Azərbaycandakı icmalar tarixi Qələbə ilə bağlı bəyanatla çıxış ediblər

Azərbaycandakı icmalar tarixi Qələbə ilə bağlı bəyanatla çıxış ediblər
Azərbaycandakı gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi Ordumuzun əldə etdiyi tarixi Qələbə münasibətilə bəyanatlarla çıxış ediblər. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatlarda Azərbaycan xalqını, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Qələbə münasibətilə təbrik ifadə edilir. Həmçinin icmaların üzvləri şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyir. "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi ilə qürur duyur və iftixar hissi keçirdiyimizi bildiririk. Bütün dünyada sülhpərvər, multikultural və tolerant ölkə kimi tanınan, haqlı və ədalətli mövqeyə malik olan Azərbaycan Qarabağı işğaldan azad etməklə xalqın özünümüdafiə və ərazi bütövlüyünü təmin etmək hüquqlarını həyata keçirdi", - deyə bəyanatlarda qeyd olunub. Həmçinin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Azərbaycandakı bütün icmaların və diaspor təşkilatlarının Azərbaycana mənəvi dəstək olduqları vurğulanıb: "Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı vahid, yenilməz və bölünməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə