Bəhruz Quliyev: “Xalqımızda yüksək vətənpərvərlik ruhu var” AÇIQLAMA

“Vətən müharibəsi başlayan günə qədər Azərbaycanın əsas uğurlarının arxasında, heç şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq diplomatik siyasət dayanıb”. Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə malikdir və Prezidentin son 17 illik fəaliyyəti də bu zəfərlərin bazasını yaradıb: “Uzun illərdir aparılan uğurlu diplomatik fəaliyyət sentyabrın 27-də başlayan Vətən müharibəsinin hüquqi bazası oldu. Prezident İlham Əliyev mahir bir diplomat kimi dünyada gedən siyasi proseslərin mahiyyətini düzgün təhlil etməyi bacardı və bu, ölkə başçısının 17 ildəki fəaliyyətinin prioritelərindən biri idi. Prezident Qarabağ məsələsinin sülh yolu ilə həll edilməyəcəyi təqdirdə hərb yolunun qaçılmaz olduğunu bildiyi üçün diplomatik fəaliyyəti məhz hərb dönəmində hüquqi bazanın formalaşdırmasına yönəlib.

Qurum rəhbəri bildirib ki, beynəlxalq səviyyədə erməniliyin yaratmış olduğu ciddi problemlər və Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası imkan vermirdi ki, işğal olunmuş torpaqlarımız danışıqlar yolu ilə azad edilsin: “Əlbəttə, cənab Prezidentə tamamilə bəlli idi ki, emrənilər işğal olunmuş torpaqlardan çıxmayacaqlar. Ona görə də 17 il ərzində, eyni zamanda, dövlətin iqtisadiyyatını gücləndirir, Azərbaycanın maliyyə ehtiyatlarını yaradır, artırır, təkamülə söykənən islahatlarını ardıcıllıqla və sistemli şəkildə həyata keçirirdi. Həmçinin dövlətin immunitetini artırır, qüvvələtləndirir, paralel olaraq isə güclü Azərbaycan ordusunu formalaşdırırdı. Bunlarla yanaşı, artıq qloballaşan Dağlıq Qarabağ probleminin həllini xeyli dərəcədə beynəlxalq güclərdən asılılığını nəzərə alan Prezidentimiz bu baxımdan ilk növbədə Avropaya inteqrasiyanın davamlı xarakter daşıması üçün mümkün olan hər şeyi etdi”.

Bəhruz Quliyev bildirib ki, Ulu Öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı da bir daha diqqətə çatdırdı ki, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu gün Azərbaycanın şanlı ordusu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Vahid bayraq altnda birləşən şanlı Azərbaycan Ordusununun əldə etdiyi bugünkü uğurunun səbəbi bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Qalibiyyətimiz Ali Baş Komandan, Böyük Sərkərdənin birbaşa rəhbərliyi ilə dəqiq yerinə yetirilən döyüş tapşırığıdır. Dövlət başçısının da qeyd etdiyi kimi 44 günlük müharibə dövründə Azərbaycan Ordusu ermənilərin illərlə "yenilməzlik" mifi yaratdığı Koçaryan, Sarkisyan ordusunu məhv etdi. Azərbaycan Ordusu 90-cı illərdə Azərbaycanlılara qarşı soyqırım edən, terrorist Koçaryan və Sarkisyanı diz çökdürdü və sübut etdi ki, bu gündən sonra onlar qalan miskin həyatlarını məğlub edilmiş, qorxaq damğası ilə yaşamağa məhkumdurlar”.

Siyasi ekspert hesab edir ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur: “Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş yalnız bir cəbhədə vuruşurdu və qələbə xəbərlərinə köklənmişdi. Yaşından asılı olmayaraq minlərlə vətəndaşımız könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edirdi. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları da həmrəylik nümayiş etdirərək ölkə Prezidenti, Ali Baş Komandanı birmənalı şəkildə dəstəklədiklərini bəyan etdilər. Bütövlükdə, qazanılan qələbəmizdə Liderə inamın, milli birliyimizin və həmrəyliyimizin çox böyük rolu oldu”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...