Vüqar Bayramov: \"\"Eurovision\" siyasi, mədəni və iqtisadi markadır\" - MÜSAHİBƏ (SəsTV)
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Eurovision-2011 mahnı müsabiqəsində qazandığımız qələbə mədəni sahəylə yanaşı, iqtisadi sahədə də uğur sayıla bilərmi?
- İlk öncə bu qələbəmizlə bağlı bütün Azərbaycan xalqını təbrik edirəm. Təbii ki, bu kifayət qədər böyük və önəmli qələbdir. Bu qələbə Azərbaycan mədəniyyətinin Avropa tərəfindən tanınması və qəbul edilməsinin əsas göstəricisidir. \"Eurovision\"un fərqi və üstünlüyü də ondadır ki, bu müsabiqədə seçimi məhz avropalılar edir. Təbii ki, bütün bunlarla yanaşı, qeyd etməliyəm ki, \"Eurovision\"da qazanılan qələbə təkcə mədəni hadisə deyil, eyni zamanda siyasi və iqtisadi hadisədir. Çünki bu müsabiqə praktik olaraq bütün Avropanı əhatə edir. Müsabiqədə qalib gələn ölkə öz üzərinə böyük bir iqtisadi məsuliyyət götürmüş olur. Belə ki, milyonlarla insanın izlədiyi müsabiqəni təşkil etmək üçün səhnə qurmaq kifayət qədər ciddi iqtisadi güc tələb edən işdir. Gələn il keçiriləcək müsabiqəyə ölkəmizin ev sahibliyi etməsi qələbənin ən əsas tərəfidir. Çünki, bu vasitə ilə Azərbaycan öz mədəni, iqtisadi gücünü bir daha isbat etmiş olacaq. Yəni \"Eurovision\" siyasi, mədəni və iqtisadi markadır.
- Eurovisionda qazanılan qələbə Azərbaycanın turizm sektoruna necə təsir göstərəcək?
- Təbii ki, bu qələbə turizm sahəsinin inkişafı aspektindən qiymətləndirilməlidir. Çünki bu qələbə turizmin inkişafı ilə birbaşa əlaqəlidir. Azərbaycan qələbə qazandıqdan sonra milyonlarla insan internet vasitəsilə ölkəmiz haqqında məlumatlar öyrənməyə başlayıb. Digər tərəfdən isə, \"Eurovision\" müsabiqəsi keçirilən zaman 10 minlərlə insan ölkəmizə gələcək. Müsabiqənin turizm sahəsinə müsbət təsiri isə ondan ibarətdir ki, ölkəmizə gələn turistlər müsabiqə bitənə kimi Bakıda qalacaq, müxtəlif bölgələri görməyə gedəcək və otellərdən istifadə edəcəklər. Bu da turizmin inkişafına daha çox xaricdən kapitalın yönəldilməsinə, turizm şirkətlərinin müsbət yöndə inkişafına səbəb olacaq. Bununla yanaşı, Eurovisionun Azərbaycanda keçirilməsi bütün dünya ölkələri arasında Azərbaycana xüsusi bir maraq yaradacaq. Müsabiqənin keçiriləcəyi yer gələcəkdə turistlərin ziyarət edəcəyi yer kimi yadda qalacaq. 2011-ci ilin Azərbaycan prezidenti tərəfindən \"Turizm ili\" elan olunması və bu ildə Azərbaycanın \"Eurovision\"da qələbə qazanması çox uğurlu və ifadəolunmaz haldır.
- \"Eurovision\" müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsinin iqtisadiyyatımıza, iqtisadi imkanlarımızın nümayişinə, ölkəmiz haqqında reallıqların təbliğinə hansı xeyirləri olacaq?
-Təbii ki, \"Eurovision\" ümumilikdə mədəni hadisə olsa da, əslində Azərbaycan iqtisadiyyatı üçün çox önəmli hadisədir. Bütün rəsmi açıqlamalar da onu göstərir ki, Azərbaycan hökuməti \"Eurovision\" müsabiqəsinə yalnız mədəni baxımdan deyil, eyni zamanda iqtisadi baxımdan da üstünlük verir və bu müsabiqəni iqtisadiyyatın inkişafına ciddi təsir edəcək bir hadisə kimi qiymətləndirir. Azərbaycan Prezidentinin sərəncamı ilə artıq bir sıra sektorlarda nağd hesablaşmalar qadağan olunacaq və nağdsız ödənişlərə keçiləcək. \"Eurovision\"dakı qələbədən sonra baş verəcək hadisələr digər sahələr kimi, yalnız dövlət qurumlarının deyil, eyni zamanda özəl sektorunda da nağdsız ödəniş sisteminin inkişafına gətirib çıxaracaq. Nəticədə Azərbaycanda bank sektoru inkişaf edəcək və bu da ölkə iqtisadiyyatının Avropaya inteqrasiya etməsinə səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB