Erkin Nuriddinov: Ermənistan Bərdədə insanlıq əleyhinə cinayət törədib

Xocalı soyqırımını görən və susan dünya birliyi bu gün Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərində törədilən faciələrin şahidi oldu. Azərbaycanda baş verən hadisələri narahatlıqla və həyəcanla izləyirik. Biz hamımız haqlı olaraq öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının yanındayıq və həyatını itirən bütün insanlara görə ona başsağlığı veririk. Oktyabrın 28-də Ermənistanın Azərbaycanın Bərdə şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamı sərt şəkildə qınayırıq.

SİA xəbər verir ki, bu sözləri “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov AZƏRTAC-ın müxbiri ilə müsahibəsində deyib.

O bildirib: “Bizə yaxşı məlumdur ki, dünyanın bütün ölkələrində mülki əhalinin və mülki obyektlərin qorunmasına dair beynəlxalq sənədlər var, Haaqa Konvensiyası mövcuddur. İnanmırdıq ki, Gəncə hadisələri, burada törədilmiş qətliam bir daha təkrarlansın. Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən sonra Bərdəni də qadağan edilmiş silahlardan atəşə tutdu. Nəticədə 21 dinc sakinin həlak olması və 70-dən çox insanın yaralanması bizi hiddətləndirib. Dünya birliyi isə susur, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya Ermənistanın dinc əhalini bombalamasını görməzdən gəlir. Yenə də həmişəki susqunluq, saxta atəşkəs, sülh çağırışları, ikili standartlar”.

Bərdədə törədilmiş növbəti qətliamın videokadrlarını görərkən, sözün əsl mənasında, şok keçirdikləri qeyd edən professor deyib: “Bu hadisəni insanlıq əleyhinə böyük cinayət hesab edirik. Günahsız mülki insanları hədəfə almaq, körpə uşaqları öldürmək ən böyük və bağışlanmaz cinayətdir. Dinc insanların vəhşicəsinə öldürülməsi təkcə Azərbaycan üçün deyil, bütün dünya birliyi üçün faciədir. Azərbaycan torpaqlarını işğal edən, alçaq cinayətlərə əl atan Ermənistan müharibədəki məğlubiyyətinin əvəzini dinc insanlardan çıxmaq istəyir. Bununla da işğalçı dövlət öz tarixinə belə çirkin əməlləri də yazır”.

E.Nuriddinov vurğulayıb ki, Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasəti, yaratdığı tolerantlıq nümunəsini hamı görür və təqdir edir. Azərbaycan ərazisində müxtəlif etnik qrupların, millətlərin, fərqli dini konfessiyaların nümayəndələrinin dostluq və sülh şəraitində yaşadığını bütün dünya görür.

“Biz işğalın dayandırılmasını, təcavüzkar ordunun Azərbaycan ərazilərindən çıxarılmasını, bu cür barbarlıqlara son qoyulmasını tələb edirik. Bir daha Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların getdiyi zonadan uzaqda yerləşən Bərdə, Tərtər və Gəncə şəhərlərində törətdiyi qətliamları pisləyir, bütün dünya ictimaiyyətini Ermənistanın cinayətkar əməllərini, insanlığa qarşı yönəlmiş hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq”, - deyə professor vurğulayıb.

Sonda E.Nuriddinov qeyd edib ki, Azərbaycan xalqı mədəni, sivil xalqdır və heç bir ölkənin torpağında gözü yoxdur. Ermənistan isə Azərbaycan torpaqlarında dövlət yaratmağı bəs deyilmiş kimi, hələ əlavə torpaq işğal etmək arzusuna da düşüb. Amma onların bu arzusu gözlərində qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...