"Dağlıq Qarabağ problemi sadəcə konflikt deyil". Azərbaycanın Ştutqartdakı fəxri konsulu Berlində düzənlənən "Dağlıq Qarabağ konflikti" adlı beynəlxalq konfransda çıxışına bu sözlərlə başlayıb. "Bir yerdə ki, insanlar həyatlarını, evlərini, ocaqlarını itiriblər, öz yurd-yuvalarından didərgin düşüblər, bunu sadəcə konflikt adlandırmaq olmaz, bu faciədir". Bu isə Hauserin öncə dediyi cümləyə gətirdiyi aydınlıqdır. Konsul öz çıxışında iştirakçıların diqqətini problemin daha dərin qatlarına yönəltməyin vacib olduğunu vurğulayıb və bu yöndə konfransın vacibliyini qeyd edib.
SİA-nın Almaniyadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, "Berlin Centre for Caspian Region Studies"in təşkilatçılığı ilə baş tutan konfransda digər nüfuzlu partnyor qurumlar da iştirak edib. Dinləyicilərin nəzərinə təqdim olunan mövzular da maraqlı olub. "Dağlıq Qarabağ konflikti sovetlər birliyinin dağılması kontekstində", "Konfliktin 1994-2011-ci illər ərzində görüntüsü", "Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda geopolitik maraqları", "ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda geopolitik maraqları" mövzuları, xüsusən də müzakirəyə buraxılan "Avropa Birliyi və ayrıca Almaniya Qarabağ probleminin həllində hansı rolu oynaya bilər? " diskussiyası müxtəlif instansiyaları təmsil edən auditoriyada maraqla qarşılanıb. Humbolt universitetinin professoru Eva-Maria Auç, hüquq eksperti, hüquq elmləri doktoru Heiko Krüqer, Bundestaqın əməkdaşı Heiko Lanqner, doktor Azər Babayev, Almaniyanın Azərbaycandakı keçmiş səfiri doktor Peer Ştanxina və başqa natiqlərin çıxışları xüsusilə maraq doğurub.
Çıxışlarda Dağlıq Qarabağ probleminin çözülməsində Azərbaycan dövlətinin atdığı addımlar, Azərbaycan diplomatiyasının çevik fəaliyyəti bir daha diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı olduğunu dəfələrlə qeyd edib. Növbəti müzakirələrdə Avropa Birliyinin problemin həllində oynaya biləcəyi rola toxunulub. Burda da qeyd olunub ki, Azərbaycan Avropa Birliyinin önəmli tərəfdaşlarındandır və Avropa Birliyi enerji partnyoru və bölgədə vacib siyasi tərəfdaş kimi Azərbaycanı dəstəkləməlidir. Təəssüf ki, bir çox məqamlarda problemin həllində ikili standartlara rast gəlinir və bu da Dağlıq Qarabağ konfliktinin tez bir zamanda öz vacib həllini tapmasında maneələr yaradır.
Təbii ki, bir çox çıxışlar zalda iştirak edən erməniləri qane etmədiyindən tez-tez onların replikaları eşidilirdi. Amma bütün hallarda bu replikalara əsaslı cavablar verilirdi. Xüsusən də erməni millətçilərini tez-tez tənqid etməsi ilə məşhur olan erməni əsilli natiq Vahe Avetyanın çıxışı ermənilər tərəfindən narazılıqla qarşılanıb. Amma bütün bunlar konfransın öz axarında davam etməsinə mane ola bilməyib .
Konfransda qarşıya qoyulan məsələ, Dağlıq Qarabağ probleminin bir daha həqiqətlərlə ictimaiyyətə çatdırılması vəzifəsi yerinə yetirilib. Dinləyicilərə, xüsusən, iştirakçı olan müxtəlif millətləri təmsil edən tələbələrə problemin özəyində duran məsələlər, həlli yollarında atıla biləcək addımlar haqqında dolğun məlumat verilib və onların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB