Yeni Azərbaycan Partiyası “Eurovision – 2011” qaliblərini təbrik etdi
Yeni Azərbaycan Partiyası "Eurovision – 2011" beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar Qasımova və Nigar Camala təbrik ünvanlayıb. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir: "Dünyanın ən tanınan və sevilən mahnı müsabiqəsində parlaq qələbəniz hər bir azərbaycanlının qəlbini sevinc və iftixar hissi ilə doldurur. Gənc Azərbaycan istedadlarının mötəbər Avropa mahnı yarışında misilsiz uğuru ölkəmizin dünyaya növbəti yeni və gözəl təqdimatı kimi yadda qalacaq. Siz təkcə öz adınızı deyil, həm də Azərbaycanın adını Avropanın müasir mədəniyyət tarixinə yazdınız, xalqımızın zəngin mədəni sərvətlərini və ənənələrini möhtəşəm mahnı müsabiqəsində bütün dünya qarşısında yüksək ləyaqətlə nümayiş etdirə bildiniz. Bu gün Azərbaycan xalqı, xüsusilə də gənclərimiz ölkəmizə gətirdiyiniz qələbənin sevincini yaşayır. Buna hamının haqqı çatır. Gündən – günə inkişaf edən, gözəlləşən, yeniləşən, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, dünyaya günəş kimi açılan Azərbaycanın buna haqqı çatır. Bu, əslində Azərbaycanın qələbəsidir. Onun inkişafının, yüksəlişinin artan qüdrətinin təntənəsidir. İnanırıq ki, sizin üçün ən böyük mükafat milyonlarla insanlara bəxş etdiyiniz xoşbəxtlik anlarıdır. Həyatda ən böyük uğurunuza görə sizə səmimi təbriklərimizi çatdırır və qürurla "Qələbən mübarək, Azərbaycan" deyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB