlıq Qarabağ məsələsində də şimal qonşumuz öz rəqibini “ofsaytda” saxladı. Bütün bunlar yaxın perspektivdə öz nəticəsini göstərəcək. Trampın Moskvaya qarşı həyati əhəmiyyət daşımayan, daha yüngül sanksiyalar tətbiq etdiyini bilirik. Amma Bayden Putin hakimiyyətinə qarşı çox radikal mövqe tutur". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, ona görə də onun antirus mövqeyi hətta qlobal siyasətə də təsir göstərəcək: "Bayden hakimiyyəti yeni dünya nizamının formalaşmasında “beynəlxalq jandarm” rolunu oynamaq istəyir. Əsas hədəf isə ABŞ-ın “ayağına dolaşan” Kremldir. Bayden Rusiyanın yeni dünya nizamında yerinin olmamasına, regional və qlobal nüfuzunun itirilməsinə çalışır. Moskva bunu yaxşı başa düşdüyünə görə, hazırlıqlara indidən başlayıb”.

M. Əsədullazadənin fikrincə, Moskva xəyal qırıqlığına uğrayacaq: “Putin münasibətlərə iki fövqəlgücün tərəfdaşlığı kimi yanışır. Bayden isə Rusiyanı güc sahibi kimi tanımır. Düşünürəm ki, kəskin sanksiyalar mart-aprel aylarından etibarən başlayacaq. Nəticədə bütün sosial və iqtisadi layihələr iflasa uğrayacaq və Kreml “fövqəldövlət” statusunu itirəcək. Yaxın illərdə ABŞ-la Rusiyanın maraqları Orta Asiyada, Cənubi Qafqazda toqquşacaq və bu mübarizədə ikinci tərəf uduzacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə