"Dezertir" məmurlar Araiki çətin duruma saldı

"Dezertir" məmurlar Araiki çətin duruma saldı

Qondarma rejim rəhbəri Arayik Arutyunyanın məmurların “qaçması” ilə bağlı açıq bəyanatı Dağlıq Qarabağda birmənalı qarşılanmayıb və bununla "düşmənlərini xoşbəxt etdikləri" düşünülür. SİA Ermənistana məxsus hayeli.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Xatırladaq ki, qondarma rejim rəhbəri “Dağlıq Qarabağı tərk edən, daha doğrusu qorxudan qaçan yüksək rütbəli və aşağı dövlət məmurlarının biabırçı davranışlarını” açıq-aşkar bəyan edib və bunun ardınca bir qrup nazir müavininin istefası da olub. “Ədalət” fraksiyasının rəhbəri David Qalstyana görə məmurların işdən çıxarılması doğru addım olsa da, bu faktın açıqlanması səhv addımdır.

"Bu cür insanları müharibə zamanı deyil, müharibədən əvvəl tanımaq lazım idi və bilinməli idi ki, kim təyin olunmalı, bir ölkənin idarəçiliyi kimə həvalə edilməlidir", deyə fraksiya rəhbəri bildirib.

Məsələnin hüquqi sahəyə yönəldilə biləcəyi ilə bağlı rəsmi açıqlamaları nəzərə alaraq, hansı “sanksiyalar” ın tətbiq olunacağı soruşulduqda, millət vəkili bildirdi ki, indi vaxtı deyil.

Xatırladaq ki, qondarma Dağlıq Qarabağ Respublikasının əldəqayırma səlahiyyətliləri bir-birinin ardınca qaçıb aradan çıxır və Ermnistana, paytaxt İrəvana üz tutur. Qeyd edək ki, təkcə məmurlar, səlahiyyətlilər deyil, sıravi vətəndaşlar, hətta hərbi mükəlləfiyyətlilər belə işğalçılar tərəfindən zəbt edilmiş bu ərazilər, özgə torpaqları, Azərbaycan torpaqları uğrunda döyüşməkdən imtina edir, ümumiyyətlə, baş götürüb qaçırlar və bu da qondarma rejim rəhbərini tamamilə çıxılmaz vəziyyətə qoyub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə