"Kəlbəcərin işğaldan azad olunmasına zərurət asanlıqla başa gəlməyib" - ŞƏRH ÖZƏL

"Kəlbəcərin 25 noyabrda Ermənistanın işğalından azad edilməsi döyüşlə çox çətin keçilə bilən mürəkkəb hədəflərin qeyri-döyüş və diplomatiya sayəsində azad edilməsinin nadir tarixi nümunələrindən biridir. Ərazini relyef baxımından yaxşı tanıyanlar bilir ki, Kəlbəcərin 27 illik erməni işğalından dinc yolla və qan tökülmədən azad edilməsinə nail olmaq nə deməkdir. Ərazinin təbii çətin relyef xüsusiyyətlərinə Ermənistanın 27 illik müdafiə hazırlıqlarını da əlavə etsək, Azərbaycanın siyasi - hərbi rəhbərləyinin necə çətin bir məqsədə nail ola bildiyini təsəvvür etmək mümkün olur". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, Kəlbəcərin digər işğal altındakı ərazilərimiz kimi azad olunması tarixi zərurət olsa da, bu zərurət öz-özünə və asanlıqla əmələ gəlmədi: "Kəlbəcərin Azərbaycan dövlətinin suveren hakimiyyəti altına qaytarılması Prezidentin apardığı çoxillik hərbi və diplomatik-siyasi hazırlıqların məntiqi nəticəsidir. Azərbaycan ərazilərinin bir hissəsinin ağır döyüşlərlə , digər hissəsinin isə Ağdam, Kəlbəcər və Laçının timsalında olduğu kimi mütləq dinc şəkildə azad edilməsi bir-birini tamamlayan uğurlu hərbi-diplomatik konsepsiyanın tərkib hissələridir. Bu konsepsiyanın şəriksiz müəlliflik hüququ ancaq İlham Əliyevə və onun düzgün yönəldə bildiyi xalq-ordu birliyinə məxsusdur".

Siyasi şərhçi bildirib ki, Kəlbəcərin qansız azad olunması həqiqətən Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda,əsasən də Şuşada qazanılmış hərbi uğurun qaçılmaz nəticəsi kimi mümkün oldu: "Bütün digər rayonların da mütləq qansız azad edilməsinin mümkünlük iddiaları reallığa uyğun deyil. Bütün cəmiyyətimiz başda Prezident özü şəxsən olmaqla istərdik ki, digər rayonlar da Ağdam, Kəlbəcər kimi mütləq dinc yolla qaytarılaydı. Ancaq elə bir qəddar düşmənlə üz -üzə idik ki, Şuşaya qədər cəsur əskərlərimizin igidliyi və itkilərimiz olmasaydı, düşməni şərtsiz təslimə və digər rayonları xoşluqla qaytarmağa məcbur edə bilməzdik".

A.Quliyev vurğulayıb ki, Kəlbəcərin Azərbaycana dinc yolla qaytarılması bir-birini tamamlayan ağıllı diplomatiya və hərb siyasətimizin parlaq səhifəsidir: "Növbəti səhifələr də olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə