Məhbus mübadiləsi zamanı erməni tərəfi “hamının hamıya” prinsipini tətbiq etməyi təklif edir. Bunu baş nazirin müavini Tiqran Avinyan dünən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşdə söylədi. Hətta gələcəkdə tərəflərdən hər hansı birində yeni məhbuslar ortaya çıxsa, dərhal və heç bir şərt qoyulmadan geri qaytarılacaq bir mexanizm yaradılması da təklif olunur. Xatırladaq ki, Azərbaycanın Əsir və itkin düşmüş şəxslərlə iş üzrə Dövlət Komissiyası da məhbus mübadiləsində “hamının hamıya” prinsipini dəstəklədiyini bildirib. Amma bu vaxta qədər Ermənistan tərəfinin bununla bağlı mövqeyi tamamilə fərqli olub.

Maraqlıdır ki, rəsmi Bakı bu prinsipi irəli sürdüyü zaman Ermənistan tərəfi niyə mövqesizlik nümayiş etdirdi? Müharibədən əvvəl də təsadüfən əsir götürülmüş Azərbaycanlı əsirlər Dilham Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı ermənilər hər zaman mövzudan yayınırdılar. Hətta, müharibə zamanı Azərbaycan Ordusu işğal altında olan əraziləri işğaldan azad etdiyi zaman Qarabağda saxlanılan həmin əsirlər Ermənistana aparıldı və bu da təsdiq edir ki, ermənilər bu vaxta qədər, indi səsləndirdikləri “hamının hamıya” prinsipinə qəti şəkildə razı olmayıblar. İndi nə oldu və külək hansı yandan əsdi ki, belə bir prinspdən dəm vurası oldular? Uzun illərdir ki, erməni tərəfi sərhədi təsadüfən keçən insanlara bunun şamil olunmayacağı qənaətində olublar. Maraqlıdır, yenə də belə qənaətdədirlərmi və bu qənaətdədirlərsə, hansı prinspdəm dəm vururlar? İndi erməni tərəfi prinsipin hər kəsə tətbiq olunacağını elan edir. Amma, bunun bu müharibədən əvvəl əsir düşənlərə aid olub olmadığı da hələ özləri üçün də müəmmalı olduğunu Ermənistan mediası etiraf edir.

Artıq Ermənistana məxsus, hətta mövcud hakimiyyətin əlində olan, tapşırıqlarını yerinə yetirən media belə etiraf edir ki, Paşinyan hökumətinin hərəkətsizliyi, cəhaləti, səriştəsizliyi və erməni tərəfinin məğlubiyyəti göz önündədir. Etiraf olunur ki, bu, nəinki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə nəzarət edə bilməyən, eyni zamanda yüzlərlə ailənin faciəvi atmosferini dəyişdirmək üçün məhbuslar və itkin düşənlər problemi üzərində gecə-gündüz işləyə bilməyən bir hökumətdir.

Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində 44 günlük müharibədən sonra Azərbaycan tərəfində 60 erməni əsirinin olduğu barədə məlumatlar yayılıb Ermənistan mediasında. Hətta, qondarma rejimin bir insan haqları müdafiəçisi, onların əksəriyyətinin İnternetdə yayılan videolar və qohumlarının verdiyi digər ifadələr əsasında müəyyən edildiyini iddia edir.

Müharibədən 23 gün sonra hələ də əsir düşən, itkin düşmüş hərbçilərin valideynləri müxtəlif hökumət binaları qarşısında etiraz edir və əsir götürülən mülki şəxslərin yaxınları “Qırmızı Xaç”ın qapıları qarşısındadırlar və yaxınları haqda məlumat gözləyirlər. Ermənistan hökumətinin nümayəndələri və insan haqları fəalları, 50-dən çox erməni məhbusla bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Strasburq Məhkəməsinə müraciət ediblər.

Xatırladaq ki, erməni mətbuatı yazır ki, üçtərəfli müqavilənin 8-ci maddəsində hərbi əsirlərin, digər məhbusların və ölənlərin cəsədlərinin mübadilə ediləcəyi bildirilir. İddia edilir ki, müqavilədə hər hansı bir son tarixin və ya bir müddətin sürətlə yerinə yetirilməsinə dair bir söz yoxdur. Hətta, Human Rights Watch tərəfindən erməni məhbuslarla qeyri-insani rəftar barədə guya dəhşətli xəbərlər verildiyi də bildirilir. Halbuki, erməni əsilli əsirlərə Azərbaycan tərəfi heç də şiddət tətbiq etməyib. Əksinə, qaytarılan əsirlərin heç birində belə bunun əksini söyləmək üçün əsasverici faktlar müşahidə edilməyib.

Bəli, Ermənistan tərəfi müharibədə uduzdu. Cəmi 44 gündən artıq tab gətirə bilmədi ermənilər Azərbaycan Ordusu qarşısında. Bu ermənilər üçün rüsvayçı bir məğlubiyyət hesab olunur. Üstəlik, düşdükləri acınacaqlı vəziyyətdən dolayı baş nazir Nikol Paşinyan ermənilər üçün rüsvayçı bir sənədə, məğlubiyyətlərini əks etdirən sənədə imza atdı. Müharibə meydanında rüsvayçı məğlubiyyətlərinin ardınca, diplomatik müstəvidə də rüsvayçı məğlubiyyətlə qarşılaşdılar. Əbəs yerə deyil ki, erməni cəmiyyəti, Ermənistan vətəndaşları hələ də bu rüsvayçılıqla barışa bilmirlər. Müharibənin məğlubiyyəti ilə bağlı Ermənistan tərəfinin aldığı şillənin ardınca da diplomatik bir şapalaq gördülər. Bu rüsvayçılıqlarını nəinki hərbi, siyasi ekspertlər, elə ən sadə Ermənistan vətəndaşı da başa düşür və etiraf edir.

İndi də ən maraqlı məqam ondan ibarətdir ki, bu məğlubiyyətləri ilə barışmaq istəməyən kütlənin qarşısında Ermənistan hökuməti hər zaman boyun qaçırdığı “hamının hamıya” prinsiplərini bəyan edir. Bu fakt özü də erməni cəmiyyətini qıcıqlandırır. Bunu ermənilər öz hakimiyyətlərinin növbəti məğlubiyyəti hesab etməklə kifayətlənmir. Hazırda Ermənistan ictimaiyyəti hesab edir ki, bu işğalçı ölkənin hakimiyyəti, ümumilikdə həmin dövlət Azərbaycan qarşısında bütün şərtlərə razılıq verir və növbəti dəfə alçalır. Hesab edirlər ki, Ermənistan hökuməti Azərbaycan dövləti qarşısında şərt qoymaq əvəzinə, qarşı tərəfin şərtlərinə müti şəkildə razı olur. Bu vəziyyət isə Nikol paşinyan hakimiyyətinə qarşı olan qıcığın, qəzəbin daha da artması deməkdir və bunu da hər kəs müşahidə edir. Onsuz da rüsvayçılıqları, alçalmaları fonunda ən ağız zərbəyə məruz qaldıqlarının, tərs şillə aldıqlarının fərqində olanlar indi də şillənin ardınca şapalaq zərbəsi ilə qarşılaşmalı oldular.

Amma, ədalət naminə etiraf etmək lazımdır ki, bu zərbələri həmin cəmiyyət, elə başda onun baş naziri, ətrafı, hakimiyyət komandası olmaqla haqq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə