Tahir Əkbər: “Bizim bu qələbəmiz sanki Qarabağımızın geri qaytarılması üçün bir başlanğıcdır” - SƏS TV
SəsTV-nin qonaqları incəsənət xadimləri - Xalq artisti, \"Şöhrət\" ordenli tarzən Ramiz Quliyev və bəstəkar Tahir Əkbərdir.
- \"Eurovision -2011\"də qazandağımız qələbəni dünya azərbaycanlıları üçün bir töhfə hesab etmək olarmı?
Ramiz Quliyev: \"Əlbəttə. Bu çox böyük və möhtəşəm bir qələbədir. Azərbaycan musiqisi, mədəniyyəti, müstəqilliyi üçün bir töhfədir. Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi bir sıra qələbələr var. Azərbaycanın mədəniyyət tarixində əvəzi olmayan tarixi qələbəyə imza atdıq. Bunun da bir sıra mənaları var. Ölkəmiz zaman-zaman əldə olunan uğurları dəyərləndirdi, onları yüksək səviyyədə tutdu. Azərbaycanda bir sıra beynəlxalq forumlar təşkil edilib. Xalqımız çox istedadlar yetişdirib. Ancaq onu yönəltmək və istiqamətləndirmək, bu qələbəyə səsləmək, təbii ki, dövlət proqramı çərçivəsində olur. Bu qələbə ilə müstəqilliyimiz uğrunda apardığımız mübarizə səhifəsinə möhtəşəm imza atdıq. Şərq ölkələri arasında Azərbaycan ilk dəfədir ki, \"Eurovision\" mahnı müsabiqəsi tarixində birinci olur. Sonuncu final günündə gecə saat 4-də qədər o həyəcanı ən az təmsilçilərimiz qədər ailəlikcə keçirdik. Qələbəmizi eşidəndə çox sevincli idik. Bunu hamı ilə birlikdə qeyd etdik. Bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm\".
- Bildiyimiz kimi Ermənistan təmsilçisi finala vəsiqə qazana bilmədi. Bu, Azərbaycanın onlardan daha üstün olduğunun bariz nümunəsi deyilmi?
Tahir Əkbər: \"Təbii ki, bu belədir. Bizim çox zəngin bir mədəniyyətimiz var. Sevindirici haldır ki, estrada, pop musiqisi janrında olan ifanın vasitəsi ilə böyük bir nailiyyətə sahib olduq. Təbii ki, bu qələbəni qazanmaq da asan deyildi. Necə deyərlər ot öz kökü üstünsə bitər. Bizim Azərbaycan xalqının zəngin mədəniyyət kökləri var. Bizim bir çox tanınmış bəstəkarlarımız beynəlxalq tədbirlərində ölkəmizi layiqincə təmsil ediblər. Artıq yeni nəsillər yeni uğurlara imza atır. Artıq 4-cü ildir ki, bu müsabiqədə iştirak edirik. Baxmayaraq ki, ilk dəfə təmsil edildikdə 8-ci yeri qazanmışdıq, lakin daima diqqət mərkəzində idik. Bu da bizim geniş musiqi mədəniyyətimizin olması ilə bağlıdır. Azərbaycan hər zaman öz musiqisi ilə Avropa ölkələrində tanınıb. Pop musiqisi bütün dünyada yayılan bir janrdır. Çox qısa bir müddətdə ifaçılarımız birinci yerə çıxa bildilər. Bu azərbaycanlılar üçün böyük şərəfdir. Azərbaycan daim inkişaf edir. Bu qələbə Azərbaycanın tanınmasında çox mühüm rol oynayacaq\".
- Onlar hər zaman nələrisə bizlərdən mənimsəyib öyrəniblər. Ancaq bu il bacarmadılar deyə çılpaq qaldılar.
Ramiz Quliyev: \"Ermənilər \"Köçəri\" rəqsini mənimsəmək istəyirdilər, ancaq bacarmadılar. \"Eurovision\" mahnı müsabiqəsində də oğurluq keçmədiyinə görə finala keçə bilmədilər\".
Tahir Əkbər: \"Ermənilər bu il heç nə edə bilmədilər. Göstəriləsi bir şey də yox idi, çünki onların özləri heç nədirlər. Allah onlara səbr versin. Belə bir düşüncəm var ki, qardaş Türkiyə finala keçə bilmədi, ancaq gələn il Azərbaycan uda bilməsə, Türkiyə mütləq qələbə qazanacaq. Gələnilki yarışmanın Azərbaycanda keçirilməsi Avropanın pop musiqisini burada daha da tanıtdıracaq\".
- Bu qələbənin davamını Şuşada və Xankəndində olmasına əminlik yarada bilərmi?
Ramiz Quliyev: \"Təbii ki bu bizim ən böyük arzumuzdur. Qədim bir mədəniyyətə malik Azərbaycanın Şuşa kimi möhtəşəm musiqi beşiyi var. Şərqdə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin operettasını yaratmışıq. Bununla yanaşı, Azərbaycan özü siyasi baxımdan ilk dəfə olaraq müstəqil dövlətçiliyinin vaxtında həyata keçirmişdi. Bundan sonra da, zaman-zaman \"ilk\" sözünü biz çox işlətdik və yeni uğurlara nail olduq. Biz bütün bunlara layiqik. Qarabağla yanaşı bütün işğal olunan ərazilərimizdə bu kimi yarışmaların keçirilməsini və Azərbaycanın da qalib kimi orada ifa etməsini görürəm. Hər zaman bu kimi qələbələrdə bütün azərbaycanlılar bir yerdə ruhlanırlar\".
- Təmsilçilərimizin səhnəyə türk bayrağı ilə çıxması nəyi ifadə edirdi?
Tahir Əkbər: \"Bu məşhur bir kəlamın bariz nümunəsidir ki, biz \"Bir millət iki dövlətik\". Bu hal sanki bunun rəmzi idi. Təmsilçilərimizin türk bayrağı ilə səhnəyə çıxmasını böyük qürur hissi ilə qarşıladıq. Onlar da bizlərə çox böyük dəstək oldular. Bizim bu qələbəmiz sanki Qarabağımızın geri qaytarılması üçün bir başlanğıcdır.
Ramiz Quliyev: \"Hazırda bütün dünya Azərbaycanın qələbəsindən danışır. Bu halı ulu öndər Heydər Əliyevin kəlamı olan "Biz bir millər iki dövlətik" ilə əlaqələndirirəm. Bu kəlamın bariz nümunəsi olaraq da təmsilçimiz bunu səhnədə bir daha nümayiş etdirdi\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB