"Azərbaycanı ləkələmək cəhdləri həmişə olub" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanı ləkələmək cəhdləri həmişə olub" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycana qarşı aparılan qərəzli kampaniya başqa müstəvidə davam etdirilir. Bu dəfə səhnədə Azərbaycan Prezidentindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı guya müsahibə götürməyə gələn Qərbin tanınmış media qurumlardır". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, cəbhədə qazanılan qələbələr fonunda bir sıra nüfuzlu Qərb mediası Azərbaycana qarşı ədalətsiz, çirkin kampaniya aparmağa cəlb edilib: ""BBC News"un Prezidentdən aldığı sonuncu müsahibədəki qərəz, ittiham xarakterli suallar bunun daha bir nümunəsi olmaqla, bir neçə həftədir başlayan seriyanın davamıdır. İndiki məqamda Prezident İlham Əliyevə münaqişə ilə yanaşı, daxildə demokratiya, insan haqları ilə bağlı sualların ünvanlanmasına normal yanaşmaq olardı. Yəni, jurnalistin vəzifəsinin sual vermək olduğu, müxtəlif məsələləri önə çəkməsinə göz yummaq mənasında. Amma bəh-bəhlə təriflənən Qərb mediası Prezidentə sual vermir, prokuror kimi ittihamlar irəli sürür. Bunun adı isə jurnalistika deyil. Bu, hansısa sifarişi yerinə yetirməkdir, başqa adı yoxdur! Azərbaycanı ləkələmək cəhdləri həmişə olub. Ölkəmiz mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində də belə çirkin ləkələmə kampaniyası ilə üzləşib. Həmçinin, Azərbaycan hər hansı mühüm tədbirə ev sahibliyi edəndə də Qərbdəki ənənəvi anti-Azərbaycan dairələri ölkəmizə qarşı hərəkətə gətirilib. Bu dəfə də aşağı-yuxarı eyni mənzərə ilə üz-üzəyik. Azərbaycana qarşı aparılan bu ləkələmə kampaniyası hazırda beynəlxalq medianın simasında da özünü göstərir. Öz ölkələrində demokratiyanın, insan haqlarının tapdalanması ilə bağlı faktları bir kənara buraxıb, təkbaşına beynəlxalq hüququn prinsiplərinə söykənərək ərazi bütövlüyünü bərpa edən, ədalətli tərəf olan Azərbaycana qarşı ittiham xarakterli suallar vermək əslində Qərb mətbuatının, demokratiyasının ikiüzlülüyündən xəbər verir. Bu gün Azərbaycan Qərbin, beynəlxalq güclərin ayaq altına atdığı BMT qətnamələrini icra edir, bölgəyə davamlı sülhü gətirəcək bir prosesi şərəflə, qətiyyətlə davam etdirir. 30 ilə yaxındır hüququ tapdanan bizik! Bu müddətdə insan sifətini itirən ermənilərin hər cür vəhşiliyinə məruz qalan bizik! Dünyanın ədalətsizliyi ilə baş-başa qalan bizik! Fəqət yalnız Azərbaycanı ləkələyən media yenə Ermənistana sarı dönüb baxmaq istəmir. Niyə heç kim Paşinyandan Gəncəyə ballistik raketlərlə zərbə endirilməsinin səbəbini soruşmur? Nəyə görə onlar 100-ə yaxın mülki şəxsi qətlə yetiriblər? Nəyə görə onlar Tərtərdə dəfn mərasiminə hücum ediblər? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücumda kassetli bombalardan, "Smerç"dən istifadə ediblər? Niyə heç kim Paşinyandan bu məbləğdə silahları haradan əldə etdiyini soruşmur? Əgər Azərbaycan ermənilərin dediyi kimi kilsələri dağıdırsa, nəyə görə Bakıdakı kilsəni dağıtmayıb? Əvəzində beynəlxalq media ancaq Azərbaycanı ləkələyir. Çünki sifariş belədir. Özümüzdə güc tapıb torpaqlarımızı azad etməyimizi, ədaləti bərpa etməyimizi sinirə bilmirlər. Belə bir həssaq məqamda Azərbaycan Prezidenti ilə müsahibə zamanı demokratiya, insan haqları kimi məsələləri ortaya atmaqla haqq işimizə kölgə salmağa çəhdlər edilir. Amma bu çirkin niyyət baş tutmayacaq. Azərbaycan xalqı dünyanın ədalətini, insan haqlarına necə hörmət etdiyini yaxşı görür. Dünyanın Azərbaycanın haqq işinə necə arxa çevirməyini illərdir səbrlə seyr edir. Ədalətsizlikdən boğaza yığılıb ayağa qalxmış bir xalq demokratiya, insan haqları pərdəsi altında nə oyunlar aparıldığını yaxşı dərk edir. Məqsədli şəkildə Azərbaycanda demokratiyanın olmaması kimi yalanları şişirtməklə hansı şüuraltı mesajlar ötürməyə cəhdlər edildiyini artıq hamı anlayır. Beynəlxalq media təmsil etdiyi ölkələrin nə dərəcədə şəffaf olmasına dönüb baxsa, yaxşı olar. Beynəlxalq media və bəzi təşkilatlar feyk məlumatlar əsasında Azərbaycana qarşı çirkin kampaniya aparan zaman necə ədalətsiz, ikiüzlü göründüklərinin fərqinə varmırlar. Azərbaycan Prezidenti beynəlxalq medianın verdiyi ittiham xarakterli suallara cavabında, təmsil etdikləri Qərb ölkələrinin əsl sifətini peşəkarlıqla açıb ortaya qoyur... Bir nəfər kimi birləşib öz ərazi bütövlüyünü bərpa edən, beynəlxalq hüquqdan bir addın olsun belə, kənara çıxmayan Azərbaycana indi azad medianın, müxalifətin, QHT-lərin azad siyasi fəaliyyətinin olmadığı barədə moizələr oxumağın yeri deyil. Xalq bu moizələrdən bezib, iyrənib! Xalq Azərbaycanda nəyin olub-olmadığını çox yaxşı bilir. Bu gün hamı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşibsə, elə bu faktın özü dünya mediasının moizələrinin nə dərəcədə yalan olduğunu göstərir. Azərbaycanın dünyada nüfuzunun artması, yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi və bunun davamı olaraq bu gün öz torpaqları uğrunda haqq mübarizəsinə başlaması ölkəmizi sevməyən dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir. Məhz indi yenidən Azərbaycana qarşı çirkin kampaniya təşkil etmək göstərişinin verildiyi birmənalıdır və müəyyən media resursları, siyasi dairələr də bu kampaniyada öz rollarını oynamaq sifarişini yerinə yetirirlər. Təbii ki, bu cür cəfəng iddialarla Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək mümkün olmayacaq. Azərbaycan bütün bu çirkin təbliğata rəğmən, prosesdən üzüağ, alnıaçıq çıxacaq və ərazi bütövlüyünü tam bərpa edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə