"YAŞAT" Fondu mühüm işlərə imza atacaq - MÖVQE ÖZƏL

"YAŞAT" Fondu mühüm işlərə imza atacaq - MÖVQE ÖZƏL

"Azərbaycanda şəhid ailələrinə, eyni zamanda birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına, həmçinin Vətən müharibəsi əllilərinə, veteranlarına hərbi qulluqçularımızın sosial müdafiəsinin təşkil edilməsi sahəsində dövlət siyasəti ardıcıl olaraq həyata keçirilir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən müharibədə iştirak etmiş və sağlamlıqlarını itirmiş hərbi qulluqçuların sosial müdafiəsi, eləcə də sağlamlığının bərpa olunması ilə əlaqədar protezlərlə təmin edilirlər. Biz bunu davamlı olaraq müşahidə etmişik. Eyni zamanda vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həmçinin müharibə əlilləri, veteranların rifah halının yüksəldilməsi, sağlamlığının bərpa olunması və digər məsələlərlə bağlı "YAŞAT" fondunun yaradılması çox mühüm bir addımdır". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, həm fiziki, həm də hüquqi şəxslər dövlətin bu siyasətinə dəstək olmalıdırlar: "Düşünürəm ki, fondun fəaliyyəti ilə bağlı əsas məsələ bu fonda toplanan ianə və yardımların nəzarət altında xərclənməsi, bu ianələrdən süni istifadəyə yol verilməməsidir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bununla bağlı 6 nəfərdən ibarət Himayəçilər Şurası yaradılıb. Lakin bununla yanaşı bu vəsaitlərin doğru istiqamətdə təyinatı üzrə xərclənməsinə nəzarəti də hər bir vətəndaş izləməli və bunun üçün lazımı şərait yaradılmalıdır. Çünki bu fondun fəaliyyəti, eyni zamanda istiqaməti, meyarı, mahiyyəti hər birimizə çox yaxşı bəllidir. Vətənimizin keşiyində duran, vətənimiz üçün silaha sarılan hər bir hərbi qulluqçumuza, hər bir qəhrəman övladımıza yardımın ayrılması ilə bağlı maliyyə vəsaitinin xərclənməsinə nəzarət çox güclü şəkildə həayata keçirilməlidir".

İ.Hüseynov vurğulayıb ki, biz 44 günlük müharibədə hərbi qulluqçularımıza həm Azərbaycanda yaşayan, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın maddi və mənəvi dəstək göstərdiyini müşahidə etdik: "Bu dəstək nəticəsində biz Vətən müharibəsində qalib və həmçinin Ermənistanın kaptulyasiya aktını imzalamasına nail olduq. Bu nöqteyi nəzərdən "YAŞAT" fondu mühüm işlər həyata keçirəcək. Düşünürük ki, dövlətimizin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olan müharibə iştirakçılarına, hərbi qulluqçulara, veteranlara, Şəhid ailələrinə, müharibə əlillərinə və bu koteqoriyadan olan insanlara maliyyə dəstəyinin göstərilməsi, onlara mənzillərin, avtomobillərin verilməsi, müalicəsi, sosial vəziyyətinin yaxşılaşdırılması, ailə üzvülərinə yardımın göstərilməsi, onların təhsil xərclərinin ödənilməsi kimi bir sıra ehtiyacların qarşılanması üçün fondun işi çox olmaqla yanaşı, mühüm əhəmiyyət kəsb edəcək. Bununla bağlı olaraq bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik. Fikrimcə bu fond üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirəcək və tamamilə şəffaf şəkildə fəaliyyət göstərəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə