Prezidentin çıxışı diplomatik və peşəkar siyasi savadından xəbər verdi - ŞƏRH ÖZƏL
"Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı çıxışı bütün istiqamətlər əhatə olunmaqla ardıcıllıqla, məntiqlə və faktoloji bazaya söykənilərək diqqətə çatdırıldı. Ölkə başçımızın nitqi çox məzmunlu və qalib ölkənin başçısına yaraşan tərzdə, fikirləri isə son dərəcə siyasi ustalıqla səsləndirilən fikirlər idi. MDB dövlət başçılarının bu cür görüşləri regionun geosiyasi arenası üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb edirsə ölkə başçımmızın da bəzi məsələləri beynəlxalq hüquq normaları çərçivəsində, diplomatik nitq qabiliyyəti nümayiş etdirərək, peşəkar siyasi savadına uyğun olaraq səsləndirməsi, bir daha onun qəti mövqe nümayiş etdirməsi də bir o qədər mühüm məsələdir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspertin sözlərinə görə, bu günə qədər çıxış etdiyi beynəlxalq platformalarda və kürsülərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal siyasəti haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verən cənab Prezident İlham Əliyev bu gün qatıldığı konfranslara və görüşlərə artıq qalib ölkənin Müzəffər Ali Baş Komandanı statusunda qoşularaq Azərbaycanın işğalçı dövlət üzərində qələbəsi, xalqımızın sarsılmaz iradəsi, Azərbaycan dövlətinin müharibədə əldə etdiyi uğurlar, müharibənin səbəb və nəticələri, işğaldan azad olunmuş ərazilərdə real vəziyyət və bundan sonrakı mərhələdə regionun bərpa və yenidənqurma planları ətafında məlumat verir, dövlətimizin post-müharibə dövründə görəcəyi işləri geniş auditoriyalar vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırır: "Münaqişənin səbəblərini işıqlandırarkən ölkə başçımız son dərəcə haqlı olaraq bildirdi ki, baxmayaraq ki, müharibənin ilk günündən etibarən əksər hallarda xarici mətbuat tərəfindən qərəzli, heç bir obyektivlik yükümü olmayan informasiyalar tirajlansa da dövlətimizin səyləri, eyni zamanda informasiya təminatı ilə bağlı göstərilmiş səylər nəticəsində neqativ fona köklənmiş qəlibi məhv etmək və həqiqəti beynəlxalq ictimiyyətin diqqətinə çatdırmaq mümkün oldu. Döyüş meydanında Ermənistanın hərbi potensialının 80 faizi yerlə bir edildi ki, bundan sonra Ermənistanın bir dövlət kimi özünə gəlməsi üçün uzun illər lazımdır. Müqayisəli şəkildə desək bu müharibə Azərbaycan üçün Vətən müharibəsi və azadlıq müharibəsi kimi xarakterizə olunursa, illərlə siyasətini işğal, terror, etnik təmizləmə siyasəti üzərinə quran, daxili və xarici siyasətində Dağlıq Qarabağdan bir kart kimi istifadə edən Ermənistan üçün isə bu işğalçı müharibə kimi səciyyəvidir. Baxmayaraq ki, Ermənistan təkcə Azərbaycanı deyil, eyni zamanda beynəlxalq vasitəçiləri də bu illər ərzində aldadır, işğal etdiyi ərazilərdə möhkəm istehkamlar quraraq bir santimetr belə geri qaytarmaq niyyətinin olmadığını ortaya qoyub Cenevrə konvensiyalarına əsasən hərbi cinayət sayılan qeyri-qanuni şəkildə məskunlaşdırma siyasəti həyata keçirsə də, dövlət sərhədində hərbi təxribat törətsə də, hərbi-siyasi rəhbərliyi şüurlu şəkildə mülki əhalinin məhv edilməsinə yönəlmiş hərəkətlər etsə də Azərbaycan öz rəşadətli ordusunun və qəhrəman oğullarının sayəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirdi. Ötən illər ərzində Ermənistanın hərbi rütbəli şəxsi, baş naziri təxribatçı tezislər səsləndirsə də Azərbaycan bunların hamısının cavabını layiqincə verdi və nəticə etibarilə 44 gün ərzində Ermənistan kapitulyasiyaya məcbur edildi. Paşinyanın və onun ordusunun deyil, Azərbaycan şəhər və kəndlərimizin dağıdılmasına göstəriş verən, əlləri Azərbaycan xalqının qanına batan Sarkisyan və Koçaryan rejiminin yaratdığı ordunu məhv etdi".
Politoloq qeyd edib ki, müəyyən xarici dairələr 10 noyabr bəyanatı üzrə Rusiyanın atəşkəsə nail olunmasında aparıcı rol oynamasından narahat olub özlərinin bu nizamlama prosesindən kənarda qaldıqları üçün müəyyən cəhdlər göstərsələr də Rusiya Prezidenti V.Putinin də müsahibələrinin birində bildirdiyi kimi Ermənistanın razılaşmanın icrasından imtina etməsi onun üçün faciəvi nəticələrə gətirib çıxara bilər: "Bu məqamı da cənab Prezident iclasda son dərəcə siyasi ustalıqla səsləndirdi. Eyni zamanda, Putinin “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir.” deyə bəyanat səsləndirməsi, Cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən bunun artıq tarix olduğunu vurğulaması istər Ermənistanın daxilində olan revanşist qüvvələr, istərsə də xarici dairələr üçün ciddi siqnaldır".
Ş.Həsənova vurğulayıb ki, indiki məqamda isə işğaldan azad olunmuş ərazilərdə real vəziyyət dəyərləndirilir: "Birgə bəyanat imzalandıqdan sonrakı müddət ərzində cəmi bir insident yaşansa da sülhməramlı missiyanın da uğurla həyata keçirildiyini deyə bilərik. Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması istiqamətində iş aparılır. Şüurlu və məqsədyönlü şəkildə işğaldan sonra Ağdam şəhəri tamamilə dağıdılıb. Bu gün işğal edilmiş ərazilərə səfər edən xarici diplomatlar ərazinin bütünlüklə yerlə bir edildiyini, orada Azərbaycan xalqının tarixi, mədəni, dini abidələrinin dağıdıldığını öz gözləri ilə görürlər. Təsadüfi deyil ki, Ağdama səfər edən xarici jurnalistlər bu vandalizm aktını gördükdən sonra buranı “Qafqazın Xirosiması” adlandırlar. Hal-hazırda Azərbaycan dəymiş ziyanı qiymətləndirir, regionun bərpasına artıq başlanılıb, yol tikintisi ilə bağlı müqavilələr imzalanıb. Bərpa işləri ilə bağlı layihələri Azərbaycan özü maliyyələşdirəcək, amma həm bu prosesdə iştirak etmək, həm də həmrəylik nümayiş etdirmək üçün dost ölkələr də bu işlərə cəlb olunacaq ki, birinci müqavilə Türkiyə şirkəti ilə imzalanıb, ikinci müqavilənin isə İtaliya şirkəti ilə imzalanması nəzərdə tutulur. Bütövlükdə regionun gələcəyi, uzunmüddətli və dayanıqlı sülh əsasən Ermənistan rəhbərliyinin vəziyyəti necə düzgün qiymətləndirəcəyindən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB