"Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməyib" ÖZƏL-MÜNASİBƏT
"ATƏT-in Minsk qrupu ötən 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Əslində, vasitəçilik problemi həll etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli üçün hamı tərəfindən qəbul olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir ölkənin tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktının qeyd olunduğu digər başlıca sənədlər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədir. Vasitəçilər isə "siz nəyə razılaşsanız, biz onu qəbul edəcəyik" fəlsəfi kimi neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər. Vasitəçilik missiyası və vəzifəsi özündə BMT TŞ-nin 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini ehtiva etməli idi". Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.
Deputatın sözlərinə görə, təəssüf ki, biz həmsədrlərin fəaliyyətində bunu görmədik: "Hələ bu günədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən bildirdi ki, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Əgər həqiqətən də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı olsaydılar o zaman bitərəf mövqe sərgiləyərdilər. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız illərdir ki, işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyasına nail olduq. Bəyanatı imzalamağa məcbur etdik.
Qarşıdakı müddətdə isə ATƏT-in Minsk qrupu həmsədrlərinin hər üçü artıq yeni fəaliyyət proqramı təqdim etməli, konkret olaraq neytral mövqe nümayiş etdirərək xalqların sülhə hazırlanması, etnik barışığın təmin olunması kimi məsələlərə yeni canlanma gətirməlidirlər. Nəzərə alsaq ki, Minsk qrupu həmsədrlərinin bu səfəri onların öz təşəbbüsləri ilə olub və onlar Azərbaycana dəvət edilməyib, deməli artıq özləri mövcud vəziyyətlə barışmalı və yeni reallıqlar fonunda konkret təkliflərlə çıxış etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB