"Dünyanın həmrəyliyə və əməkdaşlığa böyük ehtiyacı var" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə dünya ölkələri, eləcə də region ölkələri ilə müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın birgə əməkdaşlıqda xüsusi önəm verdiyi qurumlar arasında Birləşmiş Millətlər Təşkilatı xüsusi yer tutur: "Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyası keçirilməsi ölkəmizin dünya ölkələri arasında qazandığı xüsusi hörmətin, yüksək nüfuzun, eyni zamanda, Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir. Azərbaycan bu uğura Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində nail olub.

Bu gün dünyanın pandemiyanın kəskin xarakter aldığı bir dövrdə birliyə, həmrəyliyə və əməkdaşlığa böyük ehtiyacı var. Azərbaycan hər zaman olduğu kimi bu məsələyə də öz töhfəsini verməkdə davam edir. Azərbaycanın bir çox dünya dövlətlərinə humanitar yardım göstərməsi bu fikri bir daha təsdiq edir.
Bildiyiniz kimi, Azərbaycan virusla mübarizədə ilk adekvat və operativ qərar qəbul edən ölkələrdən biri oldu. Bu gün Azərbaycan bu sahədə bir çox dünya ölkələri üçün nümunədir. Azərbaycanın təklifi ilə belə bir mötəbər tədbirin - Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ölkəmizin növbəti böyük uğurudur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə