"Prezident fransız qəzetinin “təxribatı”nın qarşısını tam adekvat formada aldı" ÖZƏL-MÜNASİBƏT

"27 sentyabr tarixindən etibarən Dağlıq Qarabağ ərazisində Ermənistan ordusu tərəfindən cəhd edilən təxribatın qarşısının alınması ilə başlanılan torpaqlarımızın işğaldan azad edilməsi istiqamətli hərbi əməliyyatlar davam etməkdədir. Geridə qoyduğumuz dövr ərzindən sözsüz ki, qonşu ölkələr və dünya ictimaiyyətinin diqqəti münaqişə ərazisi və hal-hazırda döyüşləri davam etdirən iki ölkə üzərində olmuşdur. Həyata keçirilən hərbi əməliyyat və Azərbaycanın mövqeyi barədə artıq bir neçə ölkənin mötəbər televiziya kanalları ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevdən xüsusi müsahibə götürmüşdür. Bu istiqamətli müsahibələrdən biri də 24 oktyabr tarixində Fransanın “Figaro” qəzeti ilə baş tutmuşdur". Bunu SİA-ya millət vəkili Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, müsahibəni izləyən və təhlil edən zaman açıq formada görmək olur ki, “Figaro” qəzetinin müsahibəsində səsləndirilən suallar qərəzli və təxribat xarakteri daşıyırdı: "Fransanın “Figaro” qəzetinin jurnalistinin qıcıq yaradan suallarına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən sualları tam adekvat və əsaslandırılmış formada cavablandırılmaqla yanaşı, həm də suallarda olan qərəzli mövqe və yanaşmaya öz münasibətini də bildirmişdir. Müsahibənin tam versiyası bir neçə yerdə təqdim olunmuşdur. Öz tərəfimizdən isə jurnalistin qıcıq, qərəzli və təxribat xarakterli suallar və cənab Prezidentinin verdiyi cavabların qısa təhlilini təqdim etmək istərdik.

- “Cənab Prezident, birinci sualım belədir, nəyə görə SİZ sentyabrın 27-də DAĞLIQ QARABAĞA QARŞI HÜCUMA KEÇMİSİNİZ və bu hərbi hücumun siyasi məqsədləri nədir?”

Səsləndirilən bu sualda əsas iki “təxribat” xarakterli mövqe ortaya qoyulur:

(1) “...siz hücuma keçmisiniz...”. Bununla jurnalist hərbi toqquşmanın məhz Azərbaycan tərəfindən başlanmasını xüsusi olaraq qeyd etmək istəyir. Cənab Prezidentin cavabı elə bu fikrə münasibətlə başlanmışdır.

Cavab: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir”

(2) “...Dağlıq Qarabağa qarşı...”. Burada jurnalist çalışır ki, Dağlıq Qarabağı münaqişənin ayrıca tərəfi kimi görsətsin. Buna dair Prezident heç bir şərh bildərməyək, hər bir fikirdə nəzərə çatdırmışdır ki, münaqişənin tərəfləri Azərbaycan və Ermənistandır.

Növbəti sual: “Onlar Gəncəni ONA GÖRƏ BOMBARDMAN EDİBLƏR Kİ, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər”

Burada səsləndirilən “...Onlar Gəncəni ona görə bombardman ediblər ki,...” ifadəsi Ermənistanın bombardmanına bir bəraət gətirək, bütün oxuyuculara Ermənistanın rəsmi mövqesi ilə üst-üstə düşməyən - məhz Ermənistan tərəfindən bombardmanın həyata keçirilməsinə dair fikri çatdırır. Burada jurnalistə sadəcə “təşəkkür” edə bilərik – Ermənistann rəsmi demədiyi mövqeni Fransa qəzeti deyir.

Cənab Prezident isə öz tərəfindən bu sualı detallı cavablandıraraq, bir daha qeyd etmişdir ki,:

“..Gəncəyə edilən bu hücumlara HAQQ QAZANDIRMAQ OLMAZ və onlar buna görə məsuliyyət daşıyacaqlar”.

Növbəti “təxribat” xarakterli sual: “TÜRKİYƏNİN MÜDAXİLƏSİNİ və TÜRKİYƏDƏN MÜXALİF SURİYA DÖYÜŞÇÜLƏRİNİ qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?”

TÜRKİYƏNİN MÜDAXİLƏSİNİ...” fikrinin xüsusi qeyd olunmasının məqsədi - qərəzlilik xarakteri daşıyır. Bu “təxribatçı” fikrə Cənab Prezindetin qısa və konkret cavabı: “Əvvəla, Türkiyə əsla MÜNAQİŞƏYƏ CƏLB EDİLMƏYİB... ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü SİYASİ DƏSTƏYİ, BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNƏ dəstəyi,” “...TÜRKİYƏDƏN MÜXALİF SURİYA DÖYÜŞÇÜLƏRİNİ qəbul etməklə...”. Bu fikir birmənalı olaraq ermənilərin xəyalpərəstliyi və dezinformasiya yayılmasının nümunəsidir.

Cənab Prezidentin cavabı: “...İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir... Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. HEÇ BİR SÜBUT YOXDUR, HEÇ BİR DƏLİL YOXDUR...”

Aparıcı: “Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, BƏZİLƏRİ TÜRKİYƏDƏN GƏLİR, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İSRAİLİN HƏRBİ AVADANLIĞININ YARDIMI SİZİN ÜÇÜN ÇOX ÖNƏMLİDİRMİ və ONLAR SİZƏ HƏRBİ İRƏLİLƏYİŞİ ƏLDƏ ETMƏYƏ İMKAN VERİRLƏRMİ?”

Bu sualla aparıcı qərəzli olaraq, Azərbaycanın hərbi irəliləyişini məhz digər dövlətlərin hesabına etməsini nümayiş etdirmək istəyir. Cənab Prezident silahlarla bağlı sualı ətraflı cavablandıraraq, xüsusi ilə qeyd etmişdir ki, “...ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”.

Təxribat xarakterli suallar davam edir: “İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. BU MÜBAHİSƏNİ İRANLA HƏLL ETMİSİNİZMİ, İRAN RƏHBƏRLƏRİ İLƏ DANIŞMISINIZMI?” .

Cavab: “... bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İRANDA OLAN QARDAŞLARIMIZ ÜÇÜN ARTIQ HEÇ BİR NARAHATLIQ OLMAYACAQ...”

Sual: “Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda ANTİERMƏNİ POQROMLARI VAR İDİ. Ona görə də ERMƏNİLƏR İNANMIRLAR, DEYİRLƏR Kİ, YAŞAYA BİLMƏZLƏR, Azərbaycan ərazisində yaşamaq üçün, HƏYATLARI ÜÇÜN QORXURLAR”

“...ANTİERMƏNİ POQROMLARI...” dair fikrə canab Prezidnet ətraflı cavab verdi:

“...Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi...”

“...ERMƏNİLƏR İNANMIRLAR, DEYİRLƏR Kİ, YAŞAYA BİLMƏZLƏR... HƏYATLARI ÜÇÜN QORXURLAR...”. Tarixdən nümunələr, analogiya arqumentləri gətirərək, cənab Prezident tutarlı cavab verdi: “...Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var...”

Növbəti sualla Fransa qəzeti öz suallarından bəlkə də ən qərəzli və təxribat xarakterli sualını ünvanlayıb. Sual: “Beləliklə, Siz düşünmürsünüz ki, TÜRKİYƏNİN Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün ERMƏNİSTANI SİLMƏK PLANI VAR?” .

Cənab Prezident suall detallı cavab verərək, xüsusi ilə qeyd etdi ki, “ Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır... Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.”

Sonda aparıcının səsləndirdiyi suallar isə din faktorunu qabartmaqla, iki ölkə arasında olan münaqişə və regionda dinlərin toqquşmasını göstərmək məqsədi ortaya qoyurdu.

Sual: “Qafqaz regionunda DİGƏR XRİSTİAN ÖLKƏSİ olan Gürcüstanla münasibətləriniz necədir? Layihələri icra edərkən Siz DİNİ NƏZƏRƏ ALMIRSINIZ?”

”...Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq...”

“...Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb...”

Beləliklə, 24 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin ölkəmizin Ermənistanla davam edən hərbi münaqişəsi ilə bağlı Fransanın “Figaro” qəzeti ilə müsahibəsində fransız müxbirin və birmənalı olaraq qəzetin qərəzli mövqesi, təxribatçı sualları və tutarsız yanaşmalarını təhlil etdik. Sözsüz ki, daima öz müsahibələri, canlı debatları və çıxışları ilə səlis natiqlik bacarıqları və diplomatik səriştəsi ilə cənab Prezident İlham Əliyev fransız qəzetinin “təxribatı”nın qarşısını tam adekvat formada alaraq, ölkəmizin haqlı mövqeyini bir daha dünyaya nümayiş etdirmişdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...