İranın indiki halda mövqeyini getməkdə olan qatara müdaxilə kimi qiymətləndirmək olar - AÇIQLAMA
"Münaqişə başlayandan indiyədək İranın rəsmi mövqeyi ondan ibarət olub ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İran xarici işlər nazirinin bu günlərdə Azərbaycana, Rusiya və Türkiyəyə səfərləri zamanı bəyan olunub ki, münaqişənin həlli ilə bağlı rəsmi Tehranın ortaya qoyduğu bir layihə var. Bu layihənin bütün detallarına açıqlama gətirilməsə də, İran yenə də problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etdi. İranın indiki halda mövqeyini getməkdə olan qatara bənzətmək olar". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
İranın danışıqların bərpa olunması ilə bağlı mövqeyini şərh edən politoloq deyir ki, tərəflər arasında təmas xətti aradan götürüldükdən sonra danışıqların "5+2" formatında davam etdirilməsinə ehtiyac qalmır:
"Azərbaycan Prezidenti mövcud problemin həlli ilə bağlı mövqeyini açıqlayıb. Bildirilib ki, Azərbaycan bundan sonra Dağlıq Qarabağa heç bir hüquqi status vermək fikrində deyil. Artıq hərbi əməliyyatlar və işğalçı erməni hərbi birləşmələr ərazilərimizdən çıxarıldıqdan sonra danışıqların bu formada aparılmasına ehtiyac qalmayacaq. Azərbaycan rayonları özü azad edir və BMT-nin vaxtı ilə qəbul etmiş olduğu qətnamələri birtərəfli formada həyata keçirir. Bu mənada regional dövlət olaraq, İranın mövqeyi ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin mövqeyindən fərqlənmir".
Elşən Manafov deyir ki, İranın vasitəçilik istəyi 1992-ci ildə Şuşanın işğal olunması ilə nəticələnib: "Azərbaycan ictimaiyyətində də İranın vasitəçilik istəyinin belə bir nəticə verməsi yaddan çıxmayıb. Azərbaycan isə dəfələrlə bəyan edib ki, heç bir halda öz ərazisində İrana hansısa prientiv zərbələrin endirilməsinə razılıq verməyəcək. Amma əlbəttə ki, gələcəkdə Azərbaycanın İran, eləcə də Rusiya ilə regional olaraq üst-üstə düşən maraqları var. Bu Xəzərin statusu ilə bağlı məsələlərdə də özünü göstərdi. Gələcək münasibətlərin perespektivi baxımından, regional sülhün bərpa olunmasında da regionda güclü dövlət olan İranın mövqeyi nəzərə alınacaq.
Təəssüf doğuran məqam odur ki, bu illər ərzində Ermənistana maliyyə, enerji dəstəyi verən ölkə də məhz İran olub. İran münaqişənin hərbi yolla həlli yolunun olmadığını bildirsə də, təəssüf ki, problemin məhz bu konteksdə həllində məsuliyyət daşıyan ölkələrdən biri də İranın siyasəti oldu. Çünki İran illər ərzində Ermənistana maliyyə, iqtisadi, enerji dəstəyi verməsə idi, Ermənistan bu ərazilərdə duruş gətirə bilməzdi".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB