"Bu, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətin nümunəsidir" - ŞƏRH ÖZƏL

"Dağlıq Qarabağ münaqişənin tənzimlənməsində Rusiya ən fəal rol oynayan dövlətlərdən biri idi. Bu müddət ərzində Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu açıq şəkildə bəyan etmişdir. Eyni zamanda, müstəqil xarici siyasət yürüdən bir dövlət kimi Azərbaycanın müttəfiqlərini seçmək hüququnun olduğunu bildirməsi, düşünürəm ki, Rusiyanın beynəlxalq hüquqa sadiqliyinin bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanatda Rusiya həm daha öncədən müəyyənləşdirilmiş kvotaya uyğun olaraq sülhməramlılarının Dağlıq Qarabağın ərazisində yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirmiş, həm də razılaşdırılmış hüquqi çərçivəyə də uyğun olaraq Rusiya bölgəyə çatdırılması nəzərdə tutulan yüklərin məhz Azərbaycan vasitəsilə daşınmasını qərara almışdır: "Bu baxımdan da, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan avtomobil, hərbi qulluqçular və başqa maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib. Bir gün sonra isə sülhməramlılar üçün nəzərdə tutulan yük Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb".

Ekspert bildirib ki, həm Rusiya, həm Azərbaycan qarşılıqlı olaraq iki dövlət arasında olan əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xüsusi önəm verib: "Əlaqələrin yüksək səviyyədə olması və inkişafı birgə regional layihələrin həyata keçirilməsinə öz müsbət töhfəsini verir. Digər tərəfdən müqayisə aparsaq bir tərəfdə işğal siyasətinə görə bütün regional və beynəlxalq layihələrdən təcrid olunan, hal-hazırda isə istər siyasi, istərsə də iqtisadi cəhətdən tamamilə çökmüş Ermənistan, digər tərəfdə isə müharibədən zəfərlə ayrılmış, eyni zamanda illərdir qatıldığı və təşəbbüskarı olduğu layihələrə müsbət töhfə verən və bununla da dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi tanınan Azərbaycan, o zaman aydın olur ki, hansı dövlət regional və beynəlxalq aktorlar üçün daha cəlbedicidir. Bu baxımdan da sülhməramlı qüvvələrin ehtiyacı üçün tələb olunan yüklərin Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq protokola uyğun olaraq Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyə və suverenliyə hörmətin nümunəsi olmaqla yanaşı bu həm də Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin bariz göstəricisidir. Eyni zamanda, onu da nəzərə alsaq ki, Rusiya Ermənistanla həmsərhəd deyil və yüklərin təyyarələr vasitəsilə daşınması, daha sonra isə əlverişsiz, buraxılış imkanları məhdud olan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa çatdırılması vaxt və maliyyə məsələləri baxımdan əlverişli deyil o zaman haqlı olaraq deyə bilirik ki, Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu bu tipli əməliyyatların həyata keçirilməsi üçün son dərəcədə əlverişlidir".

Ş.Həsənova vurğulayıb ki, ümumilikdə dəyərləndirdikdə isə düşünürəm ki, Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi mövqe Dağlıq Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün də nümunə ola bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...