“Ermənistan törətdiyi cinayət və terror əməllərinə görə cavab verəcək” ÖZƏL-MÜNASİBƏT

“Ermənistan törətdiyi cinayət və terror əməllərinə görə cavab verəcək” ÖZƏL-MÜNASİBƏT

“Başda BMT olmaqla Ermənistanın Azərbaycanının müxtəlif şəhər və rayonlarında yaşayan dinc əhalini qadağan olunan silahlardan istifadə etməklə qətlə yetirməsi heç bir beynəlxlaq təşkilatı narahat etmir. Çünki dünyada hələ də ikili standartlı və ikiüzlü siyasət mövcuddur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev bildirib.

QHT sədrinin sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı qadağan olunan silahlardan istifadə etməsi bu günün mövzusu deyil: “Hələ 1991-92-ci illərdə işğalçı Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi zaman mülki əhaliyə qarşı, Xocalı soyqırımı zamanı, eləcə də, əsir və girovlara qarşı kimyəvi silahlardan istifadə edib Əsirlikdən azad olunan soydaşlarımızın bədən hissələrində yaranan fəsadlardan sonra dünyalarını dəyişmələri sübut edirdi ki, ermənilər bu insanların üzərində kimyəvi silahlardan istifadə ediblər. Bu gün isə ermənilər dinc əhalimizə qarşı qadağan olunmuş ağ fosfor tərkibli silahdan istifadə edir”.

C.Şahverdiyev bildirib ki, Azərbaycan Ordusunun son 1 ayda işğal olunmuş ərazilərimizin böyük bir hissəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları da daxil olmaqla 200 kənd və qəsəbəni azad etməsi, Ermənistanın döyüş meydanında darmadağın edilməsi, 3-cü ölkənin münaqişəyə cəlb etmək cəhdinin iflasa uğraması düşmənin ağır məğlubiyyətini qaçılmaz edib. Çarəsiz və çıxılmaz durumda qalan işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarını ballistik raket atəşlərinə məruz qoyur və qadağan olunmuş kasetli raketlərdən istifadə etməklə çoxlu sayda mülki əhalimizi qətlə yetirməkdə və yaralamaqda davam edir: “Bununla da Ermənistan 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini, Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozur. Hansı ki, İsveçrə Kaset Silahları üzrə Konvensiyasının prezidenti olaraq, bəyanat verib ki, Qarabağdakı qarşıdurmada kaset döyüş sursatlarının istifadəsi iddialarına dair məlumatlardan çox narahatdır.Ermənistanın fosforlu silahlardan istifadə etməsinə Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) buna reaksiya bildirməlidir”.

QHT sədri onu da vurğulayıb ki, əgər 30 ildə Ermənistanın işğalçı hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-.şərtsiz çıxarılmasıyla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası, Avropa Birliyinin müvafiq qərar və qətnamələri həyata keçirilməyibsə, heç bir beynəlxalq təşkilat işğalçıya bununla bağlı sanksiya tətbiq etməyibsə, təsir göstərməyibsə, onun qadağan olunan silahlardan mülki əhalimizə qarşı istifadəsinə də göz yumulacaq: “Xocalı soyqırımını törədən Ermənistanla bağlı hansı cəza tədbiri seçildi? Gəncə, Bərdədə törədilən terror hadisələriylə bağlı hansı təşkilat, hansı dövlət Ermənistana təzyiq göstərdi, heç kim. Sadəcə quru bəyanat verməklə kifayətləndilər. Bu dəfə də işğalçı Ermənistanın terror hərəkətlərinə göz yumulacaq. Çünki ikili standartlı və ikiüzlü siyasət mövcuddur. Bir də qadağan olunan silahdan istifadə etmək olmaz anlamı o demək deyil ki, yalnız qadağan olunan silahdan dinc əhaliyə qarşı istifadə edilməlidir. Ümumiyyətlə, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokola (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) görə, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silah tətbiq etməklə hücum qadağadır”.

C.Şahverdiyev onu da bildirib ki, bu dəfə heç olmasa aidiyyəti beynəlxalq təşkilatlar insafa gəlib Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidirlər: “Heç şübhəsiz ki, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror əməllərinə görə beynəlxalq hüquq qarşısında da cavab verəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə