“Ordumuz erməni cinayətkarların cəzasını mütləq verəcək” RƏY-ÖZƏL

“Ordumuz erməni cinayətkarların cəzasını mütləq verəcək” RƏY-ÖZƏL

“Ermənistan dəfələrlə qadağan olunmuş silahlardan istifadə edib və bu gün də dinc əhalimizə qarşı bunu tətbiq etməkdə davam edir. Gəncə, Tərtər, Bərdə şəhərlərinə kasetli bombalar atmaqla onlarla dinc vətəndaşımızı qətlə yetiriblər. Bu barədə Azərbaycan hökuməti bütün beynəlxalq aləmə və təşkilatlara məlumat verib. Maddi sübutlar xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının və KİV-nin nümayəndələrinə göstərilib”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

A.Xəlilov təəssüflə bildirdi ki, beynəlxalq təşkilatlar sadəcə bəyanat verməklə kifayətlənib: “Bəzən isə verilən bəyanatları oxuyarkən biz orada ermənilərin bu hərəkətini pisləyən cümləyə rast gəlməmişik. Təbii ki, həmişə olduğu kimi ikilistandartlar və himayədarlıq öz sözünü deyir. Bu günə qədər qəbul olunmuş bütün Beynəlxalq konvensiyalar bu silahların istifadəsini qadağan edir və xüsusən dinc əhaliyə qarşı istifadəsi yolverilməzdir. Bu əməl hərbi cinayət hesab olunur. Bunu edənlər isə hərbi cinayətkarlardı. Son vaxtlar isə ermənilər daha da azğınlaşaraq fosforlu bombalardan istifadə etməyə başlayıblar. Yenə də biz beynəlxalq aləmin buna reaksiyasını görmürük. Hesab edirəm ki, ermənilərin bu cinayət əməli beynəlxaq aləmin ciddi qınağına səbəb olmalıdır. Ancaq biz bunu hələ müşahidə etmirik. Ümumi verilən bəyanatlar isə bizi qane etmir. Ancaq Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhədə bu gün öz sözünü şərəflə deyir. Son günlər biz Müdafiə Nazirliyinin təqdim etdiyi videolara və məlumatlarla tanış olduqda düşmənin layiqli cəzasına çatdığının şahidi oluruq. Düşmənin bu əməllərinə rəhbərlik edən yüksək rütbəli zabitləri və istifadə etdikləri hərbi texnika və sursatları məhv edilir. Düşmən öz cəzasına çatır. Artıq düşmənin şəhərlərimizi atəşə tutan mövqelərinin çoxu məhv edilib və ya ordumuz tərəfindən azad edilib. Beynəlxalq aləm ermənilərin bu əməlinə qarşı hüquqi qiymət verməsə də ordumuz erməni cinayətkarların cəzasını mütləq verəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə