Siyasətdə AYAQQABI ilə CORABIN fərqi KÖŞƏ YAZISI

Prezident Ağdama getdi və orada növbəti dəfə xalqı maraqlandıran bir sıra fikirlərini elə xalqın dilində də bəyan etdi. Bu çıxış bir daha isbatladı ki, O, xalqının OĞLUDUR, xalqının ADAMIDIR...

Amma O, həm də xalqının milli-mənəvi və özəlliklə dini, islami ruhunun DAŞIYICISI, MÜHAFİZƏKARI olduğunu da sübuta yetirdi. Necə? Ali Baş Komandanımız və xanımı azad edilmiş Ağdamımızın “Cümə” məscidini ziyarətləri əsnasında - ayaqqabılarını çıxararaq, soyuq, daş-kəsəkli döşəmənin üzərində ibadətgahımıza daxil oldular, məscidin divarlarını öpərək, Məkkədən gətirilən müqəddəs Qurani-Şərifi məscidə gətirərək!

Bu barədə çox danışılacaq və çox fikirlər bildiriləcək, xüsusilə Prezidentimizin və xanımının sadəlikləri, xalqçılıq mahiyyətlərinin şərh olunması ilə. Lakin...

Lakin bugünlərdə bir çoxlarını düşündürən daha bir məsələ var: Əgər dövlət başçımız öz sadəliyi ilə, hətta heç bir xalçası, kilimi döşənməmiş, dağıdılmış, daş döşəməli məscidə tükənməz ehtiram hissi göstərib, ayaqqabılarını çıxarırsa, ora corabla daxil olursa, onda bəzi yüksək vəzifəli məmurlarımız nəyə görə istər şəhid evi olsun, istər aztəminatlı ailənin evi olsun, istərsə də dini ibadətgah, məscid olsun – ayaqqabı ilə daxil olurlar. Mən burada ad çəkib, məsələni birmənalı olaraq, konkret bəlli şəxslərin üzərinə yönəltməyi düşünmürəm, amma belə dövlət məmurlarımız kifayət qədərdir. Hər yerə ayaqqabı ilə daxil olmaq. Bu, ilk növbədə heç bir milli dəyərlərimizə cavab verməyən bir addımdır və inanmıram ki, onlar öz evlərində də ayaqqabı ilə gəzirlər. Bəlkə də gəzirlər, bu vasitə ilə özlərini “aristokratlar”, “sosyetələr” zümrəsinə daxil edirlər, başqalarına bunu göstərməyə çalışırlar. Ancaq onlar əzəldənmi “aristokrat”, yaxud “sosyetiklik” mücəssəməsinin daşıyıcıları olublar? Dədə-babaları, nənələrindənmi bunu görüblər? Əsla! Hər birimizin kökündə milli-əxlaqa, milli sosial dəyərlərimizə söykənən bir gerçəklik dayanır və bu gün həmin dəyərləri ayaq altına atıb, ayaqqabı ilə tapdalamağa heç kimin haqqı yoxdur, bax Prezidentimiz və xanımı öz möhtəşəm, sadəliyi nümayiş etdirən addımları ilə bu ismarıcı da bəzi məmurların diqqətinə çatdırdılar. Çatdırdılar ki, bütün vətəndaşlar – sosial durumundan, vəzifəsindən, ranqından asılı olmayaraq eynidirlər, bərabərdirlər, heç bir ayrıseçkiliyə də yer yoxdur.

Hələ bir neçə il əvvəl ölkə rəhbərimiz çıxışlarında məmurlara xəbərdarlığını etmişdi, sonrakı illərdə də biz bunun şahidi olduq. Siyasi və kadr islahatları çərçivəsində qudurğan məmurlar cəzalarını aldılar, icra başçıları çirkin əməllərinə görə cəzalarını alaraq məsuliyyətə cəlb edildilər. İndi daha bir sual meydana çıxır: məgər dövlət başçımız ayaqqabı məsələsində də ayrıca fikir bildirməlidir ki, bəzi “sosyetik” məmurlar bunu anlasınlar və tapşırığa riayət etsinlər ki, millətin evinə ayaqqabı ilə daxil olmaq yumşaq desək, həmin ev sahibinin alçaldılması, ya da özlərini sadə vətəndaşdan üstün tutmaq cəhdidir?! Məgər bunun üçün “ayaqqabı və corab siyasəti” ətrafında bu fərqlilikləri izah olunmalıdır?!

Yəqin ki, zaman-zaman hətta ən kiçik problemlər bütün detalları ilə həll olunacaq, insanların heysiyyatına, mənəviyyatına xələl vura biləcək hər bir addımlar incələnərək aradan qaldırılacaq, necə ki, bütün Azərbaycan xalqının 30 illik zədəli qüruruna Müzəffər Ali Baş Komandanımız, şanlı Ordumuz, əsgərlərimiz, zabitlərimiz 44 günlük qalibiyyət zəfərləri ilə məlhəm oldular. Yerdə qalanını isə, məhz bu gün “ayaqqabı siyasəti” yürüdən bəzi məmurlar düşünsünlər, nəticə çıxarsınlar ki, “corab siyasəti” ilə aralarında nə qədər böyük bir fərq var!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...