"Paşinyan çalışır ki, ölkədə siyasi vəziyyəti sabitləşdirsin" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanda hərbi vəziyyətin ləğv edilməməsi, əsasən, Baş nazir Nikol Paşinyanın daxili siyasi vəziyyəti nəzarətdə saxlamaq, müxalifətin geniş etirazlarının davam etməsinin qarşısnı almağa hesablanıb". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Nikol Paşinyana qarşı Qarabağ kalnının səssiz qalması, Robert Koçaryan və Serj Sarkisyanın səssiz qalması Kremlin göstərişindən irəli gəlir: "Çünki hazırkı durumda "Qarabağ klanı"nın hakimiyyətə gəlməsi xalqın geniş etirazlarına səbəb olar, həm də Qarabağla bağlı məsələdə hazırkı vəziyyət onların siyasətinə uyğun deyil. Ona görə də öz səsizliklərini qoruyur. Buna baxmayaraq, ölkədə "Vətən" partiyasının sədri A. Vanetsyan bir müddətdən sonra Nikol Paşinyana qarşı qüvvələrini toparlayacaq. Baş nazir Nikol Paşinyan çalışır ki, ölkədə siyasi vəziyyəti sabitləşdirsin, Rusiya prezidenti V. Putinlə Qarabağla bağlı məsələdə müəyyən bir irəliləyişə nail olsun. Əsasən, Qarabağın statusunu qabartmaqla, növbəti mərhələdə digər ölkələrin parlamentlərində "müstəqillik" sənədinin qəbul edilməsinə nail olunsun. Bununla Nikol Paşinyan ölkə daxilində "Qarabağın müstəqilliyi" ilə bağlı siyasətini davam etdirdiyini nümayiş etdirəcək. Rusiya və Ermənistan arasında mövcud əlaqələr bir müddət hamar olaraq davam edəcək. Vladimir Putin Qarabağla bağlı siyasi vəziyyətin stabilləşdirəndən sonra Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq. Çünki Nikol Paşinyanın apardığı siyasət Rusiyanı qane etmir və onun hakimiyyətdə olması Moskvanın geosiyasi maraqlarını təhdid edir. Amma Ermənistan əhalisi ölkədə növbəti Rusiyayönümlü bir sistemin qurulmasında maraqlı deyil. Ona görə də Rusiyanın Ermənistanda siyasi hakimiyyəti dəyişməsi gərginliyə gətirib çıxara bilər. Nikol Paşinyan hakimiyyətdə qala bilərsə, altı aydan sonra ölkə ərazisində Rusiya hərbi bazasının çıxarılmasını gündəmə gətirəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə