YAP Gənclər Birliyi partiyanın yaradılmasının 28-ci ildönümünü qeyd edib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə YAP Gənclər Birliyi tərəfindən onlayn videokonfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, videokonfransda YAP Siyasi Şuranın üzvü Sudeyf İmamverdiyev, Milli Məclisin deputatı Ramin Məmmədov və partiyanın könüllüləri iştirak edib. Videokonfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov ilk növbədə videokonfrans iştirakçılarını salamlayaraq, şanlı qələbəmiz və partiyanın yaradılmasının 28-ci ildönümü münasibətilə hər kəsi təbrik edib. Daha sonra Ramin Məmmədov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: "Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Çünki o zaman Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Videokonfransda çıxış edən Yeni Azərbaycan Partiyasının qurucularından biri və Siyasi Şurasının üzvü Sudeyf İmamverdiyev partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildirib: "Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı". S.İmamverdiyev deyib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 28 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. S.İmamverdiyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyası qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, ümumxalq partiyasına çevrildi. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. "Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü məhz onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır"" - deyə, S.İmamverdiyev vurğulayıb. Sonda gənclərin sualları cavablandırılıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...