"Ermənistan tarixən digər dinlərə, onların abidələrinə qarşı dözümsüzlüyü ilə fərqlənib" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan dini dözümlülük və multikulturalizm sahəsində zəngin ənənə və təcrübəyə malik ölkələrdəndir. Azərbaycanda qədim dövrlərdən müxtəlif din və mədəniyyətlərin nümayəndələri əsrlərdir sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu münasibətlər müxtəlif mərhələlərdən və tarixin ağır sınaqlarından keçərək özünəməxsus xüsusiyyət və çalarlar qazanmışdır. Zaman-zaman təqib və repressiyalara məruz qalsa da, Azərbaycan xalqı daima öz milli-mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirmiş, digər din və mədəniyyətlərə tolerant münasibəti ilə seçilmişdir. Ermənistan isə tarixən digər dinlərə, onların abidələrinə qarşı dözümsüzlüyü ilə fərqlənmişdir. Burada yaşayan xalqlar hər zaman ayrı-seçkiliyə, dini dözümsüzlüyə məruz qalıblar". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, bu gün Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə bir çox xalqların nümayəndələri, o cümlədən, minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayırlar: "Bakının mərkəzində erməni kilsəsi və 5000 kitab qorunur. Eyni zamanda, Bakıda 3 pravoslav, 1 katolik kilsəsi, 2 sinaqoq fəaliyyət göstərir. Azərbaycandakı birgəyaşayış mədəniyyəti dünyanın tanınmış dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Müharibə başlayan ilk gündən Ermənistan münaqişəyə milli və dini don geyindirməyə çalışdı. Belə cəhdlərdən biri də Şuşada kilsənin guya Azərbaycan ordusu tərəfindən hədəfə alınması ilə bağlı növbəti şounun düzəldilməsi idi. Onlar özləri kilsəyə xələl gətirərək Azərbaycanı bu kilsəni dağıtmaqda günahlandırmağa çalışdılar. Ermənistanın xunta rejiminin bu cəhdi də fiaskoya uğradı, beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkə və qarşıya qoyulan məqsədlərə nail ola bilmədilər. Azərbaycandan fərqli olaraq, ermənilər işğal olunmuş ərazilərimizdə xalqımıza məxsus bütün məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanaları dağıdıb və talan ediblər, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Bu gün Qərbin müəyyən dairələrində işğaldan azad olunmuş ərazilərdə xristian abidələri ilə bağlı narahatlıq ifadə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məntiqdən belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar? Bu ikili standartların, islamafobiyanın növbəti bariz təzahürüdür. Ermənistan eyni zamanda, öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan "Şah Abbas", "Sərdar", "Hacı Novruz Əli" və digər məscidlərini tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Bu bir daha onu təsdiq edir ki, Ermənistan təkcə Azərbaycanlılara qarşı deyil digər dinlərin və xalqların nümayəndələrinə qarşı təcavüz həyata keçirib. Ermənilər tərəfindən ən çox təcavüzə qalan abidələrdən biri də alban abidələridir. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban Katolikosluğu ləğv edildikdən sonra onlar ermənilərin davamlə təcavüz və təxribatlarına məruz qaldılar. Bu abidələrin bir hissəi dağıdıldı, bir hissəsi isə qriqoryanlaşdırıldı. Bu kimi halların gələcəkdə təkrarlanmaması üçün Alban katolikosluğunun bərpası və və həmin kilsələrin idarəçiliyinin Alban-udi icmasına verilməsi məqsədəuyğun sayılır. Biz ermənilərdən fərqli olaraq, əcdadlarımızdan bizə yadigar qalan o abidələrə sahib çıxaraq onları mütləq bərpa edəcəyik, qoruyaraq gələcək nəsillərə çatdıracayıq".
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə