"ATƏT-in Minsk qrupu - Mayası erməni təəssübkeşliyindən yoğrulanlar" ÖZƏL-MÜNASİBƏT

İndi anlayırsızmı ki, Prezident İlham ƏIiyevin Qoşulmama Hərəkatına önəm verməsi nəyə görə idi?

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri əsl sifətlərini yenidən bütün dünyaya nümayiş etdiriblər. Belə ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında həmsədr dövlətlərin ədalətsiz, qərəzli olmaları bütün çılpaqlığı ilə üzə çıxıb. Sübut olundu ki, bitərəf deyillər, onlar yenə də bütün beynəlxal hüququ tapdalayaraq açıq-aşkar işğalçının tərəfini tuturlar". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, açıqlanan rəsmi məlumata əsasən, oktyabrın 19-da BMT TŞ-nın Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb: "Amma təəssüf ki, həmin bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə heç bir istinad yoxdur.

TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etsə də, həmsədr ölkələr öz xislətlərinə sadiqlik göstərərək bunun qəbuledilməz olduğunu bildiriblər.

Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Yalnız bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri götürmək məcburiyyətində qalıblar.

Bax, budur həmsədr dövlətlərin əsl siması!!! 30 ilə yaxın müddətdə münaqişəni tənzimləməli olan qurumun belə bir mövqe tutması çox mətləblərə aydınlıq gətirir. Şübhə yeri qalmır ki, bu dövlətlərin özü illərdir münaqişənin həllini uzatmaqla, işğalçını himayə etməklə məşğul olub. Ermənistan isə belə bir himayəni hiss edib, arxayınlaşıb, silahlanıb, beynəlxalq hüququ ayaqlar altına alıb.

Vurğulamaq yerinə düşər ki, son 25 ildə ilk dəfə idi Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Bu imkan verirdi ki, nəhayət həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi ədalətli olsun. Amma nə yazıqlar ki, bəyanat onların indiyə qədərki fəaliyyətindən uzağa getməyib.

Gəlin baxaq, nə var bu layihədə: atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş və insanların iyrəndiyi söz yığını. Ən əsası isə bu mətndə işğalçı və işğala məruz qalan ölkə arasında heç bir fərq qoyulmayıb.

Bir daha o nəticəyə gəlirik ki, həmsədr ölkələr heç bir halda dəyişməyəcək. Bu dövlətlərin mayası erməni təəssübkeşliyindən yoğrulub. Ən ali tribunada əyləşib beynəlxalq hüququ müdafiə etməyə borclu olanlar TŞ qətnamələrinə bu şəkildə yanaşmamalı idilər.

Təkcə onu xatırlatmaq vacibdir ki, TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilən zaman hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verib. İndi niyə səs verdikləri TŞ qətnamələrindən bu dərəcədə çəkinirlər? Çünki bir tərəfdə bu qətnamələr, digər tərəfdə erməniləri müdafiə etmək siyasəti heç cür üst-üstə düşmür.

Özünün səsinə, imzasına hörmət etməyən, özü-özünü təhqir edən həmsədr ölkələrin bundan sonra hansı bəyanatı, sözü inandırıcı ola bilər? Azərbaycan cəmiyyəti Minsk Qrupuna nifrətində haqlı deyilmi?

Diqqət edək, nə yazılıb TŞ qətnamələrində? Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır! Yəni, TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi.

Amma nə baş verdi? 30 ilə yaxın zamanda qətnamələri heçə sayan işğalçı ölkəyə təzyiqlər göstərilmədi, ona qarşı sanksiyalar qoyulmadı. Əksinə himayə olundu, silahlandırıldı! Kim tərəfindən? Məhz həmsədr ölkələr tərəfindən!

Və bu himayədən azğınlaşan Ermənistan beynəlxalq hüquqa, TŞ qətnamələrinə tüpürərək öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı göz önündədir: Ermənistan və Minsk Qrupunun həmsədr ölkələri.

İndi bütün bu ədalətsizliyə, ikiüzlülüyə son vermək üçün Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edir və nəticə etibarilə qeyd etdiyimiz qətnamələrin icrasını təmin etməkdədir. Azərbaycan öz mövqeyində o qədər haqlıdır ki, dünyanın ikiüzlüyüyü, ədalətsizliyi bu haqq uğrunda mübarizədə qarşımızda aciz qalacaq!

BMT TŞ da tamamilə mənasız bir quruma çevrildiyini hər addımda sübut etməkdədir. TŞ daimi üzvlərinin girovuna çevrilərək ancaq çirkin siyasi konyuktura ilə məşğul olur. Tam anti-demokratik mühit burada hökm sürür. Maraqlıdır, Şurada Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr niyə yoxdur? Və ya hansı səbəbdən TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyinin müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələrə tapşırılması nə dərəcədə ədalətlidir?

BMT TŞ-də biabırçı bəyanat layihəsinin qəbuluna imkan verməyən Qoşulmama Hərəkatının ölkələrinə isə minnətdarlıq düşür. Bu ölkələr ədalətin, beynəlxalq hüququn yanında yer almaqla həm də Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər.

Burada xüsusi vurğulanmalı məqam Hərəkatın bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktora çevrilməsidir.

Əgər xatirinizdədirsə, bir sıra müxalifət nümayəndələri, xaricə sığınıb siyasətdən heç nə anlamayanlar vaxtilə “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış fikirlər ortaya atmaqla ictimai rəyi çaşdırırdılar. Dərk etmirdilər ki, bu qurum məhz belə anlar üçün lazımdır. Anlamırdılar ki, Prezident İlham Əliyev ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasət yürüdür. Ədalətsiz bəyanatın qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Azərbaycanın qısa müddət ərzində qazandığı nüfuz və inama görə bu hərəkata sədr seçilməsi, ölkəmizin bu qurumda aktiv rolu öz bəhrəsini verməkdədir. İndi anlayırsızmı ki, Prezident İlham ƏIiyevin QH önəm verməsi nəyə görə idi?".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə