Şamaxı rayonunda “Gorus-2010 absurd teatr mövsümü” əsəri müzakirə olunub
Bu gün Şamaxı Rayon İcra Hakimiyəti YAP Şamaxı rayon təşkilatı ilə birgə Heydər Əliyev Mərkəzində Akademik Ramiz Mehdiyevin ötən ilin sonunda nəşr olunan "Gorus-2010" absurd teatr mövsümü" əsəri müzakirə olunub.
SİA-nın verdiyi məlumata görə, yığıncağı giriş sözü ilə açan Şamaxı RİH-nin müavini Əşrəf Şükürov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strategiya informasiya sahəsində qazandığımız uğurlar sırasında ilk yerlərdən birinə akademik Ramiz Mehdiyevin ötən ilin sonundan nəşr olunan "Gorus-2010" absurd teatrı mövsümü əsərini aid etsək heç də yanılmarıq. Bu əsərin nəşri informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olub.
Kitabda xalq diplomatiyasının əsas elementlərindən olan etibarın və səmimiyyətin vacibliyi oxucunun diqqətinə çatdırılır. Ermənistan Prezidentinin tarixi saxtalaşdırmağı, Azərbaycan ərazilərini orta əsrlərə xas olan üsullarla - zorla beynəlxalq hüququn təməl prinsiplərini pozmaqla, işğal olunmasını acıq şəkildə oxuculara çatdırıb.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərlərinin dünya içtimaiyyətinə yanlış şəkildə çatdırmaq cəhdlərini elmi əsaslarla ifşa edib. Ermənistan öz ərazi iddialarının beynəlxalq hüquqda mövcud olan millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə əsaslandırmağı qərara alıb. Azərbaycan hazırda bir çox xususiyyətləri ilə yanaşı eyni zamanda dünya birliyi tərəfindən zəngin tarixə, mədəniyyətə, musiqiyə, tarixi abidələrə malik olan bir ölkə kimi tanınır. Lakin Dağlıq Qarabağ və onun ətrafında olan işğal olunmuş torpaqlardakı abidələrimiz haqqında beynəlxalq aləmdə ətraflı məlumatlar yoxdur. Azərbaycan bu gün erməni tapdağı altında qalan dünya və islam sivilizasiyasının nadir incilərindən olan tarixi abidələrinin məhv olmasını dünya ictimaiyyətinə çatdırmağa çalışır. Əsərdə qeyd olunur ki, bu gün ermənilərin işğal etdikləri torpaqlarda mədəni terror həyata keçirilir. Separatçılar tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıdırlar.
Tarixin müxtəlif mərhələlərində ermənilər addım-addım Azərbaycan torpaqlarını zəbt edib, tarixi abidələrini məhv edir və ya erməniləşdirir, yer adlarını dəyişdirirlər. Bu səbəbsiz deyil. Məlumdur ki, müəyyən etnosun bu və ya digər coğrafi məkanda təşəkkül tapmasının əsas sübutları maddi mədəniyyət abidələri və toponimlərdir. Bunları erməniləşdirməklə ermənilər bu torpaqlardan bizim izimizi itirməyə çalışırlar. Ermənilərin özlərinin etirafına görə təkcə 1992-ci ildə işğaldan sonra Azərbaycan ərazisində 1700 tarix və mədəniyyət abidələrimizin adları dəyişdirilərək erməni adları ilə əvəz edilib və erməni adları kimi təbliğ olunur. Ona görə bizim ən ümdə vəzifəmiz tarixin yaddaşlarını qorumaq və ermənilərin bu siyasətini dünya ictimaiyyəti qarşısında ifşa etməkdən ibarətdir.
Tarixi faktları özündə əks etdirən, elmi və sanballı dəlillərlə zəngin olan bu əsər son illər regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Kitabın Tibilisidə ingilis və rus dillərində çapdan çıxması yalnız Azərbaycanda deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində alimlər, politoloqlar, tədqiqatcılar ücün faydalı mənbə olacaqdır.
Çıxış edənlər - YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, tarix elimləri namizədi dosent Zərifə Cavadova, Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseyinov kitab haqqında fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB