“Prezidentin uzaqgörənliyi, zəkası Azərbaycanın qələbəsini reallaşdırdı” ÖZƏL-ŞƏRH

“Prezidentin uzaqgörənliyi, zəkası Azərbaycanın qələbəsini reallaşdırdı” ÖZƏL-ŞƏRH

“Prezident, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev haqqında nə qədər xoş söz deyilsə, yenə də az olacaq. Onun özəlliklərini, bacarıqlarını, Azərbaycan xalqına qazandırdıqlarını bir müsahibədə, bir açıqlamada əhatə etmək mümkünsüzdür.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, həqiqətən də 2003-cü ildə hakimiyyətə gəldiyi gündən bu günə qədər Prezident Cənab İlham Əliyev Azərbaycan xalqı üçün bir mayak rolunu, bir istinadə nöqtəsi rolunu oynamışdır və bütün fəaliyyəti boyu xalqın ən adi bir fərdini belə diqqətdən kənarda qoymamışdır.

“Biz ötən illər ərzində Cənab Prezidentin dəfələrlə azərbaycanlıların Azərbaycandan kənarda yaşadığı problemləri, hətta fərdi problemləri belə diqqətə alıb, həll etdiyinə şahidlik etmişik. Eyni zamanda, Qarabağ cəbhəsində düşmənlə üz-üzə duran Mübariz İbrahimov kimi şəhid olmuş oğullarımızın nəşinin belə düşmənin əlindən alınması, gətirilib ləyaqətlə dəfn edilməsi prosesini xatırlayırıq. Biz, Macarıstanda Azərbaycan bayrağını təhqir etmiş ermənini layiqli şəkildə cəzalandırmış Ramil Səfərova Cənab Prezidentin göstərdiyi münasibəti xatırlayırıq. Yəni, Azərbaycan Prezidenti öz davranışları ilə bütün bu illər ərzində göstərib ki, xalqımızın hər bir fərdinin ləyaqətinin qayğısına qalır. Əlbəttə ki, belə düşüncə ilə hərəkət edən Prezident nəticə etibarı ilə gəlib düşmən tapdağı altında olan torpaqları da işğaldan azad etməyi bacarmalı idi və bacardı da. Bu il özünün də ad günü ərəfəsində təkcə Azərbaycan xalqına deyil, mənə elə gəlir ki, elə özünə də çox gözəl bir hədiyyə etmiş oldu Cənab Prezident və torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Yəni, onun həqiqətən də uzaqgörən, müdrik, strateji zəkaya söykənən düşüncə və davranışları Azərbaycanın qələbəsini mümkün etdi. Prezident Cənab İlham Əliyev bu qələbəni qazanmaqla, Azərbaycan xalqının illərdir düşmən ayaqları altında olan ləyaqətini, namusunu xilas etmiş oldu. Torpaq, vətən torpağı bizim namusumuzdur və bu namusu məhz Prezident Cənab İlham Əliyev düşməndən xilas etmişdir. Biz məhz Cənab İlham Əliyevin bu qələbəsi nəticəsində artıq dünya xalqları içində başı uca, qürurlu gəzib, davrana biləcəyik.
Bu vaxta qədər də əlbəttə ki, biz qürurlu idik, lakin qəlbimizin bir köşəsində sınıqlıq vardı. Biz özəlliklə də ermənilərlə üz-üzə gəldiyimiz platformalarda özümüzü nə qədər şux tutsaq da yenə də içimizdə bir şeylər yerində deyildi. Özümüz bilirdik ki, biz ermənilərin qarşısında hələki uduzmuş durumda idik. Amma bu hal artıq bundan sonra davam etməyəcək. Məhz Prezident Cənab İlham Əliyevin sayəsində.
Əslinə qalanda, bu müharibədən sonrakı dövrdə Cənab Prezident bir çox hərbçilərimizə Milli Qəhrəman, Qarabağ Qəhrəmanı kimi, bu cür yüksək adlar verdi və hər dəfə də mənim könlümdən keçir, kaş ki, Azərbaycanda elə bir səlahiyyət sahibi də olaydı ki, Prezident İlham Əliyevin özünə bu cür yüksək adlar verəydi. O, bu adları qazanmış müzəffər Ali Baş Komandandır. Mümkün olsaydı ona Marşal hərbi rütbəsi, ən ali hərbi rütbə də vermək mümkün idi. Əlbəttə ki, bütün bunların yolunu şəxsən mən bilmirən, lakin xalqın içindən gələn bir səs olaraq, Cənab Prezidentin, elə lap olsun ad günü ərəfəsində təltif edilməsi üçün bu işi bilən dövlət qurumlarımız, səlahiyyət sahiblərimiz bir addım atsalar, mənə elə gəlir, yerinə düşər. Cənab Prezident bu müharibənin bir nömrəli qalibidir və bu qələbəni mütləq rəsmiləşdirmək lazımdır.
Biz tarixdə öz ölkəsini düşmən işğalından azad etmiş bir çox rəhbərlərə, ali baş komandanlara rast gəlirik və onların hamısına xalq tərəfindən məhz ən yüksək adlar da verilib və niyə də Azərbaycan Prezidentinə belə bir ad verilməsin? Mən Cənab Prezidenti təbrik edirəm, ona uzun ömür, can sağlığı arzu edirəm. Onun bundan sonra uzun yaşaması, sağlam yaşaması Azərbaycan xalqına növbəti dinc quruculuq illərində çox lazımdır. Biz, lider olaraq onun bundan sonra da Azərbaycana rəhbərliyini davam etdirməsini, əlbəttə ki, dövlətimizin daha da çiçəklənməsinə tövhə verməsini arzu edirik”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə