Bayden siyasəti: Perspektivdə Azərbaycanı nələr gözləyə bilər? - MÖVQE
"Ümumiyyətlə, Demokratların hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla münasibətdə müəyyən cüzi dəyişikliklər baş verib. Təəssüflər olsun ki, bu dəyişikliklər əsasən mənfi planda müşahidə edilib. Çünki Respublikaçılar bir qayda olaraq transmilli neft şirkətlərinin təmsilçiləri olduqları halda, Demokratlar əsasən ABŞ-ın maliyyə dairələrinin təmsilçiləri olublar. Hərçənd ki, ABŞ üçün Azərbaycanla münasibətdə önəm kəsb edən faktorlar regionda stabillik və təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq olub. Yəni ABŞ həmişə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı və oynaya biləcəyi rola önəm verib". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin sözlərinə görə, ABŞ-ın və xüsusən Bayden iqtidarının əsas məqsədi Avropanın enerji bazarından, əsasən də qaz bazarından Rusiyanı sıxışdırıb çıxarmaqdı: "Bununla da Avropanı Rusiyanın enerji asılılığından xilas etməyə çalışırlar. Bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təsiri olan dövlət kimi hər zaman Amerika siyasi elitasının diqqət mərkəzində olub. Bundan əlavə Azərbaycan coğrafi baxımdan yerləşim bölgəsi mühümdür. Yəni Əfqanıstandakı NATO qüvvələrinin təchizatı baxımından Azərbaycanın tranzit ərazi kimi imkanları hər zaman ABŞ-ın diqqət mərkəzindədir. Əgər Bayden iqtidarı dönəmində ABŞ-İran münasibətlərində gərginlik azalacaqsa, Azərbaycana olan təzyiqlər də azalacaq və heçə enəcək. Çünki Azərbaycan bir qayda olaraq İranla münasibətlərdə öz ərazisindən İrana qarşı preventiv zərbələrin endirilməsinə imkan verməyəcək. Lakin ABŞ-ın Azərbaycana qarşı siyasətində mənfi çalarlar da müşahidə oluna bilər. Bir qayda olaraq ABŞ öz maraqlarını təmin etməyə çalışdığı ölkələrdə demokratiya, insan haqları məsələlərini qabardır. Bu ad altında həmin ölkələrin daxili işlərinə müdaxilə edir. Biz bunu Liviyada, İraqda və digər şərq ölkələrində gördük. Ən əsası isə Demokratların iqtidarda olduğu dönəmdə ABŞ Dövlət Departamentinin bir qayda olaraq Azərbaycanda insan haqları ilə bağlı məsələləri günəmə gətirməsi Amerika maraqları baxımından anlaşılandır".
E.Manafov vurğulayıb ki, digər tərəfdən Bayden Rusiyaya qarşı radikal mövqe tutub, onun mövqelərini zəiflətməyə çalışırsa, Rusiya sülhməramlılarının Cənubi Qafqazda, yəni Azərbaycanda yerləşdirilməsinə Birləşmiş Ştatların hazırkı siyasi elitasını qane etməməlidir: "Bu mənada Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən yalnız Rusiya ilə Qarabağ problemini həll etməsi və sülhməramlı missiyasını ona həvalə etməsi Amerikanın siyasi elitasında xüsusən "qırğı" rolunda çıxış edənləri qane etməyəcək. Bu mənada Bayden iqtidarının Azərbaycanla münasibətlərə Tramp iqtidarından fərqli ampulada baxacağını istisna etmirəm. Ən əsası da yenidən insan haqları ilə bağlı məsələləri gündəmə gətirəcəklər. Bir daha deyirəm, Bayden Rusiyanı MDB məkanında sıxışdırmağa və onunla münasibəti olan ölkələrdə rəngli inqilablar həyata keçirməyə çalışacaq. Nəzərə alsaq ki, Baydeni maliyyələşdirənlərdən biri də milyarder Corc Sorosdur, bu mənada MDB məkanında Rusiyanın təsir imkanları olan ölkələrdə Demokratların rəngli inqilablara gedə biləcəyini istisna etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB