Haqqa, ədalətə gedən yol – QƏLƏBƏLƏR YOLU!

Prezident İlham Əliyev: “İndi Ağdam üçün yeni dövr başlayır”

2020-ci il 10 noyabr – AĞDAM şəhərinin azad olunduğu tarixi gün. Bəli, bu gün murdar erməni işğalçıları Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan, tək Qarabağın yox, Azərbaycanın AĞDAM şəhəri Azərbaycana qayıtdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bu tarixi sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin edir.

Ali Baş Komandanımız noyabrın 20-də xalqa müraciətində demişdir: “Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!”.

“Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”, - deyə dövlət başçısı qeyd edib.

“Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz”

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciət edərək bütün ağdamlıları təbrik edib. Bildirib ki, artıq siz qaçqın deyilsiniz: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi”.

“Hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaq”

“Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq”. Dövlət başçısının sözlərinə görə, onun göstərişi ilə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb: “Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik, bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

“Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir”

Dövlət başçısı ağdamlılara müraciətində Ağdam rayonun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır”.

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib ki, indi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var: "İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb”.

Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşduqlarını, şəhidlər verdiklərini deyib: “Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar”.

“Bəs nə oldu sizin döyüşkən ordunuz? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik”

“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı”. Prezident İlham Əliyev ağdamlılara müraciətində bu fikirləri deyərək bildirib ki, qeyd edib ki, bunu deməyə əsas verən bir çox amillər var: «İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası" keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər”.

Dövlət başçısı, həmçinin, məsələnin sülh yolu ilə həll olunmamasından danışıb: “Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər”.

“İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur”

Prezident İlham Əliyev bildirib ki, sülh yolu ilə bu məsələni həll etməyin nəticəsi nə oldu?: “Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək. İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və dünyaya yayır, biabır edir onları”. “Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər”,-deyən dövlət başçısı onu da qeyd edib ki, onların “yenilməz orduları məhv edildi: «Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı”.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır”

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər”,-deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilib: «Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb”.

Dövlət başçısı bildirib ki, ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır: “Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

“Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, bunu onların rəsmi şəxsləri deyirlər”

Dövlət başçısı bildirib ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərir, erməni əsgəri fərarililik: “Bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”.

Dövlət başçısı qeyd edib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz.

“Əgər erməni faşizmi bir də baş qaldırsa, 10 qatını alacaqlar və heç kim bizi durdura bilməz”

Ali Baş Komandan İlham Əliyev Ermənistan tərəfindən uydurmalarına da aydınlıq gətirərək bildirib ki, erməni qaçqın olub, yalan danışan olub: “İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır”.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb: “Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. "Mənə kömək edin" onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?”

Ali Baş Komandan qeyd edib ki, qaçqınların sayı ilə bağlı bu yalanları ifşa ediləcək, əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq: "Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin”. Prezident bəyan edib ki, özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq: “Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz”.

“Ermənistan ordusu oğrulardan ibarətdir”

“Ermənistan ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları» qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar”,- deyən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib: "Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək”. Prezident İlham Əliyev deyib ki, Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil: “Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, «məğlub edilmiş ölkə» damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər”.

“Haradasan, Avropa Şurası, niyə susursan? Niyə susursan Avropa Parlamenti?”

“Biz bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən”. Dövlət başçısı Ermənistan baş nazirinin rəzil bir durumda hansısa qapalı bir yerdə, anbarda imza atmasının o qədəo də önəmli olmadığını deyərək bildirib ki, onun imzası orada var: “Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil»,-deyən dövlət başçısı bildirib ki, amma o qədər də önəmli deyil: “Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır”.

Prezident qeyd edib ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi: “Bu şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın, beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası, haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan, Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan, Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu, susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu, susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə”.

“Düşmənin başını elə əzdik ki, onu əbədi yadda saxlayacaq”

“Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz", -qeyd edən Prezident İlham Əliyev bildirib ki, bizim gücümüz birliyimizdədir: "Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik”. “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq”,-deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan yeni tarix yazır: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!”.

Bəli, bu gün Müzəffər Azərbaycan Ordusu ZƏFƏR çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Ağdamımız, Kəlbəcərimiz, Laçınımız…bütün Qarabağımız Prezident, Ali Baş Komandanımız İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun Gücü, igid əsgər və zabitlərimizin şücaəti ilə Azərbaycana əbədi yadigar qalacaq!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə