Erməni terrorunun qısa tarixi: faşizm və genosid siyasətinin nəticələri - FAKTLAR

Erməni terrorunun qısa tarixi: faşizm və genosid siyasətinin nəticələri - FAKTLAR

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar. Dünya tarixinə bəziləri siyasi partiya və ya ictimai təşkilat adı altında maskalanmış 15-dən artıq erməni terror təşkilatı məlumdur ki, onların öldürdüyü azərbaycanlıların sayı 1 milyona yaxındır. Bu yazıda həmin təşkilatlar haqqında qısa məlumat verəcək, erməni terrorunun beynəlxalq himayədarlarını məqsədləri və əməllərini göstərməyə çalışacağıq.

Erməni terror təşkilatlarından bəziləri haqda qısa məlumat

“Armenakan” partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

“Hnçak” partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Təşkilatın əsas məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsini, “Rusiya Ermənistanı və “İran Ermənistanı” adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.

“Daşnaksütyun”- erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Şərqi Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” təşkilatı “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir. “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur və fəaliyyətlərini davam etdirirlər.

“Erməni gizli azadlıq ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən 1000-dən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. Əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın lideri A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Düşmənimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir”.

“Geqaron”: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd- Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

“Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

“Erməni azadlıq cəbhəsi”: 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

“Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif aeroportlarında 10-dan artıq terror aktı həyata keçirib.

“Erməni soyqırım ədalət komandosları”: 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılıb. “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

“Gənc ermənilər ittifaqı”: Diplomatların oğurlanması ilə məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb.

“İsveçrə qrupu”: Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.

“İntiharçılar eskadronu”: 1981-ci ildə Parisdə yaradılmışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.

“Apostol”: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Məqsəd- Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının keçirilməsidir.

Ermənilərin terroru əcnəbilərin gözü ilə

“Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”. /Rus diplomatı general Mayevskinin xatirələri. "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından./

Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi. /Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportundan./

11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim 200 belə xəndək saymış və cinayətlərin üstünü açmışdı. /Rusiya ordusunun generalı L.Odişelidzenin 1915-ci il tarixli məlumatından./

"Ali məktəbdən tutmuş ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların “mənfur hakimiyyətinə” qarşı qəzəb, kin-kudrət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…" /Rus diplomatı general Mayevskinin xatirələri. "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından./

“Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər". /Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunet./

…Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı. /"Moskovskiy komsomolets" qəzeti. 29. 01. 1994. "Neft sindromu" məqaləsindən./

Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25 min nəfərini qırdılar". /Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. "İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində". ABŞ, İndianapolis, "Bobbs Meril kompani" nəşriyyatı, 1928./

Davamı olacaq

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə