"Qazanılan qələbələr Prezidentin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir" Ramin Məmmədov

“Azərbaycan dövlətinin ötən illər ərzində xarici siyasətinin ən mühüm hədəflərindən biri Ermənistan-Azərbaycan münaqişəsi haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması olub. Vətən müharibəsinin gedişində baş verən proseslər göstərdi ki, biz bu hədəfə nail olmuşuq”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları dövründə Ermənistanın demək olar təcrid olunmuş vəziyyətə düşməsi məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının məntiqi nəticəsi idi.

Onun sözlərinə görə, bəzi aparıcı ölkələrin, xüsusilə Avropa dövlətlərinin bir neçəsinin Azərbaycana qarşı daim qərəzli münasibətinə, ermənipərəst siyasət yürütməsinə baxmayaraq, bütün dünya Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi olması faktını qəbul edir. Təsadüfi deyil ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, daim Ermənistanın təəssübkeşi kimi çıxış edən Fransa da bu faktı etiraf etmək məcburiyyətində qaldı. Heç şübhəsiz ki, bu, Azərbaycanın apardığı ardıcıl siyasətin nəticəsində mümkün olmuşdur. Dövlətimizin başçısı bütün xarici səfərlərində, rəsmi görüşlərində, beynəlxalq səviyyəli tədbirlərdə çıxışları zamanı Qarabağın tarixi faktlara və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu xüsusi olaraq qeyd edirdi. Beynəlxalq təşkilatlar çərçivəsində də bu istiqamətdə davamlı iş aparılırdı.

Millət vəkili xatırladıb ki, ötən müddətdə BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın bu mövqeyini təsdiq edən sənədlər qəbul olunub ki, bu da Azərbaycanın ədalətli mövqeyinin dünya tərəfindən etiraf edilməsi demək idi.

“Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikcəsinə həyata keçirdiyi siyasət Azərbaycanın dünyada etibarlı dövlət imicinin formalaşmasında həlledici rol oynayıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməyə nail olub. Eyni zamanda, erməni lobbisi və diasporunun uzun illər ərzində Qarabağ mövzusu ətrafında formalaşdırdığı mif dağıdılıb. Azərbaycan həm informasiya müharibəsində, həm beynəlxalq ictimai rəyin formalaşdırılmasında, həm də qlobal güclərin regionda maraqlarının uzlaşdırılmasında, daha dəqiq ifadə etsək, bu maraqların Azərbaycanın milli mənafelərinə mümkün mənfi təsirlərinin neytrallaşdırılmasında çox ciddi uğurlar qazandı. Şübhəsiz ki, müharibədə ölkənin iqtisadi və hərbi potensialı mühüm amillərdir. Lakin geosiyasi şərait digər amillərdən heç də az əhəmiyyət kəsb etmir. Bu mənada hesab edirəm ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan bütün bu amillərin harmoniyasını yaratdı, tarixi situasiyanı, geosiyasi, hərbi, iqtisadi reallıqları düzgün qiymətləndirdi. Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasında məhz bu amillər mühüm rol oynadı”-,deyə deputat qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...