Azərbaycan Ordusu Qarabağda ən strateji mövqelərə çatdı - ВЗГЛЯД

Azərbaycan Ordusu Qarabağda ən strateji mövqelərə çatdı - ВЗГЛЯД

Azərbaycan qoşunları Qarabağdakı hücum taktikalarını tədricən dəyişdirir. Əsas istehkamlara qarşı hücum əvəzinə yan keçməyə çalışırlar və bu da onlara müəyyən uğurlar gətirir. Mülki əhali və Qarabağdakı erməni hərbi komandanlığı Xankəndidən qaçır. İndi Azərbaycan ordusu Qarabağda hansı əsas mövqeləri təhdid edir?

Son günlərdə Qarabağdakı cəbhədə və ətrafdakı ümumi vəziyyətin sabit qalmasına baxmayaraq, Şuşa bölgəsində ciddi dəyişikliklər olduğu barədə məlumatlar var. Azərbaycan tərəfi həm cəbhənin şimal sektorunda, həm də indi Martuni (Xocavənd- E.B) şəhərinin əsas hədəfə çevrildiyi cənubda fəallığını davam etdirir. Ancaq strateji hədəf Laçın dəhlizi vasitəsi ilə Qarabağdakı qoşunlara Ermənistandan dəstək verilməsini dayandırmaqdır.

Azərbaycan ordu bölmələri Laçın və Martuni istiqamətində ermənilərin dağlıq mövqelərinə qarşı başlı hücumlara davam edir. Azərbaycan xüsusi təyinatlı qüvvələri "Yaşma" və piyada birlikləri Şuşaya ümumi istiqamətdə güclü təzyiq göstərirlər. Erməni tərəfi yalnız ayrı-ayrı təxribat və kəşfiyyat qruplarının Çanaqçı kəndinə nüfuz etməsində israr edir, lakin görünür ki, azərbaycanlılar müəyyən miqdarda zirehli texnikanı dağ silsiləsindən keçirməyə müvəffəq olublar.

Əvvəlcə, Ermənistandan Qarabağa Laçın dəhlizi ilə gedən yolu atəş nəzarəti altına ala bildilər. Bu, əsas təchizat xəttidir. Bundan sonra İrəvan rəsmi olaraq Laçın dəhlizi ilə mülki şəxslərin hərəkətinin “bəzi ərazilərdə” bağlı olduğunu elan etdi.

Ancaq bu əsil serpantin dağ yoludur, onun "bir neçə hissədə" bağlanması avtomatik olaraq tamamilə bağlanması deməkdir. Orada başqa dolayı yollar yoxdur. Eyni zamanda, Ermənistandan Laçına trafik açıqdır. Ermənistanın bu yolu bağlanması üçün motivasiya belə idi: düşmən təxribat qruplarını məhv etmək üçün axtarış işləri aparılır.

Noyabrın 4-də “Vzglyad” qəzetinin yazdığına görə, Azərbaycan ordusunun diversiya qrupları, bu yolun digər tərəfindəki dağı adlayaraq, həmin dağın kənarında, Şuşanın cənub-qərbindəki bir hissəsini fiziki olaraq ələ keçirə bildilər. Bu, çox sadə bir həll planıdır, Laçının özünə edilən hücuma alternativdir. İndi Ermənistandan olan könüllülər və hətta yezidi kürdlərinin birləşmiş dəstəsi Laçının müdafiəsinə çəkilir.

Demək lazımdır ki, Laçın rayonunun hazırki əhalisi 1988-ci ildə Spitakda (Ermənistan) baş verən zəlzələdən zərər çəkmiş və oraya köçürülmüş köçkünlərdən və 1992-ci ildən sonra oraya köçmüş fərqli oriyentasiyalı siyasi fəallardan ibarətdir. Bu insanlar geri qayıtmaq istəmirlər. Ancaq bəzi mənbələrə görə mülki əhalinin 70%-ə qədəri Xankəndi şəhərini tərk edib.

Gorus-Laçın-Şuşa-Xankəndi şossesi sadəcə kritik bir mövqe deyil. Qarabağın fiziki olaraq kimdə qalacağını müəyyən edəcək faktordur. Əgər Azərbaycanın bu şosseni bağlamaqla bağlı ilkin strateji planı müvəffəq olmayacaqsa, Azərbaycan ordusunun cənub qrupu bu məqsədə başqa əməliyyat və taktiki üsullarla nail olmağa çalışacaq.

Digər tərəfdən, Azərbaycan tərəfi dağ silsiləsinin arxasındakı Şuşa yaxınlığında marşrutun bir hissəsini tutmağı bacarsa da və ermənilərin bu sektorda böyük ordu qrupu cəmləşdirməsi sayəsində bu mövqeyi tam tutmaq mümkün olmasa da, Azərbaycanlıların texniki üstünlüklərə sahib olduqları yerlərdə əsasən gecə vaxtları bu yollara çatmağa çalışmaları təqdirəlayiqdir. Ancaq nə qədər azərbaycanlı piyada və texnikanın silsilədən keçə bildiyi hələlik dəqiq deyil.

Bundan əlavə, ərazidə Azərbaycanın böyük hava üstünlüyü var. Şuşa-Xankəndi bölgəsinin erməni havadan müdafiə sistemləri məhv edilib. Problem yalnız Ermənistan ərazisində erkən aşkarlama radarının yerləşdirilməsi yolu ilə həll edilə bilər, lakin İrəvan Ermənistanın özünün hava hücumundan müdafiə olunmasını zəiflətməkdən qorxaraq bunu etməyə cəsarət etmir.

Qarabağdakı erməni rəhbərliyi İrəvana köçdü. Qarabağdakı erməni qoşunlarının yeni komandiri də İrəvanda oturur. Qarabağdakı ordunun komandir müavini Artur Sarkisyanın ölümü ilə bağlı məlumat təsdiqləndi.

Artıq Qarabağdakı əməliyyatlara rəhbərlik yerində yox, İrəvandan həyata keçirilir. Məsələn, Şuşanın müdafiəsinə indi Ermənistanın keçmiş müdafiə naziri, 1988-1994-cü illər müharibəsi iştirakçısı olan general-polkovnik Seyran Ohanyan rəhbərlik edir. General Ohanyan 1992-ci ildə Mardakert (Ağdərə- E.B) bölgəsində ayağını itirib, amma indi birbaşa Şuşadadır.

Erməni tərəfi üçün əməliyyat-taktiki vəziyyət məhz Şuşa yaxınlığında və Çanaqçı dərəsindəki vəziyyətə görə çox gərgin olaraq qalır. Ancaq məhz bu ərazidə bu dərənin təcrid olunması və irəliləyən Azərbaycan qüvvələrinin arxa tərəfində erməni müqavimət mərkəzlərinin olması səbəbindən əhatəyə alınması tamamilə mümkündür. Bundan əlavə, Martuni (Xocavənd- E.B) şəhəri yaxınlığındakı vəziyyət erməni tərəfi üçün təhlükə yaradır, çünki buranın itirilməsi, dağlıq zonadakı müdafiə cinahını yıxa bilər.

Çanaqçı dərəsindəki hadisələr yalnız Azərbaycan ordu qruplaşmasının taktikasını dəyişdirmək cəhdini göstərir- düşmənin müdafiəsinə və əsas mövqelərinə birbaşa hücum yox, onları qorunmayan cinahlardan adlamağa çalışmaq.

Mətn: Evgeny Krutikov

Foto: Alexey Kudenko / RİA Novosti

Tərcümə etdi: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə