Azərbaycan dünya birliyini belə xilas etdi - III Yazı

Dağılmaqda olan dünya birliyi, nüfuzunu itirmiş BMT, ATƏT kimi beynəlxalq təşkilatlar Azərbaycanın sayəsində öz mövqelərini qaytara, dünya sürükləndiyi fəlakətdən qurtula bilər. Necəmi? Bu yazıda izah edəcəyik.

(Əvvəli burada)

1-ci yazı - https://sia.az/az/news/politics/833362.html

2-ci yazı - https://sia.az/az/news/politics/833599.html

Əvvəlki hissələrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT-nin məlum və məşhur 4 qətnaməsinin 3-ü haqda danışmış və bu qətnamələrin nəyə səbəb olduğunu göstərmişik. Bu hissədə sonuncu 4-cü qətnamə öncəsi və sonrası vəziyyəti təhlil edəcək və mövzunun əsas sualına tam cavab vermiş olacağıq.

Fövqəldövlətlərdən fövqəlyardım alan Ermənistan

Demək, 3 qətnamənin hər birindən sonra daha da azğınlaşan Ermənistan hərbi üstünlüyündən istifadə edərək yeni-yeni rayonları işğal etməyə başlamışdı. Xüsusən də, BMT TŞ-nin 3-cü qətnaməsindən sonra təkcə Horadiz şəhərinin deyil, həm də Qarabağdan uzaqda, İran sərhəddində yerləşən Zəngilan rayonunun da işğalı Yerevanın dünya birliyinə və “şəxsən” BMT-yə açıq şəkildə “rədd ol” komandası vermək idi.

Bu arada Ermənistan ordusu üçün Amerika və Fransa tərəfindən əsasən Yaxın Şərqdən yılğılmış yüzlərlə “nayomnikin” göndərildiyi, İrəvana maliyyə və hərbi yardımlar edildiyi də ortaya çıxdı. Buraya Ermənistanın keçmiş Sovet Ordusundan qalan çoxlu silah və texnikaya sahib olmasını da əlavə etsək, Azərbaycanın hansı şərtlərdə müharibə apardığı aydın olur.

Rusiya SSRİ-nin dağılmasından sonra xoasa və anarxiyaya sürəkləndiyi bir vaxtda öz başının hayında olsa da, Ermənistan ondan da bəhrələnmək üçün hər şeyi edirdi. Öz ərazisində nəzarətsiz qalmış keçmiş Sovet hərbi bazalarının komandirlərindən pulla müxtəlif silah-texnika əldə edirdi. Rüşvətə bulaşmış həmin hərbi hissə komandanlıqları isə bu silah və texnikanın “spisat” olduğu, bəzilərinin isə Qarabağda erməni “ekstremistlər”i tərəfindən oğurlandığı və zəbt edildiyi haqda Moskvaya məlumat verirdilər. Yeri gəlmişkən, Xankəndidəki 366-cı alayda da belə olmuşdu. Ermənilər tarixin ən qəddar genosid aktında bu hərbi hissədən aldıqları silah-texnikadan və onun erməni mənşəli hərbçilərindən də istifadə etmişdilər.

Ən dəhşətli də odur ki, bu dəhşətli soyqırımın həyata keçirildiyi ildə- 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən düzəliş qəbul edilmişdi. Çox qəribə və gülməli idi ki, düzəlişin “Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə” qəbul edildiyi qeyd olunurdu.

Beləliklə, SSRİ-nin dağılmasından sonra dünyada yeganə arbitr kimi qalmış və Şərq bloku ölkələrinin demokratiya və ədalət gözlədiyi ABŞ qonşu ölkəyə və xalqa qarşı açıq soyqırım həyata keçirən işğalçı Ermənistana yox, işğala və terrora məruz qalmış Azərbaycana qarşı sanksiya tətbiq edir...

Üstəlik, nəinki Ermənistana öz dövlət büdcəsindən rəsmi yardımlar ayrır, hətta Qarabağdakı terrorçu rejimə də hər il öz dövlət büdcəsindən ayrıca yardımlar verir. Bu rəsmi yardımlar həm də Amerikadakı erməni lobbisinin qeyri-rəsmi xətlərlə etdiyi fasiləsiz yardımları ilə müşayiət olunur.

Fransa başda olmaqla Qərbi Avropa ölkələrindən də həm rəsmi, həm də qeyr-rəsmi kanallarla ciddi maliyyə yardımları və silah-texnika alan Ermənistan öz ordusunu daha da gücləndirmək imkanı əldə edir. Fransa həbsxanalarından azad edilmiş residivistlərin Qarabağa Ermənistan tərəfindən döyüşməyə göndərilməsi haqda faktlarla yanaşı, Fransa şirkətlərinin orada fəal işləməsi də Ermənistan üçün böyük dəstək idi.

Belə bir fonda dünyanın yeganə güc mərkəzi kimi qalmış NATO bloku dövlətlərinin də açıq siyasi, hərbi və iqtisadi dəstəyini alan Ermənistan işğalçılıq hərəkətlərini genişləndirməsi təəccüblü deyildi.

Beləliklə, BMT TŞ-nin 3-cü qətnaməsindən sonra daha 2 şəhəri və onlarla kəndi işğal edən Ermənistana qarşı yenə də heç bir ciddi tədbir görülmür, sadəcə qətnaməbazlıq prosesi davam edir.

Artıq bu müharibənin qarşısını almaqda heç bir təsirə malik olmadığına və yalnız tövsiyyə xarakterli kağız-kuğuz yazmaqdan o yana keçə bilmədiyinə görə dünyada gülüş hədəfinə çevrilmiş olan BMT TŞ 4-cü və sonuncu qətnaməni elan edir- oxuyaq, görək orda nədən söhbət gedir.

BMT TŞ-nin 4 qətnaməsinə tüpürən Ermənistan

11 noyabr 1993-cü il tarixdə Təhlükəsizlik Şurası özünün əvvəlki 3 qətnaməsini təsdiq edərək,... Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını təşvişlə qeyd edərək, Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiq edərək,..:

1. Tərəflərin qəbul etdiyi atəşkəsin bu yaxında hərbi əməliyyatların yenidən başlanmasına səbəb olmuş pozulmasını, o cümlədən Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını, dinc sakinlərə hücumları və Azərbaycan Respublikası ərazilərini atəşə tutmasını pisləyir;…

4. ... "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli"nə əsasən hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını, işğalçı qüvvələrin Zəngilan rayonundan və Horadiz şəhərindən birtərəfli surətdə çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxında işğal olunmuş rayonlarından qəsbkar qüvvələrin çıxarılmasını maraqlı tərəflərdən tələb edir;…

6. Yenidən təkidlə regionun bütün dövlətlərini münaqişənin böyüməsinə, regionda sülhü və təhlükəsizliyi poza biləcək hər hansı bir düşmənçilik aktından, hər hansı bir müdaxilədən çəkinməyə çağırır;

7. Baş katibdən və müvafiq beynəlxalq təsisatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsini, qaçqınlara və məcburi köçkünlərə öz evlərinə ləyaqətlə və təhlükəyə məruz qalmadan qayıtmasına kömək etməyi xahiş edir;…

O məşhur kinoda (“Uzaq Sahillərdə” filmində) deyildiyi kimi, “yenə də həmin dalğa, həmin koordinat”. Yenə də, eyni iclas zalı, eyni çağırışlar, eyni təəssüflər, eyni kağız qaralama prosesi… Ermənistan 4-cü qətnaməyə də tüpürür və bunu hərəkətləri ilə açıq bəyan edir.

Müharibə isə davam edir. İşğalın miqyası genişlənir, qaçqın və köçkünlər ordusuna yeni yüz minlər əlavə olunur, çadır şəhərciklərində yerləşdirilmiş yarım milyonluq günahsız insanlar “ordusunun” yükünü təkbaşına çəkməkdə olan Azərbaycan dövlətinə beynəlxalq humantir təşkilatlar bir qədər yardımda bulunur.

Yarım il də keçir və 94-ün mayında atəşkəs əldə olunur. Buna qədər BMT artıq qətnamələrin bir işə yaramadığını və bütün dünyanın bunu lağa qoymasından sonra yeni qətnamə qəbul etməyi dayandırır və prosesi ATƏT-in Minsk qrupu adlı mənasız və səlahiyyətsiz qrupun üzərinə ataraq gedir işinin dalınca…

Azərbaycan dünya birliyini və BMT-ni belə xilas etdi

Beləliklə, Ermənistanın Azərbaycana qarşı 5 il ərzində apardığı işğal, soyqırım və terror kampaniyası nəticəsində 12 rayon işğal olunur, 1 milyon azərbaycanlı öz tarixi torpaqlarından qaçqın-köçkün düşür, 20 min nəfər azərbaycanlı öldürülür, 50 min nəfər şikəst qalır, on minlərlə insan xəstəliklərdən və yaralardan sonrakı illərdə həlak olur, yüz minlərlə insan qaçqın şəhərciklərində uzun illər sərt qışı və qaynar yayı keçirməyə məhkum olur, Azərbaycan (indiki qiymətləındirmə ilə) 300 milyard dollarlıq iqtisadi zərərə məruz qalır…

Dünya birliyi isə yalnız bəzi qaçqın şəhərciklərinə dava dərman və ərzaq göndərməklə işini bitmiş hesab edir.

Çox uzun illər keçir. Azərbaycan Prezidenti və hökuməti bu müddət ərzində mümkün olan bütün vasitələrlə problemi danışıqlar yolu ilə həll etməyə çalışır, ən yüksək güzəştlər elan edir, sülh üçün ən son imkanlardan da belə istifadə edir. Lakin həmin bu Minsk üçlüyü və Ermənistan danışıqları uzadaraq Azərbaycanı 20 faiz ərazisinin itirlməsi faktını rəsmi etiraf etmək məcburiyyətində qoymaq istəyir. “Münaqişənin hərbi həll yolu yoxdur” kimi absurd bəyanatlar verən bu üçlük, siyasi yolla da həllini təmin etmir…

Lakin nə xalq, nə də dövlət buna razılaşmır, səbrlə “o günü” gözləyir. Azərbaycan beynəlxalq hüququn heç bir işə yaramadığını görüb səbrlə iqtisadi və hərbi gücünü artırır, siyasi-diplomatik hərəkətlərlə özünün gözlənilən fəaliyyətinə qanuni zəmin olduğunu dünya birliyinə yeridir, Ermənistanın regionda bütün iqtisadi layihələrdən kənarda qalmasını və zəifləməsini təmin edir…

Artıq 2020-ci ilin payızıdır. Atəşkəsdən çox uzun müddət keçib- 25 ildən çox. Bu dövrdə 25 qlobal problemi həll etmək mümkün idi. Lakin “dünya birliyi” tərpənmir. Beynəlxalq hüquq işləmir. Bu halda yeganə çıxış yolu qalır- dünyanın iradəsinin, yəni, BMT qətnamələrinin həyata keçirilməsini öz gücü ilə təmin etmək.

Ermənistan liderinin “Qarabağ Ermənistanındır” deyərək sülh üçün son şansı da birdəfəlik məhv edən son bəyanatları və Qarabağdakı hərəkətləri Bakının onsuz da ağzınacan dolmuş səbr kasasını daşırır…

Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri Qarabağda anti-terror əməliyyatlarına start verir, Ermənistan ordusunun işğal etdiyi yerlərdən qovulması prosesi başlayır. 1 ay keçməmiş Ermənistanın demək olar ki, bütün ordusu, hərbi arsenalı, həmçinin orada Ermənistan tərəfindən döyüşən PPK terror dəstələri tam darmadağın edilir. Fransa istisna olmaqla, bütün fövqəldövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edən bəyanatlar verir. Dünya güclə hesablaşmağa öyrəşib…

Bir az sonra Fransa lideri Makron da sərt ritorikasından geri çəkilir və reallıqla razılaşmağa məcbur olur. Artıq Ermənistan tam təklənmiş, müharibənin bütün cəbhələrində- siyasi-diplomatik, hərbi-döyüş, informasiya və təbliğat cəbhələrində məğlubiyyətə uğramış vəziyyətdədir. Uzun illərdir ki, davam edən iqtisadi böhranın kulminasiyası, sosial fəlakətin astanasına gətirilmiş erməni xalqı, darmadağın edilmiş ordu, itirilmiş beynəlxalq mövqelər…

Artıq proses sona yaxınlaşır, kapitulyasiya üçün bütün şərtlər hazırdır. Qalır təslim olmaq və onu imzalamaq. Epoxa bitmişdir…

YEKUN: Azərbaycan işğal edilmiş Qarabağı güc yolu ilə geri qaytarmaqla təkcə özünün problemini həll etmir, həm də dağılmaqda olan dünya birliyini xilas etmiş olur. BMT-nin, ATƏT-in qətnamələrinin yerinə yetirilməsini təmin etməklə dünya ictimaiyyətində rəğbət qazanır, beynəlxaq arenada öz nüfuzunu artırır.

Ümumilli lider uzun illər qabaq “Azərbaycan dünyaya Günəş kimi doğacaq” dedikdə çoxları bu sözlərin adi bir şüar olduğunu düşünmüşdü. Lakin ay dolandı, il keçdi… və Azərbaycan dünyaya Günəş kimi doğdu. Dağılmaqda olan dünya birliyini xilas edərək…

Son

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...