"Cənab Prezidentin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər Günü yazıldı" Malik Həsənov

“Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı tarixi Qələbə bölgədə yeni geosiyasi reallığın yaradılmasını şərtləndirdi. Beynəlxalq hüquq praktikasında və regionda yeni reallıqlar yaradan Azərbaycan diktə edən tərəf kimi çıxış edir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan dünyaya göstərdi ki, böyük, yenilməz xalqdır. Artıq inkişaf, təhlükəsizlik, tərəqqi dövrünə qədəm qoymuşuq. Dövlətimizin başçısı İlham Əliyev 1 dekabrda Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək, dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Artıq istədiyimizə nail olmuşuq və bundan sonra xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, qələbəmiz tarixi Qələbədir: “Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, üç rayonu isə düşməni məcbur edərək qaytardıq. Haqq-ədalət bərpa edildi, ərazi bütövlüyümüz təmin olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr şanlı Qələbəmizin təqdimatı kimi tarixə yazıldı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, artıq torpaqlarımızın işgal günlərini deyil, işğaldan azad edildikləri tarixi qeyd edəcəyik. Yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapdı. Artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb".

“Bu gün şanlı Qələbəyə gedən yol, bu Zəfəri şərtləndirən amillər bir daha geniş təhlil edilir” söyləyən millət vəkili bildirib ki, dövlətinin, xalqının bu gününü və gələcəyini düşünən Prezidenti olan xalq xoşbəxtdir: “Cənab İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər Günü yazıldı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında Zəfər Günü və Anım Günü təsis edildi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.”

M.Həsənov bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın üçrəngli bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə Prezidentinin digər Sərəncamı əsasında hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.

Millət vəkili vurğulayıb ki, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Artıq bu istəyimiz də gerçəkləşir: “Qələbə paradına hazırlıq işləri görülür. 10 noyabr tariximizin ən parlaq, haqqın-ədalətin, ərazi bütövlüyümüzün bərpa edildiyi tarix kimi yaddaşlara həkk olunacaq. Zəfərin mübarək Azərbaycan! Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan!”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...