Ermənistanda vətəndaş müharibəsinin başlanacağı tarix bəllidir SİYASİ TƏHLİL

Ermənistanda vətəndaş müharibəsinin başlanacağı tarix bəllidir SİYASİ TƏHLİL

Yaxud, Türkiyəyə qarşı “koalisiyada” yer alacağını bəyan edən erməni müxalifəti Rusiyaya da meydan oxuduğunun fərqinə varmır

Bu gün Ermənistan siyasi ictimaiyyətinin Qarabağ məsələsində hələ də Rusiyadan pənah umması qeyri-reallığı, daha dəqiq desək, dağılmış erməni stereotipi - mövcud olmayan “dqr”in, yaxud “artsaxın” ətrafındakı var-gəlləri digər məsələləri də önə çıxarmaqdadır. Daha dəqiq desək, üçtərəfli atəşkəs bəyannaməsinin imzalanmasından sonra baş nazir Nikol Paşinyana qarşı başladılan müxalifət hərəkatının liderləri onun anti-Rusiya siyasətini, xəyanətini önə çıxarmaqla, Kreml vasitəsi ilə hakimiyyətə yiyələnib, məhz bu yolla öz xam xəyallarını yenidən gerçəkləşdirəcəklərinə sadəlöhvcəsinə inanır, xalqı da bu istiqamətdə hərəkət etməyə çağırırlar. Əbəs deyil ki, Ermənistanın 17 partiyasının bir araya gələrək ölkənin nimdaş siyasi şinelindən çıxmış Vazgen Manukyanı artıq “baş nazir” statusunda görür, “keçid hökuməti” qurmaqla mövcud problemlərindən qurtulacaqlarını, hətta Azərbaycanın işğaldan azad etdiyi Qarabağı və ətraf rayonları “geri qaytaracaqlarını” bəyan edirlər.

On illər, hətta yüz illər boyunca əzən bu cür ucuz, xəyalpərəst təfəkkür hələ də onların ayılmalarına səbəb olmayıb

Maraqlı məqamlardan biri də budur ki, “diplomatik uğursuzluq” ittihamlarını da önə sürən erməni müxalifəti nədənsə Ermənistanın mövcud vəziyyətinin hansı səbəblərdən belə bir günə düşməsinin günahını əvvəlki hakimiyyətlərdə axtarmaqdan vaz keçirlər. Yəni bu gün Ermənistan rüsvayçı məğlubiyyət reallığında çabalayırsa, bunun əsas günahlarından biri və birincisi bütün hakimiyyətlər dövründə Azərbaycana qarşı tətbiq edilən təcavüzkarlıq siyasəti və işğal faktıdır. Ermənistan rəhbərliyinin hələ SSRİ tərkibində olarkən Azərbaycanın ərazi bütövlüyünə qarşı başlatdığı işğalçılıq siyasəti Levon Ter-Petrosyan iqtidarında sürətləndi və sonradan Robert Koçaryan, ardınca isə Serj Sarqsyan hakimiyyətləri ilə davam etdi. Bu barədə yenidən hər hansı faktları, tarixi həqiqətləri vərəqləməyə ehtiyac yoxdur, çünki 30 il boyunca mövzu ətrafında kifayət qədər danışılıb, yazılıb, şərhlər verilib.

Beləliklə, 17 partiyanın bir araya gəldiyi və Nikol Paşinyan iqtidarını devirməyə hesablandığı kütləvi etiraz dalğası əsasında yuxarıda qeyd edilən amillər dayanır və ən maraqlısı (!) bu amillərdən biri də gələcəkdə Türkiyəyə qarşı “yaranacaq” hansısa “koalisiyada” yer alıb, yenidən Qarabağ torpaqlarını, hətta Türkiyədəki əraziləri işğal etməkdir. Əslində, erməniləri on illər, hətta yüz illər boyunca əzən bu cür ucuz, xəyalpərəst təfəkkür hələ də onların ayılmalarına səbəb olmayıb. Çünki dünyanın qloballaşması, geosiyasi coğrafiyasının dəyişməsi, xüsusilə Qafqaz regionunda yeni oyunçuların, yeni şərtlərin yaranması erməni “təfəkkürünün” quyu dibində qaldığını isbatlamaqdadır.

Tarixlərdən gələn sübut onu göstərir ki, Türkiyə ilə Rusiya ən kritik dönəmlərdə bir araya gələrək, regionda əsas oyunçulara çevrilirlər

Tarixən belə olub və əslində, ermənilər unudurlar ki, əgər Türkiyəyə qarşı yarana biləcək hər hansı “koalisiyada” yer alacaqlarsa, bu zaman pənah umduqları Rusiyaya qarşı da çıxmalı olacaqlar. Yəni yeni dünyanın yeni geopolitoloji vəziyyəti, həm də tarixlərdən gələn sübut onu göstərir ki, Türkiyə ilə Rusiya ən kritik dönəmlərdə bir araya gələrək, regionda əsas oyunçulara çevrilirlər. Bu gün də Suriya və Yaxın Şərq siyasətində hər iki ölkənin müəyyən fikir ayrılıqları olsa belə, strateji maraqlarının üst-üstə düşməsi gerçəkliyi ortadadır.

Sergey Lavrov: “Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir”

Yenə də elə uzağa getməyərək, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını xatırladaq. “Bizim Türkiyə ilə prinsipial fikir ayrılığımız yoxdur”, deyən Rusiya XİN idarəsinin rəhbərinin sözlərinə görə, ölkələr hər şeydə razılığa gələ bilməz və hər hansı bir dövlətə münasibətlərdə fərqli mövqelər olacaq: “Türkiyə ilə münasibətlərimiz yaxşı qonşuluq və bir-birimizin maraqlarını nəzərə almağa əsaslanır. Bundan əlavə, enerji sektorunda çoxmilyonluq layihələrimiz, həmçinin hərbi-texniki əməkdaşlıqda işbirliyimiz var. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir. Onlar heç kimin qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirlərə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç də maneə deyil”.

Bu halda, Vazgen Manukyanın Qarabağla bağlı imzalanmış üçtərəfli bəyannamə ilə razılaşmayacaqları fikri, eləcə də Türkiyəyə qarşı “koalisiyada” yer alacağı iddiası Rusiyanın da əleyhinə işləmirmi? Yaxud, Manukyanın gülünc düşüncəsi dolayısı ilə devirmək məqsədi daşıyan Paşinyan iqtidarının anti-Rusiya siyasətini davam etdirmək niyyətini ortaya çıxarmırmı?

Dmitri Peskov: “Prezident Putin də deyib ki, Qarabağ hətta Ermənistanın özü tərəfindən də tanınmayıb”

Onsuz da son proseslər elə Rusiyanın da Qarabağla mövqeyini kifayət qədər sübuta yetirib. Bir müddət əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etməsi ermənilərin əsrlərdir davam edən ucuz təfəkkürlərini puç edib.

Yaxud, bir neçə gün əvvəl Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərlə söhbəti əsnasında irəli sürdüyü fikirlərinə diqqət yetirək. SİTAT: “Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib və digər ölkələr kimi bu ərazinin kimə məxsus olması Təhlükəsizlik Şurasının qətmanələri ilə çoxdan müəyyən olunub. Rusiyanın heç bir fikri dəyişməyib, eləcə də digər ölkələrin də fikirləri dəyişilməyib. Prezident Putin də deyib ki, Qarabağ hətta Ermənistanın özü tərəfindən də tanınmayıb”.

Beləliklə, hazırda Ermənistanda Qarabağ məğlubiyyətindən doğan, eləcə də cərəyan edən proseslər bilavasitə hakimiyyət uğrunda gedən savaşdır və bu savaşın vətəndaş müharibəsinə keçid etməsi faktı isə günü-gündən daha çox artmağa başlayır. Hətta bu müharibənin başlanacağı tarix də bəllidir - 8 dekabr, 2020-ci il...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə