Konüllü cəhənnəm yolçuluğu TƏHLİL

Feysbuk səhifəsində canlı yayım edərək, erməni xalqının “ağrılı kompromisə” belə hazır olması barədə deyən Ermənistan baş naziri Nikol Paşinyan daxili auditoriyada belə qınaq obyektinə çevrildi. Bu həm də ondan xəbər verdi ki, baş nazır olmasına baxmayaraq, başı, bir sözlə ağlı yoxdur. Yəni bu adam reallığı hələ də dərk edə bilmir və buna başqaları ilə yanaşı erməni cəmiyyəti özü də bir daha əmin oldu.

“Azərbaycan hazırda Qarabağ məsələsinin həll olunmasını deyil, Qarabağın təslim olmağını istəyir”, deyən bu başsız baş nazir Azərbaycanın nə istədiyini bilmir, yoxsa, elə zənn edir ki, nə istədiyini Azərbaycana onun xatırlatmasına lüzum var? Əlbəttə ki, Azərbaycan nə istədiyini özü də yaxşı bilir və dünyaya da bəyan edib ki, hamı bilsin. Bunu elə demək olar ki, hamı da yaxşı bilir. Bilir ki, Azərbaycan işğal altında saxlanılan öz torpaqlarını, öz haqqını, ədalətin bərpasını istəyir və buna da öz qüdrəti, öz Ali Baş Komandanının siyasi iradəsi, uzaqgörənliyi, bacarığı hesabına da nail olur.

Əslində, erməni baş nazirinin özünə xatırladılmalı olan məsələlər, məqamlar var ki, görünür, bunu da dərk etmir. Əks halda bu şəkildə hər zamankı kimi məntiqsiz çıxış etməzdi. Dərk edərdi ki, Azərbaycan Ermənistanda müharibə aparmır ki, “erməni xalqı” da kapitulyasiyaya hazır olub-olmadığını müzakirə mövzusu olsun. Müzakirə mövzusu Azərbaycana məxsus olan Dağlıq Qarabağ torpaqlarından erməni işğalçılarının qeyd-şərtsiz çıxarılmasıdır və bunu bizimlə yanaşı, BMT qətnamələri də tələb edir.

Hər çıxışında məğlubiyyət ab-havası duyulan Nikolun bu vəziyyətdə də məsələyə sağlam yanaşmaması, qır saqqız olub əl çəkməməsi göz qabağındadır. Bu qədər itgilərin, istər canlı qüvvə, istərsə də hərbi texnika, silah-sursat itgilərinin fonunda belə hələ də müharibəni davam etdirənə qır-saqqız deməkdə güman edirik ki, yanlışlığa yol vermirik. Əksinə, reallıq belə sözlərlə daha aydın şəkildə ifadə olunur. Bu adam görünür hələ də işğalçılıq iddialarından geri durmaq, ordusunu Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərindən çıxarmaq, BMT qətnamələrini icra etmək niyyətində deyil. “Ağrılı kompomis”lərdən danışır, məğlubiyyətini etiraf edir, amma yenə də ordu toplamaq, səfərbərlik çağırışlarından da əl çəkmir. Bununla da Azərbaycan torpaqlarından əl çəkməyəcəyini nümayiş etdirir.

Hər çıxışında məlumatsızlığı, savadsız danışığı, rabitəsiz nitqi ilə yanaşı anormal davranışları ilə diqqəti cəlb edən Paşinyan bu dəfə də öz çirkin niyyətindən, işğalçılıq siyasətindən əl çəkməyəcəyini ortaya qoydu. Qırğına verdiyi hədsiz sayda hərbçilərə görə vicdan əzabı, əgər onda belə bir hiss varsa, çəkmək əvəzinə son vətəndaşına qədər səfərbərliyə çağırması onun faşist siması ilə yanaşı, qaniçənliyini də təsdiqləyir. Yayılan videolardan bəlli olur ki, Ermənistan ordusunda tam xaos hökm sürür, ordu təminatı yoxdur, əsgərləri ayaqqabısız, paltarsız, qidasız, baxımsız və acınacaqlı vəziyyətdədir. Onun hərbçi deyə döyüşə göndərdikləri avtomatın hansı şəraitdə necə işləməsindən belə xəbərsizdir. Ordunu ən vacib resurslarla təmin etmədən, heç bir təlim keçmədən cəbhəyə əsgəri yollayan erməni baş nazir onun ölümünə fərman verir. İndi erməni vətəndaşı əsgər deyil, “canlı sədd“ olaraq göndərilir. İnsanların, özü də öz vətəndaşlarının bu qədər canına, qanına susayandan ölkə başçısı, rəhbər ola bilərmi? Əsla olmaz.

Əvvəla, bu vaxta qədər az-çox hərbi hissə, silah-sursat, hərbi təlim görmüş erməni əsgərləri rəşadətli Azərbaycan Ordusunun qarşısında dayana bilmədisə, deməli, Nikolun bundan sonra heç nəyə ümidi olmamalıdır. Daha dəqiq desək, hərbi hissədə silahla davranmaq, hərbi əmrlər, hərbi texnika və başqa məsələlərdən məlumatlı olan əsgərləri onun işğalçılıq siyasətinin davamı kimi çirkin əməllərini artıq reallaşdıra bilmirsə, heç şübhəsiz ki, yoldan tutulub gətirilmiş adi, sıravi, hərbdən məlumatsız vətəndaşlarla buna heç nail ola bilməz. Bir sözlə, bundan sonra vətəndaşlarını daha böyük qırğınlara sürükləyir erməni baş nazir.
İllərdir, hətta onillərdir ki, ermənilərin “soyqırım” nağıllarından bütün dünyanın bezdiyi kimi öz vətəndaşları da cana doyub. Nə qədər yalançı nağılar danışmaq olar? Özü də əsassız, faktsız və arqumentsiz şəkildə. Digər tərəfədən, ermənilər yaxşı-yaxşı baxsınlar görək, onların qırılmasına səbəb olan başqalarıdır, yoxsa özlər? Əlbəttə ki, özlər. Məsələn, “Daşnaqsütyun” deyilən bir partiyanın ,çürük olan “dənizdən dənizə” ideyası ilə “Böyük Ermənistan” xülyası bu zamana qədər başqaları ilə yanaşı, nə qədər erməni əsillilərin canını alıb? Bir tayfa kimi mövcudluğu, ortaya çıxdığı dövrdən bu vaxta qədər dənizin üzünü də görməyən erməni toplumu məskunlaşmaları üçün verilmiş torpaqlarda hansı “böyük” axtarır və bu xəstə təxəyyüllərinə, anormal ideyalarına görə nə qədər qurbanlar verməli olublar?

Olublar deyə keçmiş zamanda danışmaq da düz olmazdı, çünki, bunlar hələ də xəstə təxəyyüllərinə qul olub onu davam etdirir, şişirdir, hələ də qurbanlar verməkdə, qırğınlara sürüklənməkdə davam edirlər. İndi də “növbəti erməni soyqırımı” deyə haray-həşir qoparanlar özləri soyqırımla məşğuldurlar və özləri də elə vətəndaşlarını qırğına sürükləyirlər. Ermənilərin soyqırımı varsa da onu Paşinyan özü və onun əziz xələfləri edib və etməkdə də davam edir. Soruşmaq ayıb olmasın, məktəbli uşaqların silaha sarılmasını onlara rəva bilən ölkə başçısı utanmadan soyqırım sözünü də ilə gətirir. Axı on-on beş yaşları arasında olan yeniyetmələr silahın nə olduğunu bilməməsi bir yana, bu silahlara gücü də çatmır. Daşıya da bilmirlər yeniyetmələr silahları. Özü ilə birgə silahı da hərləyə bilmirsə, bu zaman yeniyetmələr hədəfə çevrilmirmi? Nəticə etibarı ilə bu nə deməkdir? Azyaşlıları, qocaları, hətta qadınları, qızları, heç bir təcrübə görməyən gəncləri döyüşə göndərməyin soyqırımdan başqa nə adı ola bilər? Bu soyqırımı Nikol Paşinyan özü törətmirmi öz xalqına qarşı. Axı hərbi hədəfin yaşı olmaz və hərbi əməliyyatların qaydalarına görə hədəfin məhv edilməsi əmri birmənalı şəkildə icra edilməlidır. Nəticə isə o deməkdir ki, Nikolun məcburi şəkildə ordu sıralarına, döyüşə cəlb etdiyi yeniyetmələr intensiv ölüm halları ilə qarşılaşmalı olurlar. Ermənistanın baş naziri erməni xalqını açıq-aşkar ölümə, məhvə sürükləyir.

Bəllidir ki, Nikol Paşinyan da öz xələfləri kimi çürük əqidə, axmaq, gülünc ideya uğrunda, özünün də etiraf etdiyi kimi, ölməyə, bununla da cəhənnəmə vasil olmağa hazırdır. Təbii ki, öz vətəni deyil, özgə torpaqları uğrunda ölüm nə şəhidlikdir, nə də qoçaqlıq və bu sadəcə məhv olmaqdır. Həm bu dünyada məhv olmaqdır, həm də çirkin niyyətlərə, törədilən qətllərə, baiskarı olduqları qanlara görə cəhənnəm yolçuluğudur. Görünür, Nikol bu yolçuluğu göz qırpmadan qəbul edir ki, bu da anlaşılandır. Yəni, bu zamana qədərki şeytan, iblis xislətlərinin, bəd əməllərinin fonunda cəhənnəmdən başqa guman yerlərinin olmadığını anlayanların ümidsizliyi də təbiidir. Normal təzahürdür. Bir sözlə bu adam könüllü cəhənnəm yolçusudur. “Ümidsiz şeytan olsun” deyimi də əbəs deyil.

İblis xislətlilərin tarixdə dəfələrlə şahidi olub dünya ictimaiyyəti. Məsələn, 1941-1945-ci illərdə faşizm ideologiyasına xidmət edən Hitler nə qədər insanın qətlinə baiskar olmuşdu. Njde kimi faşist olan birinə ölkə paytaxtında heykəl ucaldılması Nikol Paşinyanın bu faşistlərə tay olduğu anlamına gəlmirmi? Yeri gəlmişkən, Hitler 1945-ci ilin aprelində yeniyetmələri cəbhəyə yola saldığı kimi, faşizm ənənəsinə sadiq qalaraq Nikol Paşinyan da indi Ermənistanda yeniyetmələri döyüşə cəlb edir, onlara silah verib qırğına yollayır. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” zərb məsəli də var, amma bu yeniyetmələr axı hələ cəhənnəm yolçuluğunu arzulamırlar. Arzulayanlar da varsa, Nikol imkan versin ki, onlar onunla cəhənnəm yolçuluğuna heç olmasa könüllü şəkildə başlasınlar, məcburi yox.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə