“Eurovision\"-dakı qələbəmiz Ermənistanın boğazında qalıb

“Eurovision\"-dakı qələbəmiz Ermənistanın boğazında qalıb

Ermənistan Eldar Qasımov və Nigar Camalın "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsini həzm edə bilmir. Azərbaycanın qələbəsi artıq hakim dairələr tərəfindən kəskin ifadələrlə qarşılanıb. Əslində bu da anlaşılandır. Məğlubiyyətin dadı acı olur. Həmişə özünü haqlı göstərməyə can atan Ermənistan tərəfi mədəniyyət sahəsində məğlubiyyətlərini siyasiləşdirməyə başlayıb. İlk reaksiya isə hakim partiyada özünə yer tutan, milli şuranın üzvü Qaqik Melikyandan gəlib. Hərəkəti mədəniyyətsizliyin göstəricisi olan erməni millət vəkili ilk öncə Emmini ağ yuyub, qara sərib: "Bu məğlubiyyət acizlikdir. Həqiqətən sözüm yoxdur. Səhnəyə qırmız paltarda çıxıb. Sanki yay ərəfəsində Şaxta Baba gəlib. Budur bizim geyimimiz?". Əsəblərini cilovlaya bilməyən millət vəkili bu müsabiqədə Azərbaycanın qalibiyyəti ilə barışmayacağını deyib: "Azərbaycan qalib gəldi. Bu dözülməzdir. Siz məni insan olmayan və ya demokrat olmayan bir şəxs adlandıra bilərsiz. Ancaq Azərbaycan qalib gəldi. Hər dəfə məğlubiyyət. Artıq ayıbdır".

Eyni zamanda Qaqik Ermənistan İctimai televiziyasının rəhbərini təhqir edib: "Apardığınız təşviqat bu idi. Apar bunu tulla zibilxanaya. Heç utanmır Aleksan Arutyunyan". O, Ermənistan İctimai televiziyasının fəaliyyəti ilə bağlı parlamentdə müzakirələr aparılması ilə bağlı təkliflə çıxış edəcəyini qeyd edib.

Eyni zamanda Eldar Qasımov və Nigar Camalın "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsindən dərhal sonra yeni mövzu gündəmə gəlib. Söhbət Ermənistan təmsilçilərinin Azərbaycana gəlməsindən gedir. "Azadlıq" radiosunun erməni redaksiyası bununla bağlı araşdırma aparıb. Mövzu ilə əlaqədar Ermənistan İctimai televiziyasının Şura sədri Aleksan Arutyunyan suala cavab vermək istəməyib və bildirib ki, "Eurovision" müsabiqəsi ilə bağlı hələlik şərh verilmir.

Avropa Yayım Şurasında "Eurovision"un icraçı prodüsseri Yon Ola Sand isə Cenevrədən telefonla bunları deyib: "Biz gözləyirik ki, Avropa Yayım Şurasının məsuliyyətli müttəfiqi olan ev sahibi-Azərbaycan Bakıya gedəcək hər bir nümayəndə heyətinin təhlükəsizliyini təmin edəcək. İstisna olmamalıdır". Erməni tamaşaçıların, eləcə də, bayraqların və digər rəmzlərin olmasına gəlincə, Yon Ola Sand deyib: "Hər şey "Eurovision"da həmişə olduğu kimi olmalıdır. Azərbaycan üçün istisna hal nəzərdə tutulmur".

Radionun əməkdaşları İrəvanın küçələrində ermənilərin də rəyini soruşublar. Sorğu zamanı yekdil mövqe ondan ibarət olub ki, müsabiqədə iştirak etməyə dəyməz. İrəvan sakinlərinin fikrincə, Ermənistan hökuməti müsabiqəyə vəsait sərf etməkdənsə, həmin pulları daha vacib problemlərin həllinə yönəltməlidir. Sorğu iştirakçılarından biri isə deyib ki, əgər "Eurovision"a siyasətdən kənar yanaşılsa, o zaman Ermənistan iştirak etməlidir. Onların fikrincə, amma mahnı müsabiqəsinin özünün də siyasi tərəfləri olduğundan, Ermənistan müğənnisinin "Eurovision-2012"-də iştirakı baş tutmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə